Azərbaycanlı gimnast: Dünya Kubokunda dəstək qrupu çox yaxşıdır

Azərbaycanlı gimnast: Dünya Kubokunda dəstək qrupu çox yaxşıdır
19:08 16 Fevral 2019
67 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Cani Babayeva - Trend:

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda dəstək qrupu çox yaxşıdır və azarkeşlər idmançıları fəal dəstəkləyirlər.

Bunu Trend-ə Azərbaycan gimnastı Oleq Piunov çıxışından sonra deyib.

O.Piunov bildirib: "Kiçik səhvlərim üzündən kifayət qədər yaxşı çıxış edə bilmədim. Azərbaycana bu yaxınlarda gəlmişəm və hazırlaşmağa çatmadım. Azərbaycan yığmasına qayıtmaq çətin deyildi, buranın öz kollektivi var, hamı bir-birini tanıyır, bununla bağlı heç bir problemim olmayıb. Bu baxımdan hər şey yaxşıdır".

Gimnast əlavə edib ki, növbəti dünya kuboklarında xal toplamağa və 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmağa çalışacaq.

Qeyd edək ki, Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir. Turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edir.

Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozanna Maklennan, Ceyson Börnett, Dun Dun, Qao Ley, Dmitri Uşakov və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparır.

Azərbaycanı isə batut yarışlarında qadınlar arasında sinxron proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov və tamblinq cığırında Avropa çempionumuz (2018-ci il) Mixail Malkin təmsil edirlər.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri keçirilir, ikinci gün isə final mərhələləri baş tutacaq.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.

Xatırladaq ki, ötən il Bakıda 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə Avropa çempionatı, daha öncəki illərdə isə Dünya kubokları (2016-cı il 17 ölkə, 2017-ci il 15 ölkə) keçirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • gimnastika

Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3020650.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR