Dünya Bankı 2015-ci il üzrə Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Dünya Bankı 2015-ci il üzrə Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb
13:48 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir Azad Həsənli/

Dünya Bankı (DB) 2015-ci il üzrə Azərbaycan iqtisadiyyatının artım proqnozunu yaxşılaşdırıb. Trend xəbər verir ki, bu barədə "Global Economic Prospects" bankının öz saytında yerləşdirdiyi yanvar hesabatında deyilir.

Yenilənmiş hesabatdakı məlumata görə, cari ildə Azərbaycanda ÜDM artımı 4,4 faiz səviyyəsində gözlənilir. Bundan əvvəl bank bu il ölkənin iqtisadi artımını 4,1 faiz səviyyəsində proqnozlaşdırırdı.

Hesabatda deyilir ki, DB 2016-cı ildə Azərbaycanda iqtisadi artımın 4,1 faiz, 2017-ci ildə isə 3,8 faiz səviyyəsində olacağını gözləyir.

Bankın qiymətləndirmələrinə görə, bununla yanaşı, Avropa və Mərkəzi Asiya ölkələrində (DB-nin Azərbaycanı da aid etdiyi) iqtisadi artım 2015-ci ildə 3 faiz, 2016-2017-ci illərdə 3,8 faiz təşkil edəcək.

Həmçinin, 2015-ci ildə Belarusda ÜDM-də artım 1,8 faiz (2016-2017-ci illərdə 2 faiz), Ermənistanda - 3,3, Qazaxıstanda – 1,8, Gürcüstanda – beş, Qırğızıstanda – iki, Rumıniyada – 2,9, Macarıstanda – iki, Tacikistanda – 4,2, Türkiyədə – 3,5, Estoniyada - iki, Litva və Polşa - 3,2 faiz səviyyəsində proqnozlaşdırılır. Rusiyada, Ukraynada və Serbiyada ÜDM-in həcminin müvafiq olaraq 2,9; 2,3 və 0,5 faiz azalacağı gözlənilir.

Hesabatda qeyd edilir ki, Rusiyanın və Ukraynanın münasibətlərindəki gərginlik, bu gərginliyin doğurduğu iqtisadi sanksiyalar, Avropa zonasında uzunmüddətli durğunluğun baş verməsi ehtimalı, həmçinin xammal qiymətlərinin düşməsi region üçün əsas risk amili olaraq qalır.

Hesabatda deyilir ki, uzunmüddətli artıma struktur amillər, həmçinin zəif biznes mühiti və institutlar, region ölkələrinin bank sisteminin zəifliyi mane olur.

Bank bildirir ki, 2014-cü ildə Azərbaycanın tədiyyə balansında müsbət saldo ÜDM-də 12,6 faiz təşkil edib. 2015-ci ildə isə bu göstərici ÜDM-in 9,8 faiz, 2016-cı ildə 8,1 faiz, 2017-ci ildə 5,3 faizi səviyyəsində olacaq.

Bankın analitikləri qeyd edirlər ki, bazar iqtisadiyyatına ağrılı keçid və keçən əsrin 1990-cı illərinin birinci yarısında regional siyasi münaqişələr Ermənistan, Azərbaycan, Gürcüstan, Qırğızıstan, Moldova kimi bir sıra ölkələrdə iqtisadi artımın kəskin şəkildə aşağı düşməsinə gətirib çıxardı. Nəticə etibarilə, bu ölkələrdən çoxunda hər nəfərə real gəlirlər ən aşağı səviyyəyə qədər düşdü.

Hesabatda deyilir ki, ancaq sonralar gəlirlərin artması Rusiyada və Avropada (Ermənistan, Qırğızıstan və Moldova) qazanc imkanları tapan miqrantların pul köçürmələrinin və (Azərbaycanın) energetika sektorunun yenidən qurulmasına imkan yaradan birbaşa xarici investisiyaların hesabına bərpa olundu. Qırğızıstandan başqa, hər nəfərə düşən gəlirlər 2005-ci ildə orta səviyyəyə qayıtdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR