​“Sabahın alimləri” - VIII Respublika müsabiqəsinin açılışı oldu - FOTOLAR

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi keçirilib.

Metbuat.az-ın məlumatına görə, açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlar, tətbiq olunan kurikulumlar yeni düşüncəli, geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib. Məhəbbət Vəliyeva “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq gənclərin potensialının inkişaf etdirilməsinin əsas strateji hədəflərdən biri olduğunu vurğulayıb:

"Ölkəmizdə səkkizinci dəfə keçirilən “Sabahın alimləri” müsabiqəsi gənclərin diqqətini yaşadığımız mühitdə olan problemlərə və onların həllinə yönəldir. Müsabiqədə iştirak şagirdlərin sonrakı inkişafına müsbət təsir göstərir. Ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş məzunlardan 42 nəfəri son iki ildə keçirilmiş “Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Onlardan bir qismi yüksək nailiyyətlərlə ali təhsil müəssisələrində və xarici ölkələrin tanınmış universitetlərində təhsillərini davam etdirirlər".

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliğatı departamentinin direktoru Məhəbbət Mehdiyeva, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, BP-nin ünsiyyət və sosial sərmayələr üzrə meneceri Tamam Bayatlı ölkədə həyata keçirilən gənclər, təhsil və elm siyasətinin uğurlarından danışıb, müsabiqənin gənclərin istedad, bacarıq və potensialının üzə çıxarılması baxımından əhəmiyyətli olduğunu qeyd ediblər. Daha sonra qonaqlar stendlərə baxış keçiriblər. Qeyd edək ki, təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqənin final mərhələsində indiyədək 1187 şagird iştirak edib, onlardan 529 nəfəri müxtəlif mükafatlarına layiq görülüb. Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. Müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Bu il müsabiqədə iştirak etmək üçün 225 layihə təqdim olunub. Elmi Ekspertiza Komissiyasının rəyi əsasında müsabiqəyə 187 layihə üzrə 311 şagird buraxılıb. İştirakçıların 83 nəfəri IX, 120 nəfəri X, 108 nəfəri XI sinif şagirdidir. Müsabiqə iştirakçılarının 173-ü oğlan (55,6%), 138-i (44, 4 %) isə qızdır. Layihələrdən 63-ü fərdi, 124-u isə kollektiv işlənilmiş layihələrdir. Müsabiqəyə vəsiqə qazanmış layihələr sırasında mühəndislik kateqoriyası üstünlük təşkil edir (38 layihə). Layihələrin qiymətləndirilməsi alimlərdən ibarət Münsiflər Heyəti tərəfindən həyata keçiriləcək. Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunacaq. Ən yaxşı layihələrin qalibləri Amerika Birləşmiş Ştatlarında hər il dünyanın 75 ölkəsindən 1800-dən çox şagirdin qatıldığı İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcəklər. Bu günədək qaliblər sırasından seçilən 41 ən yaxşı layihənin müəllifləri 1 dəfə bu müsabiqənin əsas mükafatlarından birini, 5 dəfə isə xüsusi mükafatları, o cümlədən, Beynəlxalq Tətbiqi Geofizika Cəmiyyətinin, YUNESKO-nun nəzdində Ukrayna Milli Mərkəzi-Kiçik Elmi Akademiyasının, Qətərin Tədqiqatlar və İşləmələr Fondunun, Orakl Akademiyasının mükafatlarını alıblar.

Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir. “Sabahın alimləri” VIII Respublika müsabiqəsi fevralın 14-də başa çatacaq.

Günay Elşadqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR