Prezidentin humanist addımından “yararlanmağa” cəhd edənlər niyə narahatdır?

Prezidentin humanist addımından “yararlanmağa” cəhd edənlər niyə narahatdır?
19:43 17 Mart 2019
123 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev 16 illik prezidentlik dövründə daim xüsusi xətlə seçilən humanizm prinsipinə sadiq qalaraq, Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamı imzaladı. Bu, yüzlərlə övladın valideyninə qovuşması, yüzlərlə ailədə bayram sevincinin yaşanması deməkdir. Dövlət başçısı müstəsna səlahiyyəti olan bağışlamaq hüququndan məhz insanlara azadlıq kimi gözəl nemətin bəxş edilməsində istifadə edir. Bayram ərəfəsində bu, təkcə yüzlərlə ailəyə deyil, bütövlükdə Azərbaycan cəmiyyətinə verilən hədiyyə oldu.

Sərəncam ümumilikdə 431 şəxsi əhatə edir. 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bununla yanaşı, ömürlük həbsdən azad edilmiş bir məhkumun cəzası 25, iki məhkumun cəzası isə 20 ilə endirilib. 11 nəfər şərti cəzadan, 3 nəfər islah işləri cəzasından, 1 nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib. Beləliklə, 431 ailədə bayram sevinci yaşanır.

Bu, Prezident İlham Əliyevin 2003-cü ildən indiyə qədər 33-cü əfv sərəncamıdır. 16 illik prezidentlik dövründə İlham Əliyev ildə 2 dəfədən çox bağışlamaq hüququndan istifadə edib. Hər əfv sərəncamının yüzlərlə şəxsi əhatə etdiyini nəzərə alsaq və bura Amnistiya aktlarını da əlavə etsək, dövlət başçısının humanizm siyasətinin miqyasını təsəvvür etmək olar.

Prezident İlham Əliyevin martın 16-da imzaladığı “Məhkum olunmuş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı isə xüsusi əhəmiyyət kəsb edir. Çünki bu sərəncama həm də son dövrlər ölkədə aparılan köklü islahatların davamı olaraq baxmaq lazımdır. Əfv olunanlar arasında adı hüquq müdafiəçilərinin siyahısına salınmış 50-dən çox şəxsin olması da bunu deməyə əsas verir.

Keçmiş səhiyyə naziri Əli İnsanov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı, AXCP sədri Əli Kərimlinin qaynı Eynur Seyidov, Müdafiə Nazirliyinin sabiq mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov, jurnalist Fikrət Fəraməzoğlu, “Nida” Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə, Elgiz Qəhrəman, gənc fəallar Qiyas İbrahimov, Bayram Məmmədov, Rəşad Ramazanov, Murad Ədilov (Fransada yaşayan Natiq Adilovun qardaşı) və digərləri. Bu şəxslər siyasi məhbus kimi qələmə verilir və adətən onların üzərindən “siyasi hücumlar” edilirdi.

Prezident İlham Əliyev bu sərəncamı ilə göstərdi ki, onların siyasi mövqeyi törətdikləri cinayətə aidiyyəti olmadığı kimi, dövlət başçısının humanist addımından yararlanmalarına da heç bir aidiyyəti yoxdur.

Prezident İlham Əliyev 2003-cü ildə bəyan etdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacam” prinsipinə sadiq qaldığını bir daha nümayiş etdirdi. Bu, bütövlükdə Azərbaycan cəmiyyətini sevindirir və hər bir vətəndaşda dövlətə, onun rəhbərinə inamı gücləndirir.

Hərçənd, dövlət başçısının bayram ərəfəsində cəmiyyəti barışa, sülhə, inama kökləyən humanist addımından siyasi qazanc əldə etməyə cəhdlər də diqqətdən qaçmır. Xüsusilə Əli Kərimli və ətrafına toplaşanlar, onunla yanaşı, keçmiş səhiyyə naziri Əli İnsanov iddia edirlər ki, əfv sərəncamı “19 yanvar mitinqi” və Qərbin təzyiqi nəticəsində reallaşıb.

Birincisi, Azərbaycan dövləti ilə “təzyiq dilində” danışmağın mümkünsüz olduğu dəfələrlə sübut olunub. Xüsusilə dövlət başçısı 16 illik prezidentliyi dövründə heç vaxt kimlərinsə, yaxud hansısa qüvvələrin istəyinə uyğun addım atmayıb. Dövlət başçısı fəaliyyəti dövründə sübut edib ki, nə Azərbaycan təzyiqlərə boyun əyən ölkədir, nə də Azərbaycan lideri şəxsi iradəsinin əleyinə gedən şəxsiyyətdir.

İkincisi, Azərbaycan hüquqi dövlətdir, hətta hansısa dairələr kimlərinsə azad edilməsini istəsələr belə, bu, heç nəyi dəyişdirə bilməz. Azərbaycan Prezidenti də yalnız konstitusiyanın ona verdiyi səlahiyyətlər çərçivəsində hərəkət edir, qanunun aliliyini daim əsas tutur. Bunun fonunda hər-hansı gülünc iddialar irəli sürmək, özünü biabır etməkdən başqa bir şey deyil.

Üçüncüsü, Ə.Kərimli və komandası “19 yanvar mitinqi” iddiası ilə doğrudan da özünü gülünc vəziyyətinə salır. Doğrudanmı, dünya gücləri qarşısında əzmlə milli maraqlarımızı müdafiə edən və bir addım da geri çəkilməyən Azərbaycan lideri qərarlarını gerçəklikdən uzaq iddialara uyğunlaşdırır? Belə düşünmək artıq kliniki hadisədir.

Əslində Əli Kərimli və dəstəsinin son dövrlər kliniki vəziyyətdə olduğu aydın görünür. Çünki dövlət başçısının cəmiyyətə barış, sülh mesajı olan bu sərəncamının bir sıra ciddi siyasi nəticələri olacaq:

1. Cəmiyyətdə siyasi mövqeyindən asılı olmayaraq, müsbət abu-hava yaranacaq.

2. Mövcud hakimiyyətin mövqeləri daha da güclənəcək.

3. Azərbaycana qarşı “siyasi məhbus” iddiaları aradan qalxacaq və belə iddiaların ixrac edildiyi Qərbdə ölkəmiz haqqında müsbət imic güclənəcək.

4. Son dövrlər sosial sferada atılan inqilabi addımlardan sonra bu sərəncam prosesin siyasi müstəviyə keçməsi deməkdir. Bu isə Azərbaycanda xalq-iqtidar tandemini daha da gücləndirir.

5. Baş verənlər həm də Əli Kərimlinin onun siyasi cameədə qalmasının yeganə səbəbi olan iddialarının alt-üst olması deməkdir.

Cəmiyyətin sevincinə “göz dikmək” olan belə iddiaların irəli sürülməsi də məhz bu narahatlıqdan irəli gəlir. Hərçənd, bu iddiaları irəli sürənlər çox istəyərdilər ki, əfv sərəncamı olmasın, heç kim, hətta adı hüquq müdafiəçilərinin siyahısına salınmışlar həbsxanada qalsınlar, çünki bu, onları “siyasi ölümdən” xilas edərdi. Lakin Prezident İlham Əliyev müstəsnə səlahiyyətini insanlara məhz azadlıq kimi şirin nemətin bəxş edilməsi üçün növbəti dəfə istifadə etdi. Buna qarşı iddialar irəli sürmək cəmiyyətin sevincinə “göz dikmək” və Prezidentin humanist addımından öz maraqlarına uyğun “yararlanmaq”dan başqa bir şey deyil…

Publika.az


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/272986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR