Gürcüstan gimnastı: Milli Gimnastika Arenasında bütün yarışlara hazırlıq üçün yaxşı şərait yaradılıb

Gürcüstan gimnastı: Milli Gimnastika Arenasında bütün yarışlara hazırlıq üçün yaxşı şərait yaradılıb
16:43 12 Fevral 2019
58 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında çox yaxşı şərait yaradılıb.

Bunu Trend-ə Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçısı, Gürcüstan gimnastı Lyuba Qolovina deyib.

L.Qolovina bildirib ki, Bakıda məşqlər planlaşdırıldığı kimi davam edir:

“Milli Gimnastika Arenasında bütün yarışlara hazırlıq üçün yaxşı şərait yaradılıb. İdmançılar üçün rejim, qidalanma çox vacibdir, burada da bizim üçün bu şərtlər mövcuddur”.

Öz şansları barədə danışan gimnast yaxşı nəticəyə ümid etdiyini deyib:

“Mən əvvəlcədən qələbə şanslarım barədə danışmağı sevmirəm, amma hər bir idmançı yarışa qələbə və medal üçün gəlir. Mən də əlbəttə ki, bunun üçün hazırlaşıram və yalnız yaxşı nəticəyə ümid edirəm”.

Qeyd edək ki, Bakıda fevralın 16-17-də batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku yarışı keçiriləcək.

Turnirdə 31 ölkədən 200-dən artıq gimnastın mübarizə aparacağı gözlənilir. 2019 və 2020-ci illərdə Tokio Yay Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 8 Dünya Kuboku yarışı keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə ev sahibliyi edəcək.

Ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) təşkil olunub. Bu il baş tutacaq yarışa marağın səbəbi isə kubokun təsnifat xarakterli olmasıdır.

Ölkəmizi turnirdə batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz Mixail Malkin təmsil edəcəklər.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3018384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR