İmplant dişlər: Suallar hələ də qalır

İmplant dişlər: Suallar hələ də qalır
19:17 16 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Neçə illərdir, implant dişlər əkilsə də, bununla bağlı çoxsaylı suallar hələ də səslənir. Bu, həm də diş həkimləri üçün ən maraqlı mövzulardandır. Yazımızda ən çox səslənən suallara cavab verməyə çalışacağıq.

İmplant dişlər nədir?

İmplant dişlər çəkilən dişləri əvəz edən süni diş kökləridir. İmplantlar biomateriallardan hazırlanır. Bəziləri saf titanium, bəziləri sirkonium, bəziləri də titanium-sirkonium qarışığından ərsəyə gəlir.Düzgün hazırlanarsa, gigiyenaya əməl olunarsa, implantlar ömür boyu istifadə oluna bilər.

İmplantlar necə qoyulur?

Son illərdə ən çox sümük içi implantlardan istifadə edilir. Sümük içi implantları yerləşdirmək üçün sümüyün uzunluğu və genişliyi əsasdır. Bu səbəbdən planlaşdırma mərhələsində panoram, 3D və dental tomoqrafiyadan istifadə edilir. Aparılan təhlillərdən sonra sadə əməliyyatla implant sümük içərisinə yerləşdirilir. Sümük və implantın bir-biri ilə birləşməsi üçün 2-3 ay gözlənilir. Bəzi hallarda gözləmə mərhələsi olmadan protez birbaşa da tətbiq olunur. Sağalma başa çatandan sonra implantların üzərinə diş əti şəkilləndiricisi, sonra implant üstü parça yerləşdirilir. Abutment adlı parça implantla körpü və ya protez arasındakı bağdır. Abutmentin üzərinə hazırlanmış protez və ya qapaq yerləşdirilir.

İmplant dişlərlə bağlı ən böyük qorxu ağrı hissetmə ilə bağlıdır. Ən çox sual da bununla bağlı verilir. İmplanta ehtiyacı olan xəstələrin keçirdikləri qorxu yersizdir. Çünki əməliyyat zamanı yerli keyləşdirici üsullardan istifadə edilir və diş çəkilməsi zamanı hiss olunan ağrıdan daha az ağrı hiss olunur. Əməliyyat zamanı yaranan ağrılar kiçik doza keyləşdiricilərlə aradan qaldırılır.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, implantlar təbii diş kökü şəklində hazırlanmış süni parçalardır. Diş kökü funksiyasını yerinə yetirir, eyni zamanda çənə sümüyünün təbii şəklini və genişliyini də qoruyur. Dişin çəkilməsindən ötən müddətdə diş yerinin boş qalmasına bağlı olaraq üz cizgilərində yaranmış çökmə və asimmetrik görüntülər aradan qaldırılır. Olmayan dişlər ətrafdakı dişlərə zərər vermədən bərpa edilir, bununla da gülmə, danışma, çeynəmə funksiyaları rahat icra olunur. Dişlərini itirən çoxlu sayda xəstə hərəkətli protezlər istifadə etmək məcburiyyətində qalır. İmplantlar vasitəsi ilə bu problem tamamən aradan qaldırılır. Bundan başqa, yemək yeyərkən və danışarkən hərəkətli protezin yerindən oynaması kimi oraya çıxan narahatlıqlar implantların köməyi ilə aradan qaldırılır.

İmplantlar üçün yaş məhdudiyyəti varmı?

Qadınlarda 16, kişilərdə isə 18 yaşdan sonra implant qoyulması məsləhət görülür. Bu isə sümük inkişafına bağlı olaraq müəyyənləşdirilib. Amma implantlarda yuxarı yaş məhdudiyyəti yoxdur.

İmplantların üstünlükləri nələrdir?

Bu suala belə cavab vermək olar: Sağlam dişlərə zərər vermədən diş əskikliyinin aradan qaldırılması, həzm sistemində ilk addım olan çeynəmə funksiyasının, diş boşluğundan yaranan çökmüş üz quruluşunun bərpası və ən nəhayət, gözəl və rahat şəkildə gülümsəmə hissi. Hazırda yüzlərlə implant markası var. Bu markaların hamısı oxşar dizaynda istehsal olunur. Dünyada qəbul olunan və keyfiyyəti isbat edilmiş implant markasının seçilməsi implantın uzunmüddətli istifadəsinə müsbət təsir edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/729373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR