ƏƏSMN ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında əməkdaşlıq istiqamətləri müəyyən olunub

ƏƏSMN ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında əməkdaşlıq istiqamətləri müəyyən olunub
17:28 14 Yanvar 2015
320 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisinin nümayəndələri ilə növbəti görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli TİKA-nın ölkəmizdə iqtisadi, sosial və mədəni sahələrdə həyata keçirdiyi layihələrin, habelə təşkilatın uzunmüddətli əməkdaşlıq layihələri üzrə fəaliyyət təcrübəsinin təqdirəlayiq olduğunu vurğulayıb.

Nazir müavini bildirib ki, ötən ilin dekabrında TİKA-nın Bakı ofisinin nümayəndələri ilə keçirilən görüşdən sonra bu qurumla daha vacib və praktik iş sahələrində əməkdaşlıq sahələrinin müəyyən olunması üçün müzakirələr aparılıb. Nəticədə TİKA ilə əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi sahəsində konkret layihələr üzrə əməkdaşlıq edilməsi məqsədəuyğun hesab olunub. Belə layihələr çərçivəsində ölkəmizin müxtəlif bölgələrində əlilliyi olan şəxslər üçün yerli xüsusiyyətlər nəzərə alınmaqla məşğulluq sahələrinin yaradılması əhəmiyyətli olar. Eyni zamanda, onların əmək bazarına uyğun peşələrə yiyələnmələrinin təşkili onların məşğulluğu, eləcə də özünüməşğulluğu üçün faydalıdır.

ƏƏSMN-in əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi sahəsində iş təcrübəsi, nazirliyin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi, habelə regional peşə tədrisi mərkəzləri barədə məlumat verilib. Qeyd olunub ki, həyata keçiriləcək layihələrdə nazirliyin müvafiq maddi texniki bazasından da istifadə məqsədəuyğundur. TİKA-nın Bakı Proqram Koordinasiya Ofisinin baş koordinatoru Mustafa Haşim Polat təklifi müsbət dəyərləndirib, qeyd olunan sahədə əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb.

Görüşdə əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi, onların peşə hazırlığının təşkili sahəsində əməkdaşlığın konkret detallarının qısa müddət ərzində bir işçi qrupu səviyyəsində müəyyən edilməsi qərara alınıb. Həmçinin yaxın vaxtlarda bu sahədə müvafiq əməkdaşlıq sənədinin imzalanması və layihələrə başlanması barədə yekdil fikir ifadə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR