"Nöqtə xahişinə" vadar edən problem

"Nöqtə xahişinə" vadar edən problem
04:32 22 Mart 2019
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekspert deyir ki, sosial şəbəkə istifadəçiləri nöqtə qoyulmasını istəməklə, profillərinin aktivliyini artırmağa çalışırlar 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Bir neçə gün əvvəl sosial şəbəkədə yaranmış problem istifadəçilərin narahatlığına səbəb olub. İstifadəçilərin "blok olmuşam nöqtə qoyun", "instaqramda nə baş verir", "rəy yaza bilmirəm, nöqtə qoyun" tipli paylaşımlar gündəmi zəbt etmişdi. Məsələnin nədən qaynaqlandığını, istifadəçilərin nə üçün belə bir problemlə üzləşdiyi bilinmirdi. Hər kəs yazdığı statusunu mahiyyətini anlamadan, sadəcə, "nötqə" istəyirdi. Hətta "nöqtə istəmək" məsələsi sosial şəbəkə istifadəçiləri arasında yumor obyektinə də çevrildi.  Şəbəkə istifadəçiləri zarafat olsun deyə, "nöqtə" ilə bağlı paylaşımlar etməyə başladılar. 

Bəs gerçək problem nədən qaynaqlanırdı? Bunun səbəbini öyrənməyə çalışdıq.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz problemlə bağlı mətbuata verdiyi açıqlamada bildirib ki, sosial şəbəkələrdə müəyyən texniki problemlər yalnız Azərbaycanda deyil, dünyanın bir sıra regionlarında baş verib: "Bir neçə gündür qlobal sosial media resurslarında - "Facebook", "İnstagram," "WhatsApp" və s. texniki problemlər yaşanır. Bu, yalnız bizdə deyil, Amerikanın bəzi hissələrində, Asiyada  və s. regionlarda yaşanıb. İstifadəçilər paylaşım edə, "messencer"ə daxil ola və rəy yaza bilməyiblər. Hətta girişdə problem yaşayanlar da olub. Sonradan açıqlama oldu ki, sosial media resurslarının serverlərinə müxtəlif təminat proqramlarından istifadə olunaraq müəyyən hücumlar təşkil edilib. Həmin hücumlardan dolayı  serverlərdə problemlər yaşanıb və normal fəaliyyət göstərə bilməyiblər. Məndə olan məlumata görə, problem həll olub həmin resurslar artıq normal işləyir". 

O. Gündüz qeyd edib ki, istifadəçilərin belə hallar zamanı ehtiyatlı olmaları vacibdir: "Belə hal yaşanarkən, gələn mesajları açan zaman ehtiyatlı olmaq lazımdır. Çünki gələn mesaj şübhəli ola və fərdi məlumatlar oğurlana bilər. Həmin anlarda təşvişə düşmək lazım deyil. Tövsiyə olunur ki, müəyyən proseslərin gedişlərini izləsinlər və ona uyğun hərəkət etsinlər. Yəni əsas narahatlıq vətəndaşların fərdi məlumatlarının oğurlanması, resurslarına başqa adamlar tərəfindən giriş olması ilə bağlı ola bilər. Tövsiyəm o olardı ki, istifadəçilər öz şifrələrini dəyişsinlər. Arzu olunmayan, şübhəli mesajlara, yazışmalara diqqətli yanaşsınlar və açmasınlar. Elementar informasiya təhlükəsizlik qaydalarına əməl etmək vacibdir".  

Qeyd edək ki, yaranmış problem ilk olaraq şəbəkəyə hər hansı hücumların olması ilə əlaqələndirildi. Lakin "Facebook"-un əməkdaşları şirkətin servislərinin işləməsində yaranmış problemlərin DDoS-hücum səbəbinə görə yaranmadığını  düşünürlər. Bu haqda şirkətin "Tvitter"dəki bəyanatında deyilir: "Biz problemi olduqca tez həll etməyə çalışırıq, lakin problemin DDoS-hücumla bağlı olmadığını təsdiqləyə bilərik". 

Yeri gəlmişkən, istifadəçilərinin sosial şəbəkədə problemlə üzləşdiyi "İnstaqram" da "Tvitter"-dəki mesajında DDoS-hücum versiyasını rədd edib.
 
İT sahəsi üzrə ekspert Qafar Əhmədov qeyd etdi ki, sosial şəbəkələrin bir neçəsində eyni anda problemin baş verməsi normaldır: "Çünki "Facebook, "whatsap" "İnstaqram" kimi şəbəkələr eyni serverdən idarə olunur. Düşünün ki, bu şəbəkələrin milyardlarla istifadəçisi var. Və bu şəbəkələrə eyni anda daxil olanda müəyyən yüklənmə, texniki problem yaşana bilər. Bu şəbəkələrin serverləri də çox böyükdür. Problemi dərhal aradan qaldırmaq bir az zaman alır. Adicə, bizim şəxsi kompüterlərimizdə yaranan texniki problemləri aradan qaldırmaq müəyyən zaman tələb edir. Belə böyük serverlərdəki problemləri həll etmək də təbii ki, zaman aparır. Nöqtə məsələsinə gəlincə isə o, elə də ciddi əhəmiyyət daşımır. Yəni nöqtənin çox qoyulması problemin həlli üçün çıxış yolu deyil. Nöqtə qoyulmasını istəməklə, həmin şəxslər profillərinin aktivliyini artırmaq istəyirlər. Çünki sosial şəbəkələrdə hər hansı bir problem olduğu zaman passiv profillərə daha tez təsir edir. Ona görə, profilində nə isə texniki problem hiss edən istifadəçilər, dərhal belə status yazıb, onu aktivləşdirmək istəyirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/739500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR