Azərbaycanda ali məktəblərdə ixtisaslar nə üçün ləğv edildi?

Azərbaycanda ali məktəblərdə ixtisaslar nə üçün ləğv edildi?
11:48 14 Fevral 2019
170 Digər
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibbtəhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” zamanı mövcud 175 ixtisasın sayı 148-ə qədər azaldılıb.

Publika.az xəbər verir ki, bu sözləri təhsil nazirliyinin şöbə müdiri Yaqub Piriyev nazirliyin saytına müsahibəsində deyib.

Şöbə müdiri bildirib ki, yeni qərarla 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb:

“Bir sıra ixtisasların adları müasirləşdirilib, Avropa universitetlərinin təcrübəsinə uyğunlaşdırılıb. Bəzilərinin adlarında dəyişiklik olmasa da, onların təhsil proqramlarının məzmunun təkmilləşdirilməsi nəzərdə tutulub. Tvinninq layihəsi çərçivəsində 15 ixtisasın tamamilə yeni məzmunlu təhsil proqramının hazırlanması planlaşdırılır. Dar ixtisaslaşmanı əhatə edən bir neçə uyğun ixtisaslar birləşdirilib. Müasir tələbata uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb. Əmək bazarının tələbatına uyğun bir sıra yeni ixtisaslar əlavə edilib.Ümumilikdə, təsnifatın yenilənməsində əsas məqsəd beynəlxalq təcrübəyə və müasir əmək bazarının tələblərinə uyğun yeni məzmunlu təhsil proqramlarının hazırlanması və ali təhsil müəssisələrində tətbiqindən ibarətdir”.

Y.Piriyev bildirib ki, təhsil ixtisasları qrupunda olan 22 ixtisasdan biri (Rəqs müəllimliyi) çıxarılıb, iki ixtisasın isə adında dəyişiklik edilib:

“Humanitar və sosial ixtisaslar qrupunda olan 17 ixtisasdan biri(Antropologiya)çıxarılıb, iki ixtisas (Kitabşünaslıq və Kitabxanaçılıq və informasiya) isə bir ad altında birləşdirilib. Hazırda bu qrupda 15 ixtisas var. Mədəniyyət və incəsənət ixtisasları qrupunda olan 21 ixtisasdan 8-i müxtəlif sahələri əhatə etdiyindən və bəzi hallarda həmin sahənin adı ixtisasın adı kimi təsnifatda qeyd olunduğundan (məsələn, Solo oxuma, Estrada sənəti,Kinoşünaslıq, Teatrşünaslıq və s.) bu ixtisaslar bir ad altında birləşdirilib və onlara“sahələr üzrə” sözləri əlavə edilib. Hazırda bu qrupda 18 ixtisas var.
İqtisadiyyat və idarəetmə ixtisasları qrupunda 12 ixtisasdan 3-ü digər uyğun ixtisaslarla demək olar ki, eyni məzmun təşkil etdiyindən (məsələn, Dünya iqtisadiyyatı və İqtisadiyyat, Biznesin idarə edilməsi və Kommersiya) onlar birləşdirilmiş və beynəlxalq təcrübəyə uyğun ad qoyulub. Mühasibat uçotu və audit ixtisasının adı“Mühasibat” olub, “Beynəlxalq ticarət və logistika” adlı tamamilə yeni ixtisas əlavə edilib. Hazırda bu qrupda 10 ixtisas var.
Təbiət ixtisasları qrupunda ixtisasların adları məqsədəuyğun hesab edilib və bu səbəbdən burada heç bir dəyişiklik edilməyib, yalnız “Biotexnologiya” adlı yeni bir ixtisas əlavə edilib. Hazırda bu qrupda 11 ixtisas var”.

Şöbə müdirinin sözlərinə görə, texniki və texnoloji ixtisasları qrupunda əsaslı dəyişikliklər edilib:

“Belə ki, məzmunca eynilik təşkil edən bəzi ixtisaslar birləşdirilib və daha müasir adlarla adlandırılıb, bəziləri dar ixtisaslaşmanı əhatə etdiyindən çıxarılıb. Beləliklə, 41 ixtisas ləğv edilərək, 18 yeni adlı ixtisaslar yaradılıb. Eyni zamanda 8 adda tamamilə yeni ixtisas əlavə olunub. 59 ixtisasın sayı 40-a qədər azaldılıb. Kənd təsərrüfatı ixtisasları qrupunda mövcud 12 ixtisasdan 4-ü adını dəyişib,1-i çıxarılıb və 3 yeni ixtisas əlavə edilib. Nəticə etibarilə ixtisasların sayı 11 olub. Səhiyyə, rifah və xidmət ixtisasları qrupunda da ciddi dəyişikliklər edilib.Mövcud 9 ixtisasdan 3-ü (Həkim yardımçısı, Bədən tərbiyəsi və idman və Turizm və otelçilik) çıxarılıb, 1-i adını dəyişmiş və 6 yeni ixtisas əlavə edilib. Hazırda qrupda 10 ixtisas yaradılıb. Tibb təhsilinin əsas təhsili üzrə ixtisaslar qrupunda olan 4 ixtisasın sayı dəyişməsə də, burada yeni Hərbi tibb, İctimai səhiyyə və Tibb ixtisasları yaradılıb.
Xüsusi təyinatlı ixtisaslar qrupunda mövcud 10 ixtisasdan birinin adını dəyişib, yeddisi çıxarılıb, yeddi adda tamamilə yeni ixtisas əlavə edilib. Yeni ixtisaslardan ikisi artıq keçən il Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Ümumilikdə ixtisasların sayı səkkizə enib”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/elmvetehsil/269554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR