Bayram günlərində necə qidalanaq? – Dietoloqdan MƏSLƏHƏT

Bayram günlərində necə qidalanaq? – Dietoloqdan MƏSLƏHƏT
16:59 20 Mart 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Bayram süfrələrini plovsuz və şirniyyatsız təsəvvür etmək mümkün deyil. Hələ ikinci köməkçi yeməklər və salatları demirik. Təntənəli yemək mərasimindən sonra isə süfrəyə cürbəcür dadlı şirniyyatlarla çay, çərəzlər, meyvələr gəlir. Beləcə, çox zaman yeməyə nəzarəti itiririk və yığdığımız kaloriləri nəzərə almırıq. Bayramdan sonra isə yığdığımız artıq çəkilərlə mübarizə, pəhriz, arıqlamaq qayğıları başlayır. Bəs bayram günlərində necə qidalanaq? Dietoloq Leyla Zülfüqarlının bununla bağlı fikirlərini təqdim edirik.
 
Dietoloq bildirib ki, ümumiyyətlə, bayram günlərində qidalanmaya xüsusi diqqət etmək lazımdır. Bu baxımdan Novruz bayramı ikiqat məsuliyyət tələb edir. Çünki Novruz daha çox şirniyyat bayramı kimi xarakterizə olunur: “Təəssüf ki, bizdə bayram günləri yalnız yeməklə ölçülür.  bizim üçün bayram adət-ənənəsi yeməklərdən aldığımız zövqdür. Halbuki bunu əylənmək, şənlənmək, deyib-gülmək, oynamaqla tamamlasaq, yəni fiziki aktivliyi də əlavə etsək, normal yemək və şirniyyatlardan da zövq ala bilərik. Bayram günlərində yemək paylarına mütləq nəzarət etməliyik. Yemək paylarımız kiçik olmalıdır. Qurban bayramında bir başqa tərzdə qidalanırıq, Yeni ildə bir başqa. Ən təhlükəli qidalanma isə Novruz bayramına düşür. Novruz bayramında digər bayramlara nisbətən qidalanma proqramı zəngin olduğu üçün daha çox məsuliyyət tələb edir. Şirniyyatlardan təkcə bir şəkərbura bir pay kalorili yemək qədərdir. Məsələn, bir boşqab yağlı ətli aş qarası ilə plov təqribən bir şəkərburanın kalorisi ilə ekvivalentidir. 1 şəkərbura 650 kaloridirsə, bir qab plovda da təqribən bu qədər kalori var”.
 
L. Zülfüqarlı ağır yeməklərdən sonra çayla şirniyyatların orqanizm üçün ikiqat təhlükə mənbəyi olduğunu deyir: “Nəzərə almalıyıq ki, azərbaycanlılar metabolik xəstəliklərdən əziyyət çəkən xalqdır. Burada əsasən şəkərli diabet, zob xəstəlikləri nəzərdə tutulur. Belə xəstəliklərə meylli olan insanlar xüsusilə şirniyyat sarıdan ehtiyatlı olmalıdırlar. Bu cür insanlar Novruz bayramında istədikləri kimi, kifayət qədər şirniyyat qəbul etsələr, artıq risk qrupuna daxil ola bilərlər. Novruz bayramını nə qədər sevsək də, özümüzə və qidalanmamıza qarşı bir o qədər tələbkar olmalıyıq”.
 
Mütəxəssisin sözlərinə görə, bu günlərdə qidalanma ilə bağlı orqanizmə istirahət vermək vacibdir: “Özümüz istirahət etdiyimiz kimi, orqanizmimizə də dinclik verməliyik. Məsələn, bir gün günün birinci yarısı şirniyyat qəbul etsək, o biri gün şirniyyatdan imtina etməliyik. Hər gün bir-birinin ardınca şirniyyat yemək orqanizm üçün doğru deyil. İstirahət günlərində hesablamadığımız hipodinamik həyat tərzini də nəzərə almaq lazımdır. Şirniyyatı adət etdiyimiz qara çayla içmək məsləhət deyil. Bu günlərdə bitki çaylarına, əsasən, yaşıl çaya və darçın çubuğu ilə dəmlənmiş çaylara üstünlük verilməlidir”.
 
Bayram günlərində pəhriz saxlayanların üzərinə daha çox məsuliyyət düşür. Pəhriz saxlayanların çoxu demək olar ki, bayramı doyaraq yaşamadıqlarını etiraf edirlər. Çoxları isə hətta dadlı yeməklər, müxtəlif şirniyyatlara kənardan baxmaqla kifayətlənir. L. Zülfüqarlının isə pəhriz saxlayanlara xoş xəbəri var: “Düzdür, pəhriz saxlayanlar üçün bayram günləri sıxıntılı keçir. Amma pəhrizlərini də davam etdirirlər. Təbii ki, yemək və şirniyyatlardan da dadaraq. Üstəlik, heç bir problem də yaşamırlar. Bu şərtlə ki, nəzarəti itirməsinlər. Əgər bir gün bir paxlava və bir şəkərbura yeyirlərsə, həmin gün kalorili yeməkdən imtina etmək lazımdır. Bu cür etsələr, ciddi xətalardan qoruna bilərlər”.
 
 
 
E-tibb.az

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/309039

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR