"Azərbaycan öz Henri Kissincerini itirdi"

"Azərbaycan öz Henri Kissincerini itirdi"
10:12 2 May 2015
227 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanın xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri, tanınmış politoloq Vəfa Quluzadə mayın 1-də axşam saatlarında vəfat edib.

Vəfa Quluzadə ilə vaxtilə bir komandada çalışan politoloq Eldar Namazov modern.az-a açıqlamasında mərhumla bağlı xatirələrini bölüşüb. Eldar Namazovun sözlərinə görə, Vəfa Quluzadənin vəfatı Azərbaycan üçün böyük itkidir:

“Vəfa Quluzadəni yalnız politoloq kimi təqdim etmək doğru deyil. O, eyni zamanda görkəmli dövlət xadimi idi. Müstəqil Azərbaycan dövləti yaranandan Azərbaycan siyasətinin formalaşmasında Vəfa müəllimin misilsiz xidmətləri olub. Vəfa Quluzadənin vəfatı Azərbaycan üçün çox böyük itkidir. Azərbaycan dövləti çox böyük dövlət xadimini, Azərbaycan cəmiyyəti isə öz millətini sevən böyük bir vətəndaşı itirdi. Ən əsası, çox dəyərli dostumuzu itirdik”.

Eldar Namazov Vəfa Quluzadə ilə bağlı birgə iş fəaliyyətlərindən də söz açıb:

“Vəfa müəllimin bir xüsusiyyəti ondan ibarət idi ki, hər zaman həqiqəti deyən insan idi. Bir hadisəni hər zaman xatırlayıram. Hətta, neçə il dövlət vəzifəsində çalışdığı zamanlarda bir çox dövlətlərin nümayəndələri gəlib hərdənbir onun haqqında şikayət edirdilər ki, Vəfa müəllim bizim siyasətimizi çox tənqid edir.

Vəfa müəllim lazım gələndə təkcə Rusiyaya qarşı yox, həm də Qərb ölkələrinə də kifayət qədər sərt mesajlar verirdi. Bu, onun öz vətənini, millətini, dövlətini nə qədər çox sevdiyinin göstəricisi idi.

O, xalqımızın maraqlarını çox açıq şəkildə ifadə edirdi və heç vaxt kimlərinsə ona söz deməsini, hansısa formada təzyiq edə biləcəyini düşünmürdü.

Vəfa müəllimlə xarici ölkələrə çoxlu səfərlərimiz, görüşlərimiz olub. Vəfa müəllimə qarşı sadə insanların səmimi münasibətini gördüyüm kimi, diplomatik korpusun nümayəndələrinin də ona necə hörmət etdiklərini hiss edirdim. O, çox nadir xüsusiyyətə malik bir insan idi. Belə deyərdim ki, Azərbaycan öz Henri Kissincerini itirdi. Allah rəhmət eləsin!”

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/338007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR