“Müxalif meyilli insanların son vaxtlar çağırışları artıb, aktivləşiblər. Deyəsən, qərbdə bəzi daydayların cibləri açılıb. Bundan ilhamlananlar ölkədəki sabitliyi başqa istiqamətlərə yozmaq istəyirlər”.
Publika.az xəbər verir ki, bu sözləri millət
vəkili Çingiz Qənizadə Milli Məclisin bugünkü plenar iclasında
çıxışı zamanı deyib.
Millət vəkili ölkədə vergi, gömrüklə bağlı həyata keçirilən
islahatlara toxunub:
“Təkcə Dövlət Gömrük Komitəsində aparılan islahatlar nəticəsində
dövlət büdcəsinə 1.2 milyard əlavə vəsait cəlb edilib. Bununla
yanaşı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əhalinin
keyfiyyətli qida ilə təminatı üçün ciddi addımlar atır. Lakin bu
işlər mafioz qüvvələri narahat edir. Qida Təhlükəsizliyi
Agentliyinin rəhbəri haqqında son zaman yayımlanan yazıların
arxasında "leş mafiyası" durur. Onlar neçə illərdir keyfiyyətsiz
ətləri əhaliyə sırımaqla məşğul olub. Mətbuat bu cür yazılar zamanı
diqqətli olmalıdır. Bu cür yazıların arxasında müəyyən mafioz
qüvvələrin durduğu unudulmamalıdır”.
Millət vəkili son vaxtlar pensiya, əmək haqlarının artırılması ilə
bağlı qərarların dövlətin xalqın sosial rifahının artırılmasında
maraqlı olduğunu xəbər verdiyini bildirib:
“Əmanətlərin tam sığortalanması haqqında" qanuna dəyişiklik təkcə
əmanətçi deyil, bankların marağına uyğundur. Bununla yanaşı banklar
da faiz dərəcələrinə diqqət yetirməlidir. Kreditlərin faiz
dərəcələri azaldılmalıdır. Çünki bu faizlərlə kredit götürən
vətəndaşlar sonra böyük çətinliklə üzləşir”.
Gülxar