Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən info-tur təşkil olunub - FOTOLAR

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən "Əmlak Xidmətləri Məkanı ictimaiyyət nümayəndələri və medianın gözü ilə" adlı info-tur və açıq qapı günü keçirilib.

Metbuat.az-ın məlumatına görə info-tur zamanı vətəndaşlara göstərilən xidmətlər əyani nümayiş etdirilib, prosedurlar izah olunub, iştirakçıların Məkanda göstərilən xidmətlərlə bağlı sualları cavablandırılıb. Məqsəd Komitənin göstərdiyi bütün xidmətlərin beynəlxalq standartlar əsasında vətəndaşlara vahid məkandan təqdim edilməsi, tətbiq edilən yeniliklər və elektron idarəetmə mexanizmi ilə ictimaiyyətin, QHT nümayəndələrinin, jurnalistlərin, ekspertlərin tanışlığı və onların məlumatlandırılmasıdır. Əmlak idarəçiliyi sahəsində, o cümlədən, özəlləşmə, torpaq, kadastr, ünvan və qeydiyyatla əlaqədar göstərilən funksional xidmətlərin əlçatanlığının nümayişi tədbirin əsas vəzifələrindəndir.

İnfo-tur çərçivəsində ictimaiyyət nümayəndələri və jurnalistlər ilk dəfə olaraq burada baş tutan hərracın keçirilmə zalında olublar. Ərazilərin təşkili üzrə Auikson Mərkəzinin direktoru Faiq Məlikli bildirib ki, ötən il 600 hərrac keçirilib, ümumilikdə 2000 dövlət əmlakı satılıb. Onlayn sifarişlərin sayı 900-ə yaxın olub. Ümumilikdə 50-yə yaxın dövlət əmlakı satılıb.

Qeyd edək ki, virtual özəlləşmə prinsipini reallaşdıran elektron hərrac sistemi vasitəsilə investor ölkədə və ya xaricdə olmasından asılı olmayaraq sifariş verdiyi əmlakı hərrac günü onlayn olaraq özəlləşdirə bilir. Komitənin elektron xidmətlər portalı üzərindən qeydiyyatdan keçmədən özəlləşdirmə hərraclarını onlayn rejimdə izləmək imkanı da mövcuddur. İnvestorlar isə özəlləşməyə çıxarılan əmlaklarla bağlı bütün məlumatları "Özəlləşdirmə portalı" vasitəsilə əldə edirlər. Portalda hərracları canlı izləmək, habelə prosesə onlayn qatılaraq özəlləşmədə iştirak etmək mümkündür. Daha sonra media nümayəndələri keçirilən real hərracı canlı olaraq izləyiblər. Budəfəki əmlakda 30 əmlaka 36 sifariş verilib. Hərracdan sonra tədbir iştirakçıları Məkanın fəaliyyət prinsipi ilə tanış olublar.

Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəisi Hikmət Mustafayev bildirib ki, Əmlak Xidmətləri Məkanına bu günə qədər 20 mindən çox müraciət daxil olub: “Gün ərzində Əmlak Xidmətləri Məkanında 1000-dək vətəndaş müxtəlif əməliyyatlardan istifadə edir. Yüksəkixtisaslı 100-dək işçi həftənin bütün günləri məkana üz tutan insanlara müvafiq xidmətlər göstərir”.

H.Mustafayevin sözlərinə görə, ƏXM-da ümumilikdə Komitənin fəaliyyət sahələrinə uyğun 46 xidmət vətəndaşlara daha operativ göstərilməklə onların işini sadələşdirir. Vətəndaşlar torpaq və qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, əmlakın özəlləşdirilməsi, qiymətləndirilməsi, daşınmaz əmlakla bağlı alqı-satqı əməliyyatlarının birbaşa həyata keçirilməsi, kadastr və yerquruluşu planlarının hazırlanması, o cümlədən, daşınmaz əmlak və ünvan reyestri ilə bağlı arayışların verilməsi xidmətlərindən yararlanan bilərlər. Həmçinin daşınmaz əmlakın sığortalanması xidmətləri də həyata keçirilir.

Dövlət Reyestr Xidmətinin rəisi qeyd edib ki, gələcəkdə məkan arealını genişləndirməklə Gəncə-Qazax, Quba-Xaçmaz, Şirvan, Cənub bölgələrini də əhatə edəcək.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev bildirib ki, Əmlak Xidmətləri Məkanında göstərilən xidmətlərin hansı formada aparıldığının şahidi olduq: “Qeyd etməliyəm ki, hərraclar çox şəffaf şəkildə həyata keçirilir. İstənilən şəxsin həm onlayn müşahidə etmək imkanı var, həm də onlayn qoşulmaq imkanı. Bu tamam yenilikdir. Eyni zamanda da xidmətlərlə bağlı məsələlərlə tanış olanda gördük ki, burada xidmətlərin tam dəsti həyata keçirilir. Vətəndaş əlavə vəsait sərf etmədən rahat şəkildə gəlib o xidməti ala bilər. Dəqiq vaxtlar da müəyyənləşdirilir ki, vətəndaş həmin vaxt xidmətlə bağlı sənədləri ala bilsin. Hesab edirəm ki, bu, çox mühüm məsələdir”.

Qeyd edək ki, binada könüllülər masası yaradılıb və onların xidmətlərindən istifadə olunur. Vətəndaşların məlumatlı olması üçün informativ monitorlar, tablolar da quraşdırılıb. Xidmətdən yararlanmaq üçün elektron növbəlilik prinsipi həyata keçirilir. Hər hansı bir əməliyyatı yerinə yetirmək istəyən vətəndaş sıra nömrəsini monitorlarda görə bilər. BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq binada fiziki məhdudiyyətli şəxslərin sərbəst hərəkəti üçün də bütün şərait var. Tədbir iştirakçıları bəzi xidmətlərin, elektron informasiya sistemlərinin iş prinsipi ilə də əyani tanış olub. Bina müasir İKT avadanlığı ilə təchiz edilib. Elektron idarəetmə sistemini həyata keçirən qurğular vasitəsilə xidmətlər daha dəqiq, prosedurlar sürətlə yerinə yetirilir.

Daşınmaz əmlakın qeydiyyatı üzrə ödənilən xidmət haqqının və dövlət rüsumunun öyrənilməsi ilə bağlı "Əmlak kalkulyatoru" və "Elektron çıxarışın yoxlanması" kimi vətəndaşlara maraqlı olan digər elektron xidmətlər monitorda nümayiş edilib. Qeyd edilib ki, "Elektron çıxarış" sisteminin istifadəsi ilə vətəndaş-məmur ünsiyyəti olmadan, "virtual əl" prinsipi ilə çıxarışlar əldə olunur. Məkanda xidmət haqqının və dövlət rüsumunun ödənilməsi üçün terminallar da quraşdırılıb. Ünvan məsələri ilə bağlı bütün göstəriciləri bir virtual platformada cəmləşdirən "Ünvan portalı"nın da iş mexanizmi nümayiş olunub.

Məlumat verilib ki, vətəndaşlar, dövlət qurumları və hüquqi şəxslər ünvanlarla bağlı rəqəmsal şəkildə toplanmış bütün məlumatları rəsmi, fasiləsiz və çevik qaydada Portaldan əldə edə bilirlər. Bundan başqa "Kadastr kalkulyatoru" xidmətinin üstünlükləri izah olunub. Bu xidmətlər vətəndaşlar, fiziki və hüquqi şəxslər əmlakla bağlı kadastra dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya bilirlər. İnzibati binada uşaq oyun sahəsi, kafe, kitabxana da fəaliyyət göstərir.

Günay Elşadqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR