ƏƏSMN-in Şabran və Siyəzən rayonları üzrə Tibbi-Sosial Ekspert Komissiyası da yeni inzibati bina ilə təmin edildi

13:33 14 Yanvar 2015
129 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Yanvarın 14-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Şabran və Siyəzən rayonları üzrə 14 saylı Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) müasir tələblərə uyğun iş şəraitinə malik yeni inzibati bina ilə təmin edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, binanın istifadəyə verilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov nazirliyin yerli strukturlarında əhaliyə xidmət şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində son yarım ildə artıq 15 bölgə üzrə TSEK-lərin müasir iş şəraiti təmin olunduqlarını bildirib. Nazir müavini qeyd edib ki, həmin komissiyalar eyni zamanda tibbi-sosial ekspertiza xidməti üçün müasir tibbi avadanlıqlarla da təmin edilirlər. Bütün bunlar vətəndaşların normal iş şəraitində əlillik müayinələrinin aparılmasına, onlara keyfiyyətli xidmət göstərilməsinə imkan verir.

Bununla yanaşı, ƏƏSMN-nin eyni bölgə üzrə strukturları bir inzibati binada yerləşdirilir ki, bu da vətəndaşların nazirliyin fəaliyyət sahələri ilə bağlı yalnız bir ünvana müraciət etməsinə, onlara əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı vahid məkandan xidmətlərin göstərilməsinə şərait yaradır. Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemindən də söz açılaraq, bildirilib ki, bu sistem əlillik təyinatı prosesində aidiyyatı təşkilatlar arasında müvafiq məlumatların elektron şəkildə mübadiləsinə xidmət edir. Bu da həmin təşkilatlar arasında kağız arayışların daşınması praktikasına son qoyulmasına, nəticədə əlillik təyinatında məmur-vətəndaş münasibətlərinin minimuma enməsinə və şəffaflığın təmin olunmasına yönəlib.

Həmçinin sistem üzərində yaradılmış elektron məlumat bazasına əlillik müayinəsinin nəticələri ilə bağlı məlumatlar daxil edilir. Bununla da hər hansı əlillik təyinatı ilə bağlı məlumatın aidiyyatı orqan tərəfindən məhz həmin bazadan elektron yolla əldə edilməsinə imkan yaranır.

Tədbir zamanı TSEK-in yeni iş şəraitinə və tibbi avadanlıqlarına, aparılan ayrı-ayrı əlillik müayinəsi işlərinə, əlillik müayinələrinin nəticələri ilə bağlı elektron məlumat bazasına müvafiq məlumatların daxil edilməsi prosesinə baxış olub. Sonda TSEK-in kollektivinə əhaliyə xidmətin daim yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıqlar verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR