"Velosipeddən düşən kimi onun üçün darıxıram" - FOTO

"Velosipeddən düşən kimi onun üçün darıxıram" - FOTO
14:27 14 Yanvar 2015
284 İdman
Ölkə mətbuatı
A- A+

Elgün Əlizadə velosiped idmanının ümid yeridir

Son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyan idman növlərinin sırasında velosiped idmanı da var. Qısa müddətdə çox sayda istedadlı gəncin ortaya çıxması, onların həm daxili, həm də müxtəlif beynəlxalq turnirlərdə özlərini ən yaxşı tərəfdən göstərməsi, ölkəmizə medallarla qayıtması bunun bir göstəricisidir. Bu səbəbdən də yayda Bakıda keçiriləcək Avropa Oyunlarında yer alan velosiped idmanı üzrə yarışları böyük ümid və inamla izləyəcəyik. Azarkeşlik edəcəyimiz idmançılar arasında ən böyük perspektiv vəd edəni isə şübhəsiz ki, Elgün Əlizadədir.

Sonrakı seçim

20 aprel 1996-cı ildə Bakıda anadan olan Elgün ən kiçik yaşlarından idmana meylli uşaq olub. İlk vaxtlarda kikboksinqlə məşğul olan gənc qəhrəmanımız sonradan velosiped üzərinə qalxıb. Əksərimizin uşaqlıqda malik olmaq istədiyi bu əyləncə, tezliklə, Elgünün həyat seçiminə çevrilib. Velosiped sevgisi onu bu işi peşəkar səviyyədə görməyə vadar edib. Əslində, velosiped idmanı əzələlərin (xüsusilə də bədənin aşağı hissəsindəki), tənəffüs orqanlarının inkişafı və qan dövriyyəsinin yaxşılaşması, həmçinin ümumi fiziki dözümlülüyün artırılması üçün əvəzolunmaz növdür. Orta tempdə sürüş eyni sürətli yerimə, qaçış və ya digər hərəkətli idman növlərindəkindən daha az enerji sərfini təmin edir. Yüngül rejimdə hərəkətlə velosipedi istər məktəbəqədər yaşda, istərsə də təqaüd yaşlı insanlar sürə, həm istirahət edə, həm də sağlamlıqlarını qoruya, yaxşılaşdıra bilərlər. Bir sözlə, iki təkər üstündə gəzməyin xeyri çox böyükdür. Ancaq yuxarıda sadalananlar hobbi üçün yaxşıdır. Bəs peşəkar idman? Gündə onlarla, bəzən yüzlərlə kilometr məsafəni qət etmək, dağ, şosse yollarını müxtəlif sürətlə arxada qoymaq, yarışmaq, rəqabət aparmaq necə, asandırmı, sizcə? Əminliklə deyə bilərik ki, yox! Bu, çox çətin, böyük əziyyət və əzmkarlıq tələb edən, hər saniyəsi zədə təhlükəsi olan, hər kəsin qatlaşa bilməyəcəyi işdir. Odur ki, 11 yaşında 8 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinə mütəxəssis Əbülfəz Məmmədovun yanında məşqlərə başlamaq niyyətinə görə Əlizadəni alqışlamağa dəyərdi. “İstək işin yarısıdır”, deyiblər.

Müxtəlif qələbələr

Bu il Bakıda keçiriləcək ilk Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançılar sırasında olan və onun elçilərindən biri seçilən Elgün Əlizadə 2008-ci ildə qatıldığı ilk yarışa çıxmazdan əvvəl buralara qədər gələcəyini düşünmürdü. Onun üçün yalnız velosipedi və qət edəcəyi yollar vardı. İlk dəfə mərkəzi velotrekdə yarışa çıxan və Respublika səviyyəli yarışlarda uğurlar qazanmağa başlayan idmançının yüksəlişi çox sürətli alındı. Cəmi iki ildir beynəlxalq yarışlara qatılan Əlizadə, nəinki Azərbaycan, hətta Avropanın ən perspektivli velosipedçilərindən biri sayılır. Ötən ilin iyulunda baş verənlər də buna daha bir sübut idi. İsveçrədə velosiped idmanının şosse növü üzrə U-23 yaş kateqoriyası və gənclər arasında Avropa çempionatında gənc Elgün Əlizadə Azərbaycan üçün tarixi nailiyyətə imza atdı. O, 41 ölkənin iştirakı ilə keçirilən qitə çempionatında 130 km məsafəyə qrup ötüşməsində çempion olmuş İtaliya idmançısına cəmi 9 saniyə uduzmaqla (03:09:47) 190 nəfər arasında 12-ci yeri tutdu. Dünya və Avropa çempionluqları, Olimpiadalardakı qələbələrə öyrəncəli olan Azərbaycan idmansevərləri üçün bu nəticə kiçik görünə bilər. Çünki hər hansı yarışda 12-ci olmağı böyük uğur saymaq istəmirik. Ancaq sizi əmin edə bilərik ki, bu, müqayisədə cüdo və ya boksda, yaxud digər idman növlərində Avropa çempionatının azı gümüş medalına bərabər nailiyyətdir. Ancaq Elgünün aktivində digər qələbələr də az deyil. Əlizadə çoxgünlük ötüşmələr üzrə Federasiya Kubokunda U-17/Gənclər yaş kateqoriyasında bürünc, fərdi ötüşmələri üzrə Azərbaycan Çempionatında gənclər və U19 yaş kateqoriyasında gümüş, Bakı şəhər çempionatında qızıl, çoxgünlük kriterium yarışında Junior və U17 yaş qrupunda bürünc, 2014-cü ildə Azərbaycanda kriterium, cüt və qrup ötüşməsi yarışlarında qızıl medalların sahibidir. Son iki ildə 30-a yaxın beynəlxalq turnirə qatılan Elgün Əlizadə 2000 km-dən çox yarış məsafəsi qət edib. O, İspaniya, İtaliya, Hollandiya, Avstriya, Çexiya, Almaniya və digər ölkələrdə müxtəlif turnirlərdə iştirak edərək müxtəlif uğurlar qazanıb, Azərbaycanın adının güclülər sırasında çəkilməsini təmin edib. Görünən odur ki, Azərbaycan Velosiped İdmanı Federasiyasının gördüyü işlər, xüsusilə də gənc istedadlarla çalışmalar öz bəhrəsini verməkdədir.

Şossenin ən yaxşısı

Təvazökar və təmkinli biri olan Elgün, məşqçilərinin sevimlisidir. Bunu onu həm ətrafındakı dostları, həm də məşqlərinə yetirdiyi diqqətlə əsaslandırmaq olar. İdmançı kimi isə Elgünün universal olduğunu qeyd etmək olar. Bu yaxınlarda Slovakiyanın Dubnitsa şəhərində şosse növü üzrə gənclər arasında ənənəvi “Beynəlxalq Velosiped günü” adlı, sayca 51-ci yarışda ən yaxşı dağ velosipedçisi adına layiq görülən Əlizadə sabit, konkret plan üzrə hərəkət etməyi bacaran velosipedçidir. İstər dağ yolu, istərsə də düz şossedə tempini qorumağı bacarması onu fərqləndirən cəhətlərdəndir.

Dəmir atı üçün darıxan

Yarışlarda qələbə qazanmaq, uğurlara sevinmək yaxşı hisslərdir. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, bu nəticələrin arxasında ağır məşqlər durur. Heç bir nailiyyət asan qazanılmır. Bu mənada Elgün Əlizadənin çalışma əzmini təqdir etmək olar. Günün azı 4-5 saatını məşqə ayıran 18 yaşlı gəncin həyat tərzi velosipedlə birbaşa iç-içədir. Bu yaşda əyləncəyəmeylli olan insanlardan bu qədər peşəkarlığı yalnız böyük çempionlar, böyük idmançılarda görmək mümkündür. Elgünün velosiped sevgisi xüsusilə fərqləndiriləcək səviyyədədir. “Bu qədər çox çalışmaqdan yorulmursan ki?” sualına verdiyi cavab hər şeyi öz yerinə qoyur: “Əksinə! Velosipeddən düşən kimi onun üçün darıxıram. Mənim əyləncəm də, məşqim də, həyat tərzim də velosipeddir. Özümü ondan kənarda təsəvvür edə bilmirəm. Bəli, məşqlər çətin və yorucudur. Ancaq heç vaxt çəkilib getmək, daha velosiped idmanıyla məşğul olmamaq fikrinə düşməmişəm. Çünki mən bu idmanı sevirəm. Onu da bilirəm ki, qələbə qazanmaq, zirvələri fəth etmək dayanmadan çalışmaq gərəkdir”. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.

Portreti

O, hələ yolun başlanğıcındadır. Öz sevimli “dəmir atı” ilə bir neçə yüksəkliyi geridə qoyaraq arzusunda olduğu dünya və Olimpiya çempionluğuna doğru yol alıb. Onun hətta buralara qədər gəlməsi belə böyük nailiyyətdir. Bunu özü də bilir, ancaq əldə etdikləriylə kifayətlənmək fikrində deyil. Gənclik enerjisini pedalların daha sürətlə fırlanmasına sərf edən qəhrəmanımızın portretində də çox diqqətli və ağır baxışlı biri var. Ancaq kiçik bir təbəssüm də yox deyil. Bu, qarşıdakı böyük qələbələrin elçisi olan təbəssümdür. Rəqibləri indidən narahat ola bilərlər: Azərbaycanın velosiped ümidlərindən biri dünyanı fəthə hazırdır. Diqqət və təbəssümü ilə.

Kaspi.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR