Vergilər Nazirliyi proqnoza 100,2 faiz əməl etdi

Vergilər Nazirliyi proqnoza 100,2 faiz əməl etdi
19:08 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

2014-cü ildə Vergilər Nazirliyinin xətti ilə büdcəyə 7 milyard 113 milyon 622,4 min manat vəsait daxil olub.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, 2014-cü ilin yanvar-dekabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 113 milyon 622,4 min manat vəsait daxil olub, proqnoza 100,2 faiz əməl edilib. Bu məbləğin 32,4 faizi mənfəət vergisinin, 28,8 faizi əlavə dəyər vergisinin, 13,8 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,4 faizi aksizlərin, 15 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 4 milyard 306 milyon 486,5 min manat vəsait daxil olub ki, bu da ötən illə müqayisədə 14,5 faiz çoxdur.

Hesabat dövründə respublika üzrə 82 688 vergiödəyici qeydiyyata alınıb. 1 yanvar 2015-ci il tarixə qeydiyyatda olan vergiödəyicilərin ümumi sayı 609 742 olub ki, bu da 2014-cü ilin 1 yanvar tarixinə qeydiyyatda olan vergiödəyicilərin sayından 13,4 faiz çoxdur.

2014-cü ildə respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,2 faiz təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR