Ömür keçdi, gün keçdi...

Ömür keçdi, gün keçdi...
23:22 14 Yanvar 2015
211 Sosial
Ölkə mətbuatı
A- A+

Yaxın keçmişə dönüb baxıram. Hər şey necə də dəyişdi, İlahi?! Dünənki dəyərlər dəyərdən düşdü, ağlımıza gəlməyən, yuxumuza girməyən gerçəklərlə üz-üzə qaldıq.
 
Hər şey gözlərimiz önündə dəyişdi. İstəyərək, ya istəməyərək özümüz də bu yenilənmənin iştirakçısı olduq. Sovet sistemi yıxıldı, yerinə bazar iqtisadiyyatı gəldi. Sovet hakimiyyəti dövründə qanuna görə, hər şey dövlət əmlakı idi, biz bir şeyə sahib deyildik, yəni hər kəs yoxluqda bərabər idi. Müstəqillik qazandıqdan sonra isə marafon yarışı başladı: qaçan qaçdı, qapan qapdı, dünənki varlı birdən-birə müflis oldu; dünənki ac birdən-birə sərvət sahibi olub, ətrafına üstdən aşağı baxmağa başladı. Təxminən 10 il boyunca gərgin, həyəcanlı bir mərhələ yaşandı.
 
Artıq hər şey yenidən öz qəlibinə, standartına oturub. Bir şey alacaqsansa, onun qarşılığında nə verəcəyin irəlicədən bəllidir. Ona görə də artıq çoxumuz rahatlanıb oturmuşuq.
 
Ötən günlərə baxanda...
 
Bir sinifdə 28 şagird idik. Yaxşı oxuyanların, demək olar ki, heç birisi bu gün yaxşı yaşaya bilmir. Arxa cərgədə oturanlar, baş girləyənlər diribaş olub bir şey qazana bildilər. Bir söz yadıma düşür: el dağdan dönəndə axsaqlar qabağa düşər. Əslində bunda da bir məntiqə uyğunluq var. Sovet kitablarını yaxşı oxuyanlar oxuduqlarının təsirindən hələ də çıxa bilməyiblər, sovet kitablarını oxumayanlar isə yeni həyata tez alışa, günün diktəsini oxuya bildilər. Sovet kitablarında yazılmışdı ki, bir şey alıb-satmaq alverçilikdir, alverçiliyin qabağına isə möhtəkirlik yazılmışdı və hətta buna görə cinayət işi də açılırdı.
 
Böyüyən qartopu kimi
 
Çoxları keçmişin nostalgiyası ilə yaşayır, imkan tapanda oturub xəyala dalır, atasının, babasının sərvətini düşünürlər. Amma bütün bunlar artıq xatirədən başqa, bir şey deyil: nə o sovet hökuməti geri dönəndir, nə də dədə-babanın sərvəti. Bugünkü reallıq tamam başqa şeylər söyləyir. Keçmişlə yaşamaq insana üzüntüdən başqa bir şey vermir. İnsan nə qədər çətin vəziyyətdə olursa olsun, qarşısındakı variantlardan ən xeyirlisini seçməyə çalışmalıdır. Davamlı olaraq keçmişi düşünən getdikcə ağırlaşan bir yükün altında qalıb əzilməyə məhkumdur. Bu, təxminən nəyə bənzəyir, bilirsinizmi? - Dağın başından bir qartopu yumalayırsan və o qartopu üzüaşağı endikcə böyüyür, böyüyür, ağırlaşır və dərəyə çatanda çox böyük bir kütlə halına gəlmiş olur. Keçmişin üzüntüsü də eynilə belədir. Qurani-Kərim müsəlmanlara keçmişin üzüntüsündən qurtarmağı tövsiyə edir və bildirir ki, keçmişin sıxıntısını çiynində daşımaq insanın öz gücünü, iradəsini, dözümünü israf etməsidir, boş yerə xərcləməsidir.
 
Qəzavü-qədərə etiraz
 
Hələ dünya yaranmamışdan əvvəl Allah-Təala hər şeyi görürdü, hər şeyi bilirdi. Keçmiş və gələcək anlayışı insan üçün var, Allah-Təala bütün zamanların fövqündədir və hələ ilk insan Həzrəti Adəmi yaradanda bu gün bizim hansımızın nə işlə məşğul olacağını dəqiq bilirdi. Bəli, Onun elminə, bilgisinə kimsə şübhə edə bilməz. Bizim keçib gəldiyimiz bu ömür yolu taleyimizdir, qəzavü-qədərimizdir. Qədər - Allah-Təalanın bizə yazdığı alın yazısıdır, taledir, qəza isə həmin alın yazımızın vaxtı çatdıqca mərhələ-mərhələ həyata keçməsidir. Qəza deyəndə ağlınıza bir uçurum, fəlakət gəlməsin. Qəza dediyimiz kimi, taleyin gerçəkləşməsidir, yaşanmasıdır. Qarşımızdakı yaşanmamış gələcək bizim üçün qeyb aləmidir, onu Allahdan başqa, kimsə bilə bilməz. Hər şey yaşanandan sonra aşkarlanır, üzə çıxır.
 
Ən xeyirlisi bu imiş
 
Ola bilsin ki, 15 il əvvəl ağlımızdan, fikrimizdən, niyyətimizdən çox şeylər keçib, amma biz bu ömür yolunu yaşayaraq bu günə gəlib çıxmışıq. Ağıllı adamlar hər zaman düşünürlər ki, Allah-Təala onlar üçün ən xeyrli olanı qismət eləyib. Kim bilir, 15 il əvvəl sən səhər işə gəldiyin yerdə yolunu dəyişib, ticarət mərkəzinə üz tutsaydın, bu gün aqibətin necə olardı. Yolunu dəyişən olmadımı?- əlbəttə, oldu. Amma dəyişib xeyir tapdımı? - Bunu iddia eləmək çox çətin məsələdir. Bəli, insan seçim iradəsinə sahibdir, amma artıq yaşanmışlar üçün üzülməyə dəyməz. Keçmiş üçün üzülənlərin gələcəyi də üzüntüsüz keçmir.
 
Ədalətin zaman üzü
 
“Ötən günlərimi qaytaraydılar...” Qəribə və bir qədər də gülməli arzudur. Amma İlahi ədalətin zaman üzü heç kəsə doğma-ögey münasibət göstərmir, hamını özü ilə aparır, hamını eyni yaşla qocaldır, kimsənin bir an sonraya dönməsinə imkan vermir. Ötən günlərlə məkan da dəyişir, insanlar da başqalaşır. Dəyişmiş məkanda və ögeyləşmiş insanlar arasında köhnə zamanın sənə istədiyin zövqü, dadı verəcəyinə ümid eləməsən, yaxşıdır. Qarşıdakı imkanları dəyərləndirməyə çalış, hər an qarşında ən gözəl bir variant var, onu seçməyə cəhd elə.
 
Mövla görəlim neylər...
 
Ərzurumlu İbrahim Həqqi həzrətləri deyir:
 
Mövla görəlim neylər,
 
Neylərsə, gözəl eylər.
 
Bu zaman axınından qaçıb qurtarmağa kimsənin nə imtiyazı var, nə də bildiyi bir fəndi.
 
Bir vaxtlar Həzrəti Adəm vardı, sonra Həzrəti Nuhla bəşəriyyət bir gəmidən keçib sabaha adladı, Həzrəti İbrahim, Həzrəti Musa, Həzrəti Məhəmməd... Sonra İslam dünyasının öz içində müxtəlif müharibələr baş qaldırdı. Bu gün dünyada biz varıq, sabah da bir başqaları olacaq. Ancaq axirətdə bütün zamanların insanları dirilib, bir araya gələcəklər, vəssalam.
 
Hansı gözdür qara torpağa axmayan?
 
Bütün yaradılmışlar ölüm qapısından keçəcəklər. Bir dərvişin mahnısında deyildiyi kimi:
 
O hansı gül üzdür ki, çürüyüb torpağa qarışmadı?
 
O hansı ala gözdür ki, su olub torpağa axmadı?
 
Ölüm də Allah-Təalanın ədalətinin bir təzahürüdür. Ölüm cəza deyil ki, keçid qapısıdır. Amma hər kəs üçün qapının o üzü də eyni olmur, bərabər olmur.
 
Zaman və ölüm: İnsanın müdaxilə edə bilmədiyi böyük gerçək.
 
Öz sərvətindən xəbərin yoxdur
 
İnsan öz uğursuzluğunu anlayanda itirdiyi imkanlar üçün alışıb-yanar. Keçmişə bağlılıq hissi də ən çox bu duyğudan qaynaqlanır. Amma kimsə mövcud halında ən çox zərərlimi, ya xeyirlimi olduğunu da bilə bilməz.
 
Tutaq ki, məmnun deyilsən, hər şeyi itirdiyinə, bərbad etdiyinə inanırsan. Amma son nəfəs gəlməmiş son imkan da tükənməz. Bu dünyada sərvət qazana bilməmək hər şeyi itirmək demək deyil. Bir də tərsinə düşün, fikirləş ki, nə yaxşı o qaçhaqaça qoşulub halalını, haramını düşünmədən əlinə keçəni çırpışdırmamısan. Nə olsun ki, pulun yoxdur, ailən ki ac deyil. Hər səhər evdən çıxıb getməyə iş yerin, salam verməyə yoldaşların varmı, axşam işini tamamlayıb könül xoşluğu ilə evinə dönə bilirsənmi, süfrəyə daşdan yumşaq nə qoyuldusa, şükür edib yeyə bilirsənmi, canın sağlamdırmı, gecələr vicdan əzabı çəkmədən mışıl-mışıl yata bilirsənmi?.. Daha bundan artıq nə istəyirsən ki, elə bilirsən sərvəti başından aşanların hamısında bu dediklərin var? Ay-hay... Üzünü qaraldacaq günahların yox, səni kimlərinsə yanında gözükölgəli edəcək əməlin yox. Bəlkə də dünyanın ən zənginlərindən birisən, sən, sadəcə, bunun fərqində deyilsən. Sərvət dediyin elə budur da... Sərvət dediyin əmanəti sahibinə ləkəsiz, təmiz halda qaytara bilməkdir.
 
Nicat qapısı
 
Əgər keçib gəldiyin bu ömür yolunda vicdanını ağrıdan, ruhunu sızladan xətaların, günahların varsa, üzünə hər zaman taybatay açıq olan tövbə qapısı da var. Allah-Təalanın mərhəmətindən ümidini kəsən şeytandır. Sən ümidini üzmə, Allah-Təala “istəyin, mən də verim”- buyurur. Əlini, dilini, yönünü Ondan çevirmə. Ən səmimi peşmanlıq hissi və əfv diləyi ilə ona yönəl! Sənin günahın nə qədər böyük olur olsun, Onun mərhəməti yanında heçlik, yoxluq qədər kiçikdir. Allah-Təalanın sənə verdiyi o uca dəyəri aşağı tutma.
 
Keçmiş üçün üzülmə. Sən həyatın ən xeyirli variantını yaşayaraq bu günə gəlmisən. Keçmişə baxma, gələcəyə bax! Ağlın, imanın işığında ən xeyirli yolu seç! Allah köməyin olsun!
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/319058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR