Fuad Muradov: "Prezidentin bu addımı iqtisadi proseslərə müsbət təsir göstərəcək"

14:37 14 Yanvar 2015
120 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyevin Tarif Şurasının ölkədə yanacağın qiymətinin artırılması haqqında qərarını ləğv etməsi əhali tərəfindən çox müsbət qarşılanıb. Bu addım Azərbaycanda gedən iqtisadi proseslərə öz müsbət təsirini göstərəcək. Bunu Trend-ə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü, “Avronest” Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədri Fuad Muradov deyib.

Millət vəkilinin fikrincə, hazırda dünyada gedən proseslər Azərbaycanda həyata keçirilən layihələrdə də müəyyən istiqamətlər üzrə dəyişikliklərə gətirib çıxaracaq və bunu hökumətdə siyasi qərar qəbul edən şəxs olan cənab Prezident və iqtisadi blokun nümayəndələri hər zaman müzakirə edirlər: “Bəzi hallarda iqtisadi blokun daha çox müəyyən sahələrdə qiymətlərin artırılmasına nail olmaq istəməsi normal haldır. Ümumiyyətlə, bütün dünyada iqtisadi və siyasi blokların nümayəndələrinin fikirlərinin bir-birindən ayrılması normal prosesdir. Cənab Prezidentin siyasi iradəsi isə bir daha onu göstərdi ki, Azərbaycanda gedən iqtisadi-siyasi proseslər Prezident İlham Əliyev tərəfindən çox diqqətlə, çox peşəkarlıqla izlənilməklə yanaşı, onun gündəlik fəaliyyətinə daxil olan məsələlərdir”.

F.Muradov hesab edir ki, Prezident İlham Əliyevin bu yanaşması insanların gündəlik həyatına da təsir edəcək: “Düzdür, Tarif Şurasının qaldırdığı qiymət elə də böyük deyildi, amma bu, ümumiyyətlə, istər kənd təsərrüfatı, istər ərzaq təhlükəsizliyi, istərsə də digər məsələlərdə öz müsbət təsirini mütləq göstərəcək”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Tarif Şurasının ölkədə yanacağın qiymətlərinin qaldırılması barədə qərarını ləğv edib.

Tarif Şurasından Trend-ə bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, 14 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib. İclasda neft məhsullarının qiymətlərinə yenidən baxılıb və tariflərin tənzimlənməsi barədə yeni qərar qəbul edilib.

Qərara əsasən, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 12 yanvar 2015-ci il tarixli 1 nömrəli Qərarı ləğv edilib.

Ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litri üzrə 2 qəpik yol vergisi şirkətdaxili tariflərin azaldılması hesabına tətbiq edilməklə, əvvəl olduğu kimi “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib. Həmçinin, maye qazın topdansatış qiyməti 1 ton üçün 300 manatdan 263,6 manata endirilib və yol vergisi ilə birlikdə topdansatış qiyməti 1 ton üçün 300 manat müəyyənləşdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/319015.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR