AMEA 2014-cü ildə görülən işlərlə bağlı hesabat verdi

AMEA 2014-cü ildə görülən işlərlə bağlı hesabat verdi
17:16 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2014-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib. Konfransda ötən il akademiyada həyata keçirilən islahatlar, maddi-texniki bazanın gücləndirilməsi, innovasiya xarakterli elmi tədqiqat işlərinin genişləndirilməsi, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması, həmçinin dünyanın aparıcı elmi müəssisələri ilə əlaqələrin daha da genişləndirilməsi istiqamətində görülən işlər barəsində ətraflı məlumat verilib.
 
AMEA prezidenti Akif Əlizadə əvvəlcə akademiyanın yaradılmasının 70 illik yubileyinin keçirilməsi istiqamətində aparılan hazırlıq işlərindən danışaraq bildirib ki, artıq Tədbirlər Planı təsdiq olunub və cari ildə ölkədə baş tutacaq mühüm tədbirlər nəzərə alınaraq yubileyin noyabr ayında reallaşdırılmasına qərar verilib:
 
"2015-ci il həm alimlər, həm də ümumən ölkə üçün çox əhəmiyyətli illərdən biri olacaq. İyun ayında ilk dəfə olaraq Avropa Olimpiya Oyunları  keçiriləcək. Bu da Azərbaycanın nüfuzunu beynəlxalq aləmə nümayiş etdirəcək. Eyni zamanda cari ildə parlament seçkiləri keçiriləcək. Bunların hamısını analiz etdikdən sonra qərara gəldik ki, akademiyanın 70 illiyini ilin sonunda gerçəkləşdirək".
 
 
Gəncə şəhərində akademiyanın yeni bölməsinin yaranmasının çox vacib hadisə olduğunu deyən A.Əlizadə əlavə edib ki, alimlərin ümumi iclasında qəbul olunan fəaliyyətin 90 faizi həyata keçirilib:
 
"Ötən il ilk dəfə olaraq Bakı Elm Festivalı keçirildi. Onun əhəmiyyəti çox böyük oldu. Düşünürük ki, I Azərbaycan Elm Festivalının  keçirilməsi də çox müsbət hal olardı. Bundan başqa, ilk dəfə olaraq Azərbaycan alimlərinin I qurultayı keçirildi. Qurultayda 200-ə qədər alim təmsil olundu. Tədbirə eyni zamanda elmi diasporun nümayəndələri də qatıldı. Qurultayın məqsədi Azərbaycan elmini dünya elminin səviyyəsinə uyğunlaşdırma yollarının, elmin prioritet istiqamətlərinin axtarışı idi. Bu baxımdan biz bir neçə konstruktiv təkliflər irəli sürdük. Təkliflərdən biri də elmi diasporumuzun imkanlarından istifadə etmək oldu. Onu da qeyd edim ki, bu gün AMEA-nın bir neçə üzvü öz təklifləri ilə müraciət edərək elmi nəticələrlə Azərbaycanda yeni istiqamətləri açıb onlara rəhbərlik etməyə hazırdırlar".
 
 
AMEA-nın gənc kadrlarla işinin 2014-cü ildə də uğurlu olduğunu vurğulayan A.Əlizadə qeyd edib ki, hazırda Azərbaycan elmi gəncliyi keçmiş illərdən fərqlənir. Onun sözlərinə görə, hazırkı gənc kadrlar olduqca aktivdir və gənclər tərəfindən məqsədyönlü istiqamətlərin seçilməsi sevindirici haldır:
 
"Baxmayaraq ki, Azərbaycan elmində  bir qədər qocalma prosesi mövcuddur, amma ümid var ki, istedadlı gənc alimləri əvəz etməyə hazırdır və hazırlaşmaqdadır. Bu da çox vacib məqamdır. Çünki bir gənc elmi kadrın hazırlanması üçün 10-20 illik zaman lazımdır".
Fundamental elmin nailiyyətlərinə gəldikdə isə fiziklərin, bioloqların nailiyyətlərindən söz açan A.Əlizadə bildirib ki, molekulyar biologiya istiqamətində insanların istifadə etməsi üçün terapektiv zülallar əldə edilib: "Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binalarının açılışı olub, yeni institutlar yaradılıb. AMEA-da Qafqazşunaslıq İnstitutunun yaradılması da çox mühümdür. Azərbaycan Qafqazda yerləşdiyi halda, alimlərimiz nə üçün bu regionla bağlı araşdırma aparmasınlar? Bilirsiniz ki, bədnam qonşularımız da bu regionda yerləşir. Bu baxımdan adıçəkilən institutun yaradılması vacib idi. "Göytəpə Arxeoloji Parkı"nın yaradılması ilə bağlı ilkin layihələndirmə işlərinin təqdimatının edilməsi, AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərin keçirilməsi xüsusi önəm daşıyan məsələlərdəndir. Regionda elmin kütləvi təbliği və populyarlaşdırılmasına yönəldilmiş bir sıra uğurlu layihələrə start verilməsi, ölkə alimlərinin mühüm tədqiqatlarının xaricdə tanınması və beynəlxalq tədbirlərdə təşkilatçı, yaxud iştirakçı qismində çıxış etməsi akademiyanın uğurlu siyasətinin göstəricisidir".
 
AMEA-nın poliklinikasının layihəsi hazırlanır
 
Daha sonra jurnalistlərin suallarını cavablandıran AMEA prezidenti bildirib ki, 2014-cü ildə alimlərin sosial problemlərinin həlli istiqamətində də bir sıra mühüm addımlar atılıb. AMEA-nın poliklinikasının layihəsinin hazırlandığını söyləyən A.Əlizadənin sözlərinə görə, əgər layihə üzərində aparılan işlər yanvar-fevral aylarında yekunlaşsa, yaxın zamanlarda onun tikintisi həyata keçirilə bilər.
 
AMEA-nın hüquqi problemlərinin də öz həllini tapdığını və dövlət başçısı tərəfindən akademiyanın yeni nizamnaməsinin təsdiqləndiyini önə çəkən A.Əlizadə deyib ki, bu gün akademiya yeni bir hüquqi formatda çalışmağa başlayıb: "Yeni format imkan verir ki, akademiyanın yeni strukturunu təşkil edək, yeni ştat vahidlərini formalaşdıraq".
 
Alimlər üçün yaşayış binaları tikilir
 
AMEA-nın yataqxanalarının yerində alimlər üçün yaşayış binalarının inşa olunduğunu və artıq tikinti işlərinin yekunlaşmaq üzrə olduğunu deyən A.Əlizadə evlərin müəyyən kriterilər üzrə alimlərə veriləcəyini bildirib. O, akademiyanın beynəlxalq sferada da uğurlu fəaliyyətinin olduğunu qeyd edərək, ötən ildə  bir neçə ölkə ilə memorandumların imzalandığını söyləyib.
 
İnnovativ fəaliyyət
 
2014-cü ildə akademiya innovativ baxımdan da əhəmiyyətli işlər görüb. A.Əlizadə alimlərin informasiya texnologiyaları sahəsindəki araşdırmalarını yüksək qiymətləndirərək bildirib ki, ölkədə İT-nin inkişaf etdirilməsi əsas prioritetlərdən biridir:
 
"Alimlərimizin fəaliyyəti innovativ elmin inkişafına yönəlməlidir. Bilirsiniz, Azərbaycan elminə dövlət büdcəsindən xüsusi vəsaitin ayrılmasını gözləməməliyik. Ona görə də alimlər qarşısında vacib bir məsələ qoyulub. Akademiyada fəaliyyət göstərən gənc tədqiqatçılar özləri qazanc yolunu tapmalıdır. Bunun üçün elmi fəaliyyəti gücləndirmək lazımdır. Alimlərimizin əsas fəaliyyəti innovativ elmin inkişafına yönəlməlidir. Bu da müxtəlif istehsal sahələrinə dair innovativ təkliflərin irəli sürülməsi və onların həyata keçirilməsinə gətirib çıxaracaq".
 
 
Bu kimi təkliflərə misal olaraq A.Əlizadə yanğın söndürmək üçün köpük əmələ gətirmə, mühərriklər üçün yağların icad olunması, dağ-mədən işlərinin aparılması üçün partlayıcı maddələrin hazırlanması və s. problemlərə dair təkliflərdən söz açıb. Həmçinin AMEA-da innovativ şöbələrin sayının artırılmasının vacibliyini vurğulan A.Əlizadə biznes strukturları ilə yeni münasibətlərin qurulduğunu bildirib:
 
"Biznesmenlər, iri holdinq rəhbərləri ilə müzakirələr aparmağa hazırıq. "Alim-biznes sahibi" münasibətləri çərçivəsində əlaqələr qurulur. Bu, yeni bir formatdır. Bizim irəli sürdüyümüz təkliflər yavaş-yavaş biznes strukturları tərəfindən qəbul olunur. Akademiyamız ötən ildən başlayaraq büdcədən kənar vəsait də əldə etməyə imkan tapıb. Bunlar hələlik ilk addımlardır. Bu gün innovativ təkliflər paketi formalaşır və onların bizneslə əlaqələrinin yaradılmasına böyük imkanlar vardır. Hazırda böyük holdinqlər, biznes rəhbərləri akademiyaya olan nəzərlərini artırıblar. Hiss edirlər ki, akademiya axtarışdadır, alimlər əldə etdikləri nailiyyətləri, elmi yenilikləri istehsalatda tətbiq etmək niyyətindədir".
 
 
AMEA-da magistraturaya qəbul aparılacaq
 
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına sənəd qəbulunun vaxtı da açıqlanıb. AMEA prezidenti Akif Əlizadə bildirib ki, magistratura pilləsinin yaradılması AMEA üçün ən vacib problemlərdən biridir:
 
"Bu ilin fevralında ilk dəfə AMEA-nın magistraturasına qəbul elan olunacaq. Magistraturaya qəbul 7 ixtisas üzrə aparılacaq. Həmin ixtisaslar dilçilik, antropologiya, nəzəri-fizika, geologiya, kimyəvi genetika, molekulyar biologiya, bitkilərin seleksiyasıdır". A.Əlizadə onu da vurğulayıb ki, AMEA-nın magistratura pilləsinə qəbul pilot layihə kimi Təhsil Nazirliyi ilə danışılıb:
 
"Gənc alimi yetişdirmək üçün əlimizdə elm zəncirinin bütün istiqamətlərini tuta bilməliyik. Əgər magistraturaya, doktoranturaya qəbul hazırlayırıqsa, zəncirdə lisey-gimnaziya nəzarətsiz qalırdı. Bu baxımdan Təhsil Nazirliyi ilə danışıq aparılıb. Razılaşmaya əsasən nazirlik tərəfindən AMEA-ya 2 lisey ayrılıb. 6-cı sinifdən yuxarı akademiyanın alimləri müxtəlif istiqamətli təhsil keçəcəklər. Onu da təəssüflə qeyd etməliyəm ki, hələlik akademiyanın universiteti yoxdur. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan Milli Elmlər Akademiyasının doktorantura pilləsinə qəbul azaldılıb. Yəni az olsun, keyfiyyətli olsun".
 
Alimlərə "Qızıl medal" veriləcək
 
Azərbaycan Milli Elmlər Akademiyasının alimləri ilk dəfə olaraq "Qızıl medal" alacaqlar. AMEA prezidenti Akif Әlizadə bu barədə də məlumat verərək qeyd edib ki, akademiya tərəfindən alimlər üçün təsis edilən "Qızıl medal" iki alimə - bir azərbaycanlı və bir xarici ölkədən olan elm xadiminə veriləcək. Akademik onu da vurğulayıb ki, cari ilin aprelində Rəyasət Heyətinin ümumi yığıncağında "Qızıl medal"lar ilk dəfə olaraq ən yüksək elmi nailiyyətə görə təqdim ediləcək. Bu medallar Rəyasət Heyəti tərəfindən təsdiq olunan alimlərə veriləcək.
 
İsmaliyyədə  sovet dövrünə aid elementlər götürüləcək
 
AMEA Rəyasət Heyətinin binası ("İsmaliyyə") üzərində Sovet dövrünə aid element və yazıların dəyişdirilməsi ilə bağlı təşəbbüsün qaldırıldığını söyləyən A.Əlizadənin sözlərinə görə, AMEA prezidenti adından Bakı meri Hacıbala Abutalıbova, mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə məktub ünvanlanıb:
 
"Onlardan xahiş etmişik ki, bu problemdə bizə köməklik etsinlər. Bu, dövlətin işidir".
 
Seymur Qasımbəyli


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34759-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR