Heç dəcəllik etməsəm, MƏNİM ANAM OLARSAN?

Heç dəcəllik etməsəm, MƏNİM ANAM OLARSAN?
22:37 16 Fevral 2019
104 Maraqlı
Ölkə mətbuatı
A- A+

Biri var idi, biri yox idi ilə başlayan nağıllar əslində hər zaman kimlərinsə təxəyyülünün uydurması olmur.

Bu nağıllara qulaq asmaq nə qədər asan və maraqlıdırsa, onları yaşamaq da bir o qədər çətindir. Xüsusən də körpələrə  dünya doğulandan ağlı kəsənə qədər nağıl kimi gəlir. Elə ki, ağlımız kəsir, həyat əzizlərimizi bir-bir udmağa başlayır, onda böyüyürük.

Bəlkə də hələ də böyüməyib, uşaq qalmaq istəmək hissi də burdan gəlir.

Düşünməyin ki, bu adamyeyən həyat səndən, məndən yan keçəcək. Əksinə, bizi əbədi həyat nağılına inandırıb hələ çox yalanlarda boğacaq. Eşitdiyimiz nağılları da elə qəhrəmanların özü uydurur.

Milli.Az gencaile.az-a istinadən bildirir ki, sizə elə bir yerdən danışacam ki, əslində fidanlarla dolu cənnət ola bilərdi əgər dünyada ən doğmaları onlara ögey davranıb boğazlarına dolanan sarmaşıq kimi onları boğmasaydı.

Təsəvvür edin onları sizin sevginizə, nəvazişinizə, qayğınıza nə qədər ehtiyacı var. Tək fərqimiz insan dadmadığı duyğuların yoxluğunu da o qədər içdən izah edə bilmir. Qaynar tavada öz vamında qovrulursan sanki.

Sizə görə "kimsəsiz uşaqlar evi" mənə görə fidanlarla dolu cənnət, məsumiyyət qoxan bağça. Kimlərəsə görə yetim uşaqlar, mənə görə ana südü qədər təmiz körpələr.

Onları gül üzlərindəki kölgəli baxışlar, bal dodaqlarından, dillərindən tökülən acı taleləri birləşdirir. Bu tapmacanın cavabı isə dünyanın ən müqəddəs varlığı hesab edilən "ana"lardır. Hərdən mənə elə gəlir ki, Tanrı yerə milyonlarla qəddar ana və ata göndərməz.

Bəlkə də dünyanın bütün atılmış körpələri eyni ana və atanın uşaqlarıdır. Yoxsa bu qədər yad uşaq o cənnətlərdə bir-birini doğma bacı-qardaş kimi necə sevir? Bəs ailələri bu geniş ürəkli körpələri hansı haqla sevməyib? Dünya bir bu qədər ögey olma.

Təsəvvür edin üç yaşı var. Siz şəhərin rəngli küçələrində əylənərkən o mürəkkəbi bitmiş bir qələmlə ağ kağızın üzərinə yaşadığı şəhəri çəkməyə çalışır. Heç vaxt doyunca gəzə bilmədiyi bu şəhəri.

Siz çeşid-çeşid yeməklər arasından sevdiyiniz təamları seçib doyunca yeyərkən, onlar kiçik bir boş qabın içərisində onlara bu gün üçün ayrılmış yeməklə kifayətlənirlər.

Siz hər bayram təzə libaslar alıb geyinərkən onlar mərhəmətli insanların onlara gətirəcəyi bir dəst paltarları gözləyirlər.

Rəngini, dəbə uyğunluğunu, uzunluğunu, qısalığını düşünmədən, sadəcə dəyişəkli bir dəst paltar. Dünənə qədər sənə cənnət gələn dünya bir anda gözlərində qaraldımı əziz oxucum? Əgər ürəyinin dərinliyində bir sancı hiss etdinsə bil ki, bu ögey dünya üzərində səndən olan çox az adam gəzişir.

Tək bu bayram deyil, onlar hər bayram dilək diləyir. Nə maşın, nə ayaqqabı, nə kukla, nə pul. O körpələr hər bayram ana və ata diləyir. Ana qucağına, süd qoxusuna həsrət böyüyən bu balacalar onları ziyarətə gələn insanların arasında onlara "qızım", "oğlum" deyə biləcək insanlar gözləyir.

Bir dəfəsində şəhərdəki fidanlarla dolu cənnətlərdən birinə getmişdim. Orda uşaqların içərisində mənim ürəyimi iki cümləsi ilə param-parça edən üç yaşlı mələk vardı.

Onların hər birini eyni qədər çox sevdiyimizi hiss etsinlər deyə 150 uşağın hər birinə eyni şirniyyat, eyni oyuncaq almışdıq. Bayram əhval-ruhiyyəsində dedik-güldük, oynadıq.

Artıq bizim onlarla vidalaşmaq vaxtımız yaxınlaşırdı. Yavaş-yavaş onlardan aralaşıb müdiriyyətlə sağollaşıb getməliydik. Elə bu an, yanından uzaqlaşdığımı hiss edən üç yaşlı Səma qaçaraq gəlib əlini ovcumda gizlətdi. Baxışlarından gözlərinin dolduğunu hiss etdim. Yavaşca əyilib üzündən öpəndə mənə dedikləri bu günə qədər yadımdan çıxmır...

"Heç dəcəllik etməsəm, mənim anam olarsan?"

Həmin an otağa qulaq batıracaq dərəcədə bir sükut çökdü. Dolan gözlərinin içərisində arzularının boğulduğunu görsəm də ona cavab verə bilmədim. Sanki qəlbindəki arzuları gözlərinə doldu.

Kiçik əllərini ovcumdan çəkəndə isə damla-damla kirpiklərindən özlərini ataraq intihar etdilər. Dəniz gözlü Səma, ümid edirəm Şaxta Baba bu il dilinin şirinliyi ilə ondan istədiyin ana və atanı sənə gətirər...

Biz bir oyuncaqla bir saat oynayıb kənara atırıq, sındırırıq. Onlar isə eyni oyuncaqla bir neçə ay, bəlkə də bir il oynayırlar. Bəlkə də bu yazını oxuyanlar arasında övladını atan valideynlər də olacaq. Sözüm sizədir o zaman, siz o uşaqları atmısız amma, o uşaqlar qırılan oyuncaqlarını belə atmırlar.

Təsəvvür edin hər bayram ana-atanızla yeni fotolarınız evinizin divarlarını bəzəyərkən, onların bomboz, soyuq divarları boş qalır. Çünki asmağa çərçivə, içinə qoymağa isə ailə fotoları yoxdur. Onların çəkdikləri rəsmlərdə üz cizgiləri olmur. Bir baş, iki qol, iki ayaq çəkəndən sonra üzünü, gözünü çəkə bilmirlər.

O boşluğa ya ana, ya da ata yazıb yastıqlarının altına qoyurlar. Hər gün güzgüyə baxanda "görəsən anama oxşayıram, yoxsa atama" sualı onların ürəyini üzüb, beynini dağıdır. Onlar hər günü qoynuna girib yata biləcəkləri insanın həsrəti ilə başlayıb, bitirirlər.

Gecə qorxu ilə oyananda "Qorxma, mən yanındayam" deyən biriləri, xəstələnəndə gecələri səhərə qədər baş ucunda yuxusuz oturan biriləri yoxdur. Doğum günümüzdə bir həftə öncədən hədiyyə seçməyə başlayırıq, amma onlar bəzən doğum günlərini belə səhv salır. İllər beləcə keçir və qərib əllərdə böyüyürlər.

Təsəvvür et, beş yaşın var. Saçları uzanıb, qəşəng qız və ya yaraşıqlı oğlan olmusan, amma həyatında dəyişən bir şey yoxdur. Ürəyin hər yaşda bir az daha böyüyür, içərisində dolub-daşan sevgini bölüşməyə bir nəfər tapmırsan. Çünki, hər kəs sənə ögey yanaşır. Artıq yavaş-yavaş Şaxta Babanın belə sənə dilədiyini gətirməyə gücünün çatmayacağına inanmağa başlayırsan.

Təsəvvür edin, dilə gətirə bilmədikləri bu hislərlə illər keçir və o fidanların 9, 15, 20, 30 yaşları tamam olur. Həyatda müxtəlif yerlərə gəlib çatırlar. Bəlkə də, cəmiyyətə atılan zaman yüz dəfə ana-atalarının yanından ötüb keçirlər, amma fərqinə vara bilmirlər. Ögey dünyanın sonu isə bu qədər çətinlikdən sonra adsız, bir quru məzar olacaq. Üzərində yenə təkcə onların üç-beş hərfdən ibarət adları.

Bu qoca dünyada itirdiklərini tapa bilmədən gedənlərdən olmasınlar. Nə qədər ki, o fidanlar böyüməyib, nə qədər ki gözlərindəki arzular bir-bir intihar etməyib, nə qədər ki sevgi ilə dolub-daşan qəlbləri sizləri gözləyir bayramlarda onların yanına gedin... Sevginizdən bir ovuc da onlara verin. Bayramınız mübarək uşaq evlərində qəlbi sevgi ilə dolub-daşan balalar!

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/731008.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR