AzMİU-da Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib (FOTO)

AzMİU-da Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib (FOTO)
12:22 5 Aprel 2019
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) YAP Yasamal rayon ərazi təşkilatı Qadınlar Şurası, Azərbaycan dili və pedaqogika kafedrasının təşəbbüsü ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.

AzMİU-dan Trend-ə verilən məlumata görə, ölkə prezidenti İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və Azərbaycanda “Nəsimi ili”nin elan edilməsi haqqında sərəncamlarına əsasən təşkil olunan yubiley mərasimində universitetin rektoru, professor Gülçöhrə Məmmədova, professor-müəllim heyəti, tələbələr və qonaqlar iştirak ediblər.

YAP Yasamal rayon ərazi təşkilatı Qadınlar Şurasının sədri, universitetin Azərbaycan dili və pedaqogika kafedrasının müdiri Salatın Əhmədli tədbiri açıq elan edərək, gələn qonaqları salamlayıb. İmadəddin Nəsiminin yaradıcıcılığına nəzər salan S.Əhmədli şairin Azərbaycan xalqının XIV yüzillikdə ərsəyə gətirdiyi ən böyük mütəfəkkir şairlərdən və ideya fədailərindən biri olduğunu deyib. İslam Şərqinin hər üç ədəbi dilində əsərlər yazdığını və daha çox Azərbaycan türkcəsində qələmə aldığı ölməz qəzəlləri ilə yaddaşlara həkk olunduğunu söyləyib. Nəsiminin təkcə Azərbaycan xalqının yox, bütün dünyanın ən nəhəng söz adamlarından biri olduğunu diqqətə çatdırıb.

Sonra söz M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov və AMEA-nın Ədəbiyyat İnstitutunun Mətbuat və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, görkəmli ədəbiyyatşünas alim, professor Vüqar Əhmədə verilib. Qonaqlar Nəsiminin həyat və yaradıcılığından, yaşadığı dövrdən, onun təbliğ etdiyi hürufilik dini-fəlsəfi təlimindən, şairin əsərlərinin dil və üslub xüsiyyətlərindən bəhs edib, görkəmli Azərbaycan şairi Nəsiminin zəngin bədii irsinin tədqiqi istiqamətində aparılan işlərdən danışıblar.

Tədbirin gedişində AzMİU-nun Əcnəbi vətəndaşların hazırlığı fakültəsinin tələbələri Behzad Nikzad, Kardelen Aqum, Biləl Diler və tələbələr Murad Təbrizli, Nüsrət Fərəclinin ifasında şairin qəzəlləri səsləndirilib.

Sonda VI muğam müsabiqəsinin Qran Pri mükafatı qalibi Almaxanım Əhmədlinin ifasında Nəsiminin qəzəllərinə yazılmış musiqi parçaları təqdim olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3041876.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR