Ronaldu: "Özümü 25 yaşında hiss edirəm"

Ronaldu: "Özümü 25 yaşında hiss edirəm"
16:32 14 Yanvar 2015
141 İdman
Ölkə mətbuatı
A- A+

""Qızıl top"u qazanmaq üçün çox çalışmışdım. Bu mükafat mənim ötən il yaxşı oynadığımın sübutudur. "Qızıl top"u yenidən qazanmaq istəyirəm. Əvvəllər üç dəfə dünyanın ən yaxşı futbolçusu seçiləcəyimi düşünmürdüm. Formada qalmaq çox çətindir. Səkkiz ildir ki, ard-arda ilin rəmzi komandasında və ən yaxşı üç futbolçusu arasında yer alıram və buna görə də qürur hissi keçirirəm. Çünki bu, hər bir futbolçunun qazana biləcəyi uğur deyil. Mən və Messidən başqa həmin nailiyyətləri əldə edən futbolçu yoxdur".
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştianu Ronaldu "Qızıl top"u qazandıqdan sonra FİFA-nın saytına açıqlamasında deyib.
 
O bildirib ki, uğurlar əldə etməsinə baxmayaraq, hələ də özünü dünyanın əfsanəvi futbolçularından biri hesab etmir:
 
"Klubumla və fərdi mükafatlar qazansam da, hələlik unudulmazlar arasında deyiləm".
 
K.Ronaldu bundan sonra 5-7 il daha futbol oynamağa davam edəcəyini də söyləyib: "29 yaşım var, ancaq özümü 25 yaşında hiss edirəm. 5-7 il də futbol oynamağı düşünürəm. Bəlkə də, 40 yaşıma kimi karyeramı davam etdirə bilərəm. Ancaq bu, həmin vaxt yaxşı formada olub-olmamağımdan asılıdır".
Ötən il Portuqaliya millisindəki çıxışını dəyərləndirən 29 yaşlı hücumameyilli yarımmüdafiəçi bildirib ki, millidəki oyununa görə peşman deyil:
 
"Çempionlar Liqasının finalında "Atletiko"ya qarşı matçda zədələnmişdim. Həmin oyundan sonra iki həftə dincəldim, amma zədəm hələ sağalmamışdı. O zaman baş məşqçimə məni milliyə çağırmamasını söyləyə bilərdim. Ancaq belə etmədim. Çünki dünya çempionatında oynamasaydım, tənqid olunacaqdım. Dünya çempionatında zədəli olduğuma görə bütün gücümlə oynaya bilmədim. Mən öz zəhmətimlə uğurlar qazanmışam və ötən ilin ən yaxşısı olduğum üçün "Qızıl top"u qazandım".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/319039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR