Bu peşəni həm çətin və eyni zamanda romantik adlandırmaq olar - Umayra Tağıyeva

Bu peşəni həm çətin və eyni zamanda romantik adlandırmaq olar - Umayra Tağıyeva
14:47 23 Mart 2019
100 Ölkə
Ölkə mətbuatı
A- A+

"Hidrometeoroloq peşəsini kifayət qədər nadir, kütləvi olmayan peşələrə aid edilir. Meteoroloqun işində tədqiqat obyektinə və müşahidə edilən hadisələrin obyektiv interpretasiyasına fasiləsiz diqqət vacib şərt hesab edilir.

Meteoroloqlar - xüsusi təhsilə malik insanlardır. Sözügedən peşənin mütəxəssisləri müşahidəçi, texnik, elmi işçi, mühəndis və operatorlardan ibarət olur.

Sinoptiklər hava proqnozunu hazırlayır, aeroloqlar atmosferin yuxarı qatlarının tərkibini öyrənir, dəniz hidrometeoroloqları dəniz bölməsini, aviameteoroloqlar isə hava nəqliyyatını hidrometeoroloji məlumatlarla təmin edirlər".

Milli.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli hidrometeorologiya departamentinin direktoru, çoğrafiya üzrə fəlsəfə doktoru, respublikanın əməkdar mühəndisi Umayra Tağıyeva 23 mart - Ümumdünya Metereoloqlar Günü ilə bağlı fikirlərini bölüşərkən bildirib.

Onun sözlərinə görə, hidrometeoroloqların işi çox həssas olub, yüksək dəqiqlik tələb edir: "Bu peşəni həm çətin və eyni zamanda romantik adlandırmaq olar. Belə ki, bu peşənin mütəxəssisləri ilə təbiət arasında daimi əlaqənin saxlanılması nəzərdə tutulur. Meteostansiyanın işçiləri buludlar üzərində müşahidə aparmaqla onun tipini, formasının dəyişməsini, yüksəkliyini qeyd edir, digər meteoroloji parametrlər üzrə ölçü işləri aparırlar. Hidroloqlar ölkənin yüksək dağlıq ərazilərində ekspedisiyalarda iştirak etməklə, qar ehtiyatlarını ölçüb və qiymətləndirib, buzlaqları öyrənir və bir çox digər işləri görürlər.

Sinoptiklərdən peşəkar bilik və vərdişlərdən əlavə, analitik bacarıq və peşəkar intuisiyanı inkişaf etdirmək tələb olunur. Ona görə ki, bir-birinə oxşar proseslər olmadığından, müxtəlif modellərin göstəriciləri ilkin şəraitdən asılı olaraq, bəzən əks nəticələr verir. Bu mərhələdə sinoptik yeganə düzgün qərar qəbul etməlidir, belə ki, vaxtında və düzgün verilmiş proqnozdan, işi bilavasitə hava şəraitinndən asılı olan insanların - neftçilərin, dənizçilərin, aviatorların və iqtisadiyyatın müxtəlif sahələrinin işçilərinin təhlükəsizliyi asılıdır. Bununla da sinoptiklərin işinin çox məsuliyyətli və eyni zamanda çox maraqlı olmasını qeyd etmək artıq olar.

"Yağış mümkündür" və ya "yağmursuz", "küləyin güclənməsi" və ya "yüksək dalğa" kimi sadə ifadələrin arxasında böyük kollektivin gərgin əməyi durur. Qabaqcadan deyilmiş prosesin gözlənilməsi çox narahatedicidir. Bu yəqin ki, hər gün əməyinin nəticəsi hamı tərəfindən görünən ən nadir peşələrdən biridir. Fürsətdən istifadə edib bizim gənclərimizi - oğlan və qızlarımızı -  coğrafiyaşünasları, fizikləri, riyaziyatçıları - bizim işimizə dəvət edirik. Ümid edirik ki, Azərbaycan hidrometeorologiyasının gələcək inkişafında öz zəhmətinizi sərf edəcəksiniz.

23 mart -  hava haqqında hər şeyi bilməyə imkan verən sahədə işləyən insanların - bütün dünyanın hidrometeorloqlarının peşəkar bayramıdır".
 

Yusif Nəsirli
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/741133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR