Ürəyin Holter monitorinqi

Ürəyin Holter monitorinqi
18:47 21 Mart 2019
Ölkə mətbuatı
A- A+

Bəzi ürək problemlərinin diaqnostikasında EKQ müayinəsi kifayət qədər informativ olmur. Bu cür hallarda insan bədəninin əsas əzələsinin funksiyasını uzun müddət ərzində qeyd edilməsinə ehtiyac yaranır. Bu məqsədlə Holter monitorinqindən istifadə olunur.

Müayinə haqqında

Milli.Az sahhat.az-a istinadən bildirir ki, ürəyin Holter monitorinqi (EKQ-nin sutkalıq monitorinqi) - sutka ərzində və ya daha uzun müddət ərzində daşınan kardioregistratorlar (monitorlar) vasitəsi ilə elektrokardioqrammanın (EKQ) fasiləsiz yazılmasıdır.

Müayinənin məqsədi EKQ-nin fasiləsiz olaraq aparatdakı yaddaş kartına yazılmasıdır. Funksional diaqnostika həkimi bu yazıların kompüterdə işlənməsindən sonra ürəyin ritmi, ürəkdəki pozuntular, işemik dəyişikliklər, fasilələr haqqında nəticə çıxarır.

Üsul  ilk dəfə 1952-ci ildə EKQ-nin uzunmüddətli yazılışını tətbiq etmiş alimin adını daşıyır.

Üsuldan nə üçün istifadə olunur?

EKQ-nin sutkalıq monitorinqindən öncə pasiyentə terapevt və ya kardioloqun baxışı keçirilməlidir. Bu müayinəyə göndərişin düzgün sənədləşdirilməsi, müayinə detallarının dəqiqlşdirilməsi (məs., dərman qəbulunun dayandırılması), diaqnozun təyini üçün vacibdir.

EKQ-nin sutkalıq monitorinqi nəyi aşkar edə bilər:

- ürək ritminin və ürək döyünmələrinin tezliyi;

- ritm pozuntuları (mədəciküstü və mədəcik ekstrasistolaları, ritmin paroksizmal pozuntuları);

- ürəyin işemik xəstəliyi nəticəsində EKQ-də işemik dəyişikliklər;

- bəzi modellərdə - ürək ritminin müxtəlifliyi.

EKQ-nın sutkalıq monitorinqi bu hallarda tətbiq olunur:

- ürəkdöyünmələr, ürək fəaliyyətində dəyişiklik, qeyri ritmik puls, baş gicəllənməsi epizodları, güclü halsızlıq və ya bayılma, ürəyin dayanması hissi kimi şikayətlərin mövcudluğunda, aritmiyaların diaqnostikasında;

- döş sümüyü arxasında sıxıcı, dartıcı, yandırıcı ağrılar zamanı (xüsusən,fiziki gərginlik zamanı), fiziki gərginlik problarının testlərindən öncə, boğazda tıxanma hissi, qıcqırma, alt çənə və dirsəklərdə ağrı epizodları;

- elektrokardiostimulyatorların işinə nəzarət məqsədi ilə;

- pasiyentin vəziyyətinə dinamik nəzarət, o cümlədən müalicənin effektivliyinə nəzarət.

Prosedura necə hazırlaşmaq lazımdır?

Prosedurdan öncə səhər gigiyenik duş qəbul edilməlidir. Dəriyə heç nə sürtülməməlidir. Dəri quru və təmiz olmalıdır. Kişilərə döş nahiyyəsindəki tükləri qırxmaq tövsiyyə olunur: bu həm elektrodların ağrısız çıxarılmasını təmin edir, həm də yazının keyfiyyətini qat-qat artırır.

Dərman preparatları həkimin məsləhəti ilə dayandırılır. Müayinəyə göndəriş yazan həkim bu barədə heç bir göstəriş verməmişsə, dərmanlar adi qaydada qəbul olunmalıdır.

Müayinədən öncə doyunca yatmaq, normal qəlyanaltı etmək, tələsmədən klinikaya gəlmək lazımdır. Pasiyentin komfortu üçün kip mayka geyinmək, üstdən isə boş geyim (reqistratoru gizlədlə biləcək) keçirmək məsləhətdir. Xanımlara büstqalteri geyinmək tövsiyyə olunur.

Müayinə necə keçirilir?

Döş qəfəsinin ön səthinə tibb bacısı birdəfəlik elektrodları qoşur, onları yapışdırıcı lentlə bərkidir. Adətən, onların sayı 5-7 olur. Elektrodlardan kiçik cihaza tərəf naqillər uzanır. Registrator xüsusi üzlük  içində  pasiyentin boynundan asılır (bəzən belindən). Registratorun işə salınmasından sonra EKQ-nın yazılmasına başlanılır. Bundan sonra monitora əl dəyilməməlidir. Üzərindəki düymələrə yalnız tibb bacısından bu cür göstəriş verildikdə basılmalıdır, bu da mütləq deyil.

Pasiyentə müşahidə gündəliyi verilir. Bu gündəlikdə gecə yuxusu saatları qeyd olunmalı (axşam saat neçədə yatmış, səhər neçədə oyanmış). Bəzi klinikalarda pasiyentə sutka ərzində bütün hərəkət və hisslər haqda qeydlər aparmaq tövsiyyə olunur. Digərlərində - bir neçə yüklənmənin keçirilməsi məsləhət görülür.

Adətən, pasiyentə gün ərzində bir neçə dəfə yorulanadək (artıq əziyyətsiz) pilləkənlə qalxmaq tövsiyyə olunur. Pasiyentə yüklənməni apardığı vaxtı və yüklənmədən sonra keçirdiyi hissləri qeyd etmək məsləhət görülür. Gündəlikdə bü cür yazı həkimə EKQ-dəki dəyişiklikləri yüklənmə və şikayətlər arasındakı əlaqəni qiymətləndirməyə kömək edir.

Sutka ərzində pasiyent ürək fəaliyyətində pozuntular hiss edirsə, ürək döyüntülərin sayı artırsa, başgicəllənmə və digər hallar yaranırsa, bunların hamısını gündəlikdə qeyd etmək lazımdır. Ətraflı qeydlərə ehtiyac yoxdur, əsas o dur ki, bu cür şikayətlərin vaxtı dəqiqliklə qeyd olunsun.

Dərmanların qəbul vaxtı qeyd olunmalıdır. Tez-tez arterial təzyiqi ölçmək və qeyd etmək lazım deyil. Qida qəbulu, istrahət, emosional gərginlik əhval-ruhiyyəyə təsir göstərdiyi halda  vaxtını qeyd etmək lazımdır.

Pasiyent adi rejimdə yatmalıdır (qarnı üstə uzanmamaq şərti ilə).

Elektrodlar qopsa, onları yenidən yapışdırmaq lazımdır.

Ertəsi gün  səhər pasiyent monitoru çıxarmaq üçün kabinetə qayıdır. Bundan sonra yazı həkim tərəfindən işlənir. Bu proses bir neçə saat tələb edə bilər, bu səbəbdən nəticə, adətən, ertəsi gün hazır olur.

Müayinə zamanı pasiyent metalaxtarıcı cihazların çərçivələrindən keçməməlidir (məs., marketlərdə, stadionlarda). Kompüter və mobil telefonlardan istifadə etmək olar. Rentgenoqrafiya və ya maqnit-rezonans tomoqrafiya müayinələrini aparmaq olmaz. Ultrasəs müayinəsi yalnız döş qəfəsi nahiyyəsini əhatə etməyəcəksə, və qeydlərin yazılmasına mane olmayacaqsa, aparıla bilər.

Göstərişlər

1. başgicəllənmə epizodları, bayılma, ürək ritminin pozulması.

2. keçirilmiş miokard infarktı, hipertrofik kardiomiopatiya, ürəyin digər ağır xəstəlikləri.

3. WPW sindromu, Q-T seqmentinin ləngiməsi sindromu.

4. atipik  miokard infarktına şübhə.

5. gecə apnoları sindromuna şübhə ( apnoe analizi üçün xüsusi proqram tətbiq olunur)

6. kardiostimulyatorun işinə nəzarət

Əksgöstərişlər

EKQ-nın sutkalıq monitorinqinin aparılması döş qəfəsi nahiyyəsində dərinin iltihabi xəstəlikləri zamanı əks göstərişdir. Bu müayinənin keçirilməsinə başqa məhdudiyyətlər yoxdur. Müayinə hər yaşda və istənilən yanaşı xəstəliklərin mövcudluğunda keçirilə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/740589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR