Uşaqlara şəkərbura, paxlava olar? – Pediatrdan valideynlərə TÖVSİYƏ

Uşaqlara şəkərbura, paxlava olar? – Pediatrdan valideynlərə TÖVSİYƏ
22:49 19 Mart 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Elə ki, Novruz bayramı gəlir hər birimiz süfrəmizi müxtəlif təamlarla, milli şirniyyatlarla bəzəyirik. Bu şirniyyatların hamısının hazırlanmasında allergiya üçün münbit şərait yaradan yumurta, şəkər, süd kimi məhsullardan istifadə olunur. Təəssüf ki, son zamanlar doğulan uşaqların əksəriyyəti allergiyadan əziyyət çəkir. Bəs necə edək ki, uşaqlar bayram şirniyyatları dadsınlar, amma onlarda hər hansı bir fəsad yaranmasın?

E-tibb.az bununla bağlı pediatr Aytən İsmayılzadənin fikirlərini təqdim edir.

Həkim deyir ki, şirniyyatların insan orqanizminə zərərli olması barədə böyüklərin məlumatları olsa da, bayram günlərində buna az əhəmiyyət verən, “ildə bir dəfə olan şeydir, heç nə olmaz”, - deyə düşünən valideynlər az deyil. Halbuki valideynlər bu məqamda daha diqqətli olmalıdırlar: “Bəzi xəstəliklərdə və narahatlıqlarda uşaqlara Novruz şirniyyatlarını ümumiyyətlə, vermək olmaz. Məsələn, uşaqda allergik diatez, neyrodermit, atopik dermatit, allergik rinit, piylənmə, şəkərli diabeti kimi xəstəliklər varsa, bronxial astmadan, disbakteriozdan, tez-tez öskürəkdən əziyyət çəkirsə, həzm diskomfortu - köp, sancı, həzmsizlik, qəbizlik, ishal varsa, qaytarmağa meyllidirsə, ona şirniyyat qəti qadaqandır. Ümumiyyətlə, sağlam hesab etdiyimiz uşaqlar belə, bu günlərdə şirniyyatla, çərəzlə çox bəslənməli deyil. Həmçinin, süd verən anaları da unutmaq olmaz. Süd verən analar da bu şirniyyatlardan və çərəzlərdən çox az istifadə etməlidirlər. Gündə bir-iki şəkərbura, ya da bir paxlava çoxdur ki, az deyil. Qoz, yer fıstığı yeyərkən ehtiyatlı olmaq lazımdır”.

Pediatrın sözlərinə görə, deyilənlərə əməl edilməsə, uşaq orqanizmində aşağıdakı hallar baş verə bilər:

– Çoxdandır sağlam olan uşaq öskürməyə başlayar, yaxud  mövcud xəstəliyi kəskinləşər.

– Astma, boğulma tutmaları sıxlaşar

– İştaha azalar və digər faydalı qidalara maraq azalar

– Heç vaxt qəbizlikdən əziyyət çəkməyən uşaq qəbizliklə üzləşər

– İnsulin hasili artar və artıq çəkidən əziyyət çəkənlər üçün bu, arzuolunmazdır

– Sönmüş allergik fon güclənər, yaxud gizli allergik fon üzə çıxar.

A. İsmayılzadə vurğulayır ki, hər şey qədərində olduqda zərərsiz və faydalı olar. Məsələn, əgər uşağınızın 3-5 yaşı varsa, ona gündə yarım ədəd paxlava və yarım ədəd şəkərbura verməyiniz kifayətdir: “Sadaladığım xoşagəlməz hallara səbəb olan amil karbohidratdan (şəkər, un) bol istifadədir. Artıq karbohidrat selikli qişalarda iltihaba səbəb olur. Enterit, qastrit, rinit, bronxit selikli qişa problemlərindən yaranır, maya göbələyi aktivliyini artırır, dolayısı ilə immunitet zəifləyir və allergik fon güclənir. Həmçinin müxtəlif çərəzlərin, yumurta və südün potensial allergen olması danılmazdır. Uşaqları qorumaqda çətinlik çəkirsinizsə, o zaman bol maye verin və ilk əlamətlərdə həkiminizi məlumatlandırın. 1-3 yaşlı uşaqlar üçün qidaların zərərindən başqa yad cisim təhlükəsi də ola bilir. Belə ki, fındıq, badam, digər çərəzlərin qabığı, ləpəsi kiçik yaşlı uşaqların nəfəs yoluna düşərsə, həyati təhlükə yarada bilər. Ona görə bayram günlərində azyaşlı uşaqlara xüsusi nəzarət etmək lazımdır. Əgər bu hal baş veribsə, uşağın nəfəs yoluna nəyinsə qaçdığından şübhələndinizsə, bu zaman özünüzü itirmədən ilk yardım etməyə çalışın, uşağı ayaqlarından tutub başı aşağı sallayın və iki kürək sümüyünün ortasına əlinizlə beş dəfə bərk zərbə vurun. Təcili yardıma müraciət etməyi isə unutmayın, yaxud yaxınlıqdakı xəstəxanada qulaq-burun-boğaz həkiminə müraciət edin, çöpçüyə deyil”.

Sonda pediatr onu da məsləhət gördü ki, valideynlər yumurtaları kimyəvi boyalarla, cizgi film qəhrəmanlarının hazır şəkilləri ilə deyil, ziyansız qida boyaları ilə rəngləsinlər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/309000

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR