Qızılca zamanı nə etməli?

Qızılca zamanı nə etməli?
23:12 16 Fevral 2019
241 Maraqlı
Ölkə mətbuatı
A- A+

Qızılca, hava-damcı yolu ilə yayılan və xəstə şəxslə birbaşa təmas nəticəsində ötürülən yoluxucu virus mənşəli xəstəlikdir. Peyvənd olunmamış əhali arasında sürətli şəkildə yayılır və epidemiyalara səbəb ola bilir. Epidemiyalar əsasən qış fəslinin axırı və yaz aylarında baş verir. Xəstəliyin təhlükəli əlamətlərindən də biri xəstələrin bir müddət qidalanmaması və vitamin itkisi səbəbindən sonradan daha öldürücü ola biləcək ağırlaşmalara təkan verməsidir.

Yoluxma. Milli.Az e-tibb.az-a istinadən bildirir ki, qızılca antroponoz xəstəlikdir. Qızılca virusu çox yoluxucudur. Qızılcaya yoluxan şəxs səpkilər başlamazdan əvvəlki 3-4 gün və başladıqdan sonrakı 4-5 gün ərzində xəstəliyi başqalarına yoluxdura bilir. Qızılca virusu yuxarı tənəffüs yollarının ifrazatında olur. Xəstə asqırdığı və ya öskürdüyü zaman ətrafa yayılır. Havada və ya yoluxduğu səthdə 2 saat müddətində başqalarına yoluxa bilir. Xəstəlik bütün yaşlarda, ən çox isə məktəbəqədər yaşlı uşaqlarda rast gəlinir.

Kollektiv yaşanılan yerlərdəki körpələr və uşaqlar (körpələr evi, uşaq bağçası, məktəb, çoxuşaqlı ailələrin uşaqları) yüksək risk altında olan qrup hesab edilir. Xəstəlik bir yaşından kiçik körpələrdə və yaşına uyğun ağırlıqda doğulmamış uşaqlarda ağır seyr edir. Gənclər və yaşlı insanlar arasında az hallarda rast gəlinsə də (uşaqlıqda keçirmədikləri səbəbindən), xəstəlik bu qrup insanlarda əksərən ağırlaşmalarla seyr edir.

Əlamətləri. Qızılca kəskin infeksion xəstəlik olub qızdırma, konyunktivit və yuxarı tənəffüs yollarının iltihabı dəyişiklikləri, eyni zamanda bütün dəri və görünən selikli qişalarda çoxlu sayda qırmızı rəngli ləkəyə bənzər səpgilərlə özünü göstərir. Xəstəliyin inkubasiya (gizli) dövrü orta hesabla 10-14 gündür. Başlanğıc dövrdə baş ağrısı, hərarət, zökəm, öskürək, gözdə batma, qaşıntı hissi və işığa həssaslıq müşahidə olunur. 3-4 gün davam edə bilən bu əlamətlərdən sonra ağız içində qızılca üçün tipik hesab edilən mavi rəngə çalan ağ ləkələr (Filatov-Koplik ləkələri) meydana gəlir. Bu ləkələrin görülməsindən sonra hərarət daha da yüksəlir, öskürək artır, üz və dodaqlar şişir, gözdə batma və qaşıntı artır. Əvvəlcə alın və qulağın arxasında, sonra isə üz və boyunda, 1-2 gün içində isə bütün bədəndə səpkilər müşahidə edilir. İlk saatlarda bənövşəyi və bir birindən ayrı olan bu səpkilər müəyyən müddətdən sonra birləşərək böyüyür. Bütün bu əlamətlər 7-10 gün davam edir və hərarətin düşməsi ilə nəticələnir. Xəstəliyin tipik formaları yüngül, orta ağır və ağır gedişli olur. Bəzən isə xəstəliyin atipik gedişli formalarına (hipertoksik, hemorragik və bədxassəli) rast gəlinir. Onu da qeyd etmək lazımdır ki, atipik formalar və yaşlılarda qızılca xəstəliyi daha çox fəsadlaşmalarla və bəzən ölüm halları ilə müşayiət olunur.

Fəsadları. Qızılca ciddi bir xəstəlikdir. Qızılca ilə xəstələnən insan işə və məktəbə gedə bilməyəcək şəkildə halsız və hərarəti yüksək olur. Eyni zamanda bu xəstəliyin səbəb olduğu fəsadları göz önünə almaq lazımdır. Xəstəlik diqqətə alınmazsa ağciyər iltihabı (pnevmoniya), orta qulaq iltihabı (otit), beyin qişalarının iltihabı (ensefalit), ürək əzələsinin iltihabı (miokardit) və s. kimi fəsadlarla nəticələnə bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə hər 100 qızılca xəstəsindən ən azı birində ölüm və ya ağırlaşma halı qeydə alınır.

Müalicəsi. Qızılca xəstəliyi adətən (yüngül gedişli) evdə müalicə olunur. Yalnız ağır xəstələr və fəsadlaşması olanlar hospitalizasiya olunurlar. Əsas diqqət qulluğun təşkilinə və düzgün qidalanmaya verilməlidir. Xəstənin otağı isti və işıqlı olmalı, havası tez-tez dəyişdirilməlidir. Xəstənin istirahət etməsi və simptomatik müalicə alması məsləhət görülür. Qızılca, viruslar tərəfindən törədildiyi üçün fəsad olmadığı zaman antibiotik istifadə etməyə ehtiyac yoxdur. Vaxtında və düzgün müalicə etdikdə qızılcanın proqnozu adətən yaxşı olur.

Qorunma. Qızılcalı xəstələr səpgi əmələ gələndən sonra 5 gün, ağırlaşma baş verdikdə 10 gün ərzində təcrid olunurlar. Xəstə ilə təmasda olmuşlar 17 gün, immunoqlobulin vurulanlar isə 21 gün ərzində kollektivə və ictimai yerlərə buraxılmırlar. Qızılca ilə xəstələnən insanlar ömür boyu immunitet qazanırlar və bir daha bu xəstəliyə yaxalanmırlar. Qızılca xəstəliyindən və buna bağlı olaraq ortaya çıxan xəstəliklərdən qorunmanın tək yolu peyvəndləmədir. Qızılca peyvəndi xəstəliyə qarşı son dərəcə etibarlı və təsirli bir peyvənddir. Hesablamalar göstərir ki, vaksinasiyadan sonrakı immunitetin dayanıqlığı 15 ilə yaxındır. Adətən qızılca və kombinə qızılca-məxmərək-parotit (MMR-Measles-Mumps-Rubella) peyvəndlərindən istifadə olunur. Peyvənddən 3-20 gün sonra 2-3 gün çəkən qızdırma, konyuktivit, tənəffüs yollarının katarı, hətta səpgi əmələ gələ bilər. Bu dövrdə xəstəyə içərisində parasetamol olan ağrıkəsici və hərarətsalıcı dərmanlar verilir. Peyvəndin vurulduğu yerdə qızartı, həssaslıq, ağrı ola bilər. Bu halda soyuq kompres qoyulması və parasetamol verilməsi əlamətlərin keçməsinə kömək edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/729387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR