Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuzda genişmiqyaslı işlər görülür: Ehtiyatda olan zabit

Son 15-16 ildə Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edib, ölkəmizdə uzunmüddətli siyasi sabitlik təmin olunub, sosial-iqtisadi uğurlarımız artıb və ordu quruculuğu strategiyası daha da təkmilləşdirilib. Bu gün dünya orduları sırasında Azərbaycan Ordusunun qabaqcıl yer tutması və regionda lider ordu olması onu deməyə əsas verir ki, dövlətimizin əsas prioritetlərindən biri ölkənin hərbi potensialını gücləndirməkdir.

Bunu ehtiyatda olan zabit Yunis Eldaroğlu AZƏRTAC-a açıqlamasında deyib.

Y.Eldaroğlu bildirib: “Əlbəttə, Azərbaycan dövləti, xalqımız buna asanlıqla nail olmayıb. Ölkəmiz qısa zamanda iqtisadi uğurlarını artırmaqla, mühüm beynəlxalq iqtisadi layihələrdə pay sahibi olmaqla ordusunu müasir səviyyədə inkişaf etdirməyə imkan tapıb. Ordumuzun arsenalında olan ən müasir silah və texnikalar bəzi dövlətləri, beynəlxalq qurumları qıcıqlandırsa da, Prezidentimiz Azərbaycan dövlətinin milli maraqlarından çıxış edərək bildirib ki, ölkəmizin ərazi bütövlüyü danışıqlar vasitəsilə bərpa edilmədiyi təqdirdə torpaqlarımız hərbi yolla işğaldan azad ediləcək. Aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi qulluqçularla görüşündəki çıxışında da qeyd etdi ki, Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir”.

Diqqətə çatdırılıb ki, Prezidentin hərbi hissənin məişət şəraiti, hərbi qulluqçuların maddi-texniki təminatı və taktiki hazırlığı ilə maraqlanması Azərbaycanın hərbi qüdrətinin daha da güclənməsi sahəsində konkret addımların atılması bir daha onu göstərir. Ali Baş Komandana məlumat verən müdafiə naziri, general-polkovnik Zakir Həsənov qeyd etdi ki, qazanılan bütün hərbi uğurlarımızın əsasında ordu quruculuğu istiqamətində aparılan islahatlar dayanır. Bu islahatların həyata keçirilməsi isə dövlətin və xalqın birgə iradəsi hesabına əldə edilib. Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində son illər ordumuzda genişmiqyaslı işlər görülüb. Təkcə arxa cəbhədəki hərbi hissələrdə deyil, cəbhə xəttindəki hərbi bölmələrdə də şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün müasir məişət kompleksi yaradılıb. Bununla yanaşı, hərbi qulluqçuların, onların ailə üzvlərinin daimi və xidməti mənzillərlə təmin olunması üzrə işlər davam etdirilir. Son illər keçirilən irimiqyaslı təlimlərdə on minlərlə hərbi qulluqçu və müasir döyüş texnikası cəlb olunub. Belə tədbirlərin ardıcıl həyata keçirilməsi isə şəxsi heyətdə qələbəyə inam hissini artırır və Silahlı Qüvvələrin döyüş qabiliyyətini daha da gücləndirir. “Vətənə, dövlətə və xalqa xidmət ömrümüzün mənasıdır” prinsipini əldə rəhbər tutan Azərbaycan Ordusunun şəxsi heyəti də təlim və məşğələlərdə hərbi vərdişlərini artıraraq Ali Baş Komandanı və xalqımızı bir daha əmin edir ki, qarşıda dayanan mühüm vəzifəni uğurla yerinə yetirəcəkdir”.

Xalqımızın mühüm tarixi qələbəmiz olan Aprel zəfərinin sevincini üçüncü ildir yaşadığını deyən zabit qeyd edib: “Bu döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti böyük hünər və rəşadət nümunəsi göstərərək atəşkəsdən ötən müddətdə ilk uğura imza atdı. İki min hektardan artıq ərazi işğaldan azad edildi və bir neçə strateji əhəmiyyətli yüksəklik ordumuzun nəzarətinə keçdi. Məhz bu böyük qələbəmiz nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi illərdən bəri doğma ev-eşiklərinin həsrətini çəkən yüzlərlə köçkün ailəsini öz ağuşuna aldı. İndi bu kənddə tam yaşayış bərpa olunub. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə burada müasir yaşayış infrastrukturu yaradılıb. Əslində bu kəndə qayıdış və Lələtəpədə yüksələn ay-ulduzlu, üçrəngli bayrağımız qarşıdakı böyük qələbəmizin və tarixi torpaqlarımıza qayıdışın nişanəsidir”.

Y.Eldaroğu bildirib ki, Aprel döyüşlərindən dərhal sonra Lələtəpə ətrafındakı hərbi bölmənin döyüşçüləri ilə görüşən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində qazanılan bu qələbənin tariximizin ən şanlı səhifəsi və dərsliklərdə təbliğ edilməli olduğunu vurğulayıb. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birgə TərtərAğdam bölgəsində düşmən artilleriyasının hücumu nəticəsində dağıdılan evlərə baş çəkdi, sakinlərlə görüşdü və bu evlərin qısa vaxtda yenidən tikilib istifadəyə verilməsi üçün göstəriş verdi. Həmin görüşlərdə Prezident bir məsələni vurğuladı: cəbhə xəttində insanların əmin-amanlıq şəraitində yaşamasının əsas təminatçısı Azərbaycan əsgəridir. Bütün bunlar göstərdi ki, dövlətin və ordunun başında əsl lider və qətiyyətli sərkərdə dayanıb.

“Xalq-ordu vəhdətinin gücü də aprel döyüşlərində özünü aydın büruzə verdi. Ordunun şəxsi heyəti başa düşdü ki, arxasında xalq dayanır, həmçinin xalq da bildi ki, torpaqlarımızın qorunmasının əsas təminatçısı Azərbaycan Ordusudur. Ancaq təəssüflər olsun ki, bu möhkəm birliyə şübhə toxumu səpən adamlar da var. Özlərini müxalifət liderləri hesab edən belə nadürüstlər xaricdəki ağalarının himayəsinə güvənərək güclü dövlətimizi və qüdrətli ordumuzu gözdən salmağa çalışırlar. Məgər bir neçə günlük aprel savaşı onlara dərs olmadımı? Yaxşı olmazmı ki, Azərbaycanın müharibə şəraitində yaşadığını başa düşərək hamımız bir ideya - azərbaycançılıq məfkurəsi ətrafında birləşək və düşmənlərimizə qarşı vahid bir cəbhədə mübarizə aparaq. Bax budur əsl vətənpərvərlik, Vətən sevgisi. Bu yerdə mərhum xalq şairi Məmməd Arazı xatırlamamaq olmur, şair lap yerində deyib: Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı. Lazımdır ki, hər birimiz Vətənimizin bütövlüyü, müstəqilliyi naminə birgə çarpışaq, birlikdə mübarizə aparaq”, - deyə hərbi qulluqçu vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR