Köhnə nəzarət-kassa aparatları yeniləri ilə əvəzlənəcək - Bu tarixədək

Köhnə nəzarət-kassa aparatları yeniləri ilə əvəzlənəcək - Bu tarixədək
15:42 16 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Bakıda 2019-cu il iyulun 1-dək yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi üzrə birinci mərhələnin başa çatdırılması planlaşdırılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu məsələ Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan "Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki"ndə qeyd olunur.

Bu aparatların iri ticarət mərkəzləri, şəbəkə sistemli marketlər və yanacaqdoldurma məntəqələrində quraşdırılması nəzərdə tutulur.

Nəzarət-kassa aparatları Gəncə və Sumqayıtdakı şəbəkə sistemli marketlər və yanacaqdoldurma məntəqələrində iyulun 1-dək, ölkə üzrə iri ticarət mərkəzlərində isə oktyabrın 1-dək quraşdırılmalıdır.

İkinci mərhələnin reallaşması isə birinci mərhələ ilə paralel aparılacaq və oktyabrın 1-dək davam edəcək. Bu müddət ərzində kassa aparatları ixtisaslaşmış qaydada avtomobil satışını həyata keçirən vergi ödəyiciləri, şadlıq evləri, mebel satışı üzrə ixtisaslaşmış müəssisələrdə tətbiq olunacaq.

Üçüncü mərhələ 2020-ci il yanvarın 1-dək yekunlaşacaq. Bu mərhələ çərçivəsində yeni nəzarət-kassa aparatları bütün ölkə üzrə əlavə dəyər vergisi ödəyicilərinin pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektlərində (obyektləri) quraşdırılacaq.

Dördüncü mərhələ isə 2022-ci il dekabrın 31-dək başa çatacaq. Bu mərhələdə aparatların Bakı, Gəncə və Sumqayıtdakı digər pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektlərində (obyektləri) 2022-ci il aprelin 1-dək, bütün ölkə üzrə isə həmin ilin sonunadək tətbiq olunacağı nəzərdə tutulur.

Qeyd edək ki, bu Qrafik təsdiq edilənədək vergi uçotuna alınmış vergi ödəyiciləri tərəfindən istismar edilən nəzarət-kassa aparatları Qrafikdə müəyyən edilmış müddətədək istifadə edilməli və qeyd edilən müddətdən sonra həmin nəzarət-kassa aparatları Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verən, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulması nəzərdə tutulan nəzarət-kassa aparatları ilə əvəz edilməlidir.

Bu Qrafik təsdiq edildikdən sonra yeni uçota alınan təsərrüfat subyektlərində (obyektlərində) Qrafikə uyğun olaraq quraşdırılacaq nəzarət-kassa aparatları Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara cavab verməli və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşularaq istifadə edilməlidir.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/731191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR