"Çelentano" Bakıda HOQQA ÇIXARTDI - REPORTAJ/FOTO

"Çelentano" Bakıda HOQQA ÇIXARTDI - REPORTAJ/FOTO
11:58 14 Fevral 2019
120 Digər
Ölkə mətbuatı
A- A+

Məcburi nəzakət və səmimiyyət istəsək də, istəməsək də sevgini aram-aram, asta-asta boğur. Psixoloqlar da deyir ki, biz o zaman xoşbəxt və tam rahat oluruq ki, qarşı tərəfin yanında bütün şəffaflığımızla özümüz ola bilirik. İndi deyəcəksiniz ki, bütün bunların əfsanəvi italyan şousu - “Celentano Tribute Show” ilə nə əlaqəsi? Gəlin izah edim.

Əlaqəsi ondan ibarətdir ki, dünən Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış edən “Celentano Tribute Show” komandası ilk dəqiqələrdən etibarən səhnədə elə bir fırtına qopartdı ki, energetikası bəlkə də fərqində olmadan unutduğumuz bizi və duyğuları özümüzə qaytardı. Böyük bir zalı ilk mahnıdan oynatmaq və bütün qonaqları coşdurmaq hər müğənninin məharəti deyil. Hər kəsin sevimlisi olan dünya şöhrətli musiqiçi və aktyor Çelentanonun bənzəri - Maurizio Şveizer bunu gözəl bacardı. Odur ki, ifaçıya qarşı ilk dəqiqələrdən doğan böyük səmimiyyət və məhəbbət konsertin son dəqiqələrinədək davam etdi. Amma sona hələ var. Aldığım təəssüratların şkalası o qədər güclüdür ki, reportajı burada yekunlaşdırmaq istəməzdim.

Publika.az xəbər verir ki, dünya musiqisinin populyar simalarını ölkəmizə dəvət edən Heydər Əliyev Sarayı bu dəfə musiqi sevərlər üçün “Celentano Tribute Show” ifasında əfsanəvi italyan müğənnisi Adriano Çelentanonun ən yaxşı mahnılarını dinləmək şansı yaratmışdı.

Çelentanonun dünya musiqi tarixində dərin izlər buraxan sənət nümunələrinin unudulmasına imkan verməyən “Celentano Tribute Show” hər il dünya turuna çıxaraq müxtəlif ölkələrdə konsert proqramı ilə çıxış edir. Mümkündür ki, bəzilərinin Çelentanoya olan ülvi məhəbbəti onun bənzərini qəbul etməyə imkan verməsin. Lakin digər məqamları da nəzərə almağa dəyər. Məsələn, yəni nəslin ruhunu Çelentano sənəti bəsləməyin nəyi pisdir ki? Bir halda ki, 81 yaşlı maestro özü “Celentano Tribute Show”nu qəbul edib və onlara adından istifadə edilməsinə icazə veribsə, bizə söz demək düşməz.

Sevgi bayramı -14 Fevral ərəfəsində Bakı səhnəsində ilk dəfə çıxış edən sənətçi konsertdən əvvəl jurnalistlərə açıqlama da verdi. O, Bakıya ilk görüşdən heyran olduğunu gizlətmədi:

"Çox zəngin mədəniyyət və qədim tarixiniz var. Ölkəniz haqqında çox eşitmişəm. Şadam ki, Bakıya səfər etmək qismət oldu. Hətta milli mahnılarızın sədaları altında rəqs etdim. Çox gözəldir, emosional və həyəcanlı musiqiləriniz var. Bakı İtaliyanın Neapol şəhərinə bənzəyir, sanki eynisidir. Təəssüf ki, azərbaycanlı ifaçılardan Vaqif Nağıyevdən savayı heç kimi tanımıram. Söz verirəm ki, növbəti səfərlərimdə Azərbaycan dilində bir mahnı oxuyacam".

İfaçı “Çelentano ilə münasibətləriniz necədir” sualına isə belə cavab verib:

“Adriano Çelentano özü çox konservativ insandır, tez-tez olmasa da, onunla hərdən görüşüb söhbətləşirik. O, bir müddətdir ki, İtaliya kanalları üçün animasiyalar hazırlayır, vaxtı olmur. Odur ki, onunla görüşmək çətindir. Özü bilir ki, onun böyük pərəstişkarıyam, konsert proqramlarınının keçirilməsinə rəsmi icazəsini almışıq. Bundan özü çox məmnundur”.

“Celentano Tribute Show”nun Bakı səhnəsində dünənki çıxışını adi konsert adlandırmaq olmazdı, bu həm də Çelentano filmlərindən müxtəlif fraqmentlərin göstərildiyi əsrarəngiz tamaşa idi. İtaliyanın sonsuz cazibəsini gözlər önünə gətirən bu konsert tamaşaçılarda o qədər böyük bir coşğu yaratmışdı ki, səhnədə sanki illərdir şəxsən tanış olduğumuz bir insanın çıxışını izləyirdin. Həqiqətən də hər kəs özünü evində kimi rahat və sərbəst hiss edirdi. Sözsüz ki, bu məsələdə gecənin qəhrəmanının böyük payı var. Əgər o, şirin söhbətləri ilə böyük bir auditoriya ilə özü arasında istilik yaratmasaydı ki, çətin ki, konsert uğurlu alınardı. “Susanna”, “Ma perke”, “Confessa” , “Il Tempo Se Ne Va”, “Per Averti”, “A Un Passo Da Te” kimi hit mahnıları ilə hər kəsi italyan musiqi dünyasına səyahətə aparan musiqiçi həm də qonaqlarla peşəkar yumor ustası kimi zarafatlaşır və onları darıxmağa qoymurdu. Konsert ərzində qrup üzvləri tamaşa və musiqinin mükəmməl vəhdətini nümayiş etdirməyə nail ola bildilər. Onlar məşhur ifaçının unudulmaz konsertlərində hökm sürən müsbət və ehtiraslı atmosferi Bakı səhnəsində də yarada bilmişdi.

Bir çox parodiya, səhnəcik və digər oxşarlıq cəhdlərinə baxmayaraq, sehrli enerjisinin sayəsində ifaçı konsertin dinamikası getdikcə yüksələn xətt üzrə inkişaf etdirirdi. Əlbəttə ki, Adriano Çelentanonun təqlidini yalnız istedadlı bir aktyor və güclü səs sahibi bu qədər harmonik və ustalıqla yerinə yetirə bilərdi. Adriano Çelentano yaradıcılığını təcəssüm etdirən Maurizio Şveizer tamaşaçılara səhnədə maestronun özü olmadığını unutdururdu. Adriano Çelentanonun tamaşaçı ilə peşəkar ünsiyyət və davranışlarını mahircəsinə təqlid edərək o, idolun üstün bir nümunəsi səviyyəsinə yüksələ bilirdi.

Öz rəngarəngliyi ilə zalı heyran qoyan "Celentano Tribute Show"nun bütün çıxışları detallarına qədər düşünülmüşdü. Xüsusi diqqət isə qəhrəmanın - Maurizio Şveizerin səhnə obrazına yetirilmişdi. Yeri gəlmişkən, musiqi qrupunun solisti - Maurizio Şveizer yalnız fiziki deyil, böyük sənətkara vokal bənzərli ilə də diqqət çəkirdi. İstedadı və böyük əməyi sayəsində Maurizio öz tanınmış əkizinin obrazının bütün detallarını - səsini və hərəkətlərini inanılmaz bacarıqla təkrarlayırdı.

Qeyd edək ki, gurultulu alqış sədaları altında bitən "Celentano Tribute Show" bir çox dünya ölkələrində konsert proqramı ilə çıxış edərək, tamaşaçıları valeh edir. Şou ABŞ teatrlarında da böyük uğurla nümayiş etdirilir. Fransa, Ukrayna, İspaniya, Latviya, Türkiyə, Qazaxıstan, Almaniya, Moldova və sair ölkələrdə də uğur qazanan şou Azərbaycan tamaşaçılarının xatirələrində də güclü təəssüratlarla yadda qaldı.

Aytən Məftun,

Foto: Pərviz Həşimi


Xəbərin orijinal ünvanı: https://publika.az/projects/xususi/269550.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR