Aprel döyüşlərində mifləşdirilən “Ohanyan səddi” necə yarıldı? – MÜSAHİBƏ

Mövzumuz aprel döyüşləri, müsahibimiz isə cəbhənin Tərtər-Goranboy rayonları istiqamətində düşmənin mifləşdirdiyi “Ohanyan səddi”ni məharətlə yarmağı bacaran istehkamçı zabitlərimizdən biri, Silahlı Qüvvələrin polkovnik-leytenantı Xaliq Hüseynov...

Metbuat.az Ordu.az-a istinadən Silahlı Qüvvələrin polkovnik-leytenantı Xaliq Hüseynovun müsahibəsini təqdim edir:

Yoldaş Hüseynov doğulduğu torpaqları, o torpaqların uğrunda vuruşan doğmalarını itirib. Uşaqlıq və yeniyetmə çağlarını ədalətsiz müharibə alıb desək, yanılmarıq. Lakin o köçkünlük həyatından, müharibə illərində ürəyinə topladığı kini əsa edərək tutunub həyata. Güc tapıb, savaşıb fələyin amansız “sürprizləri” ilə...


Düşdüyü vəziyyətdən çıxış yolu düşünən balaca Xaliq hərb sənətinə və qisas eşqinə könül verir. Bu sevgi onu özündən qoparıb hərbi təhsil ocaqlarına aparır. Onun qarşısına qoyduğu məqsədə aparan yol isə ABŞ-dan, Əfqanstandan və bir neçə xarici dövlətdən keçir. Nəhayət qisas günün başlanğıcı, zəfərin müjdəçisi olan 2016-cı ilin apreli gəlib yetişir. Peşəkar edir...

Ordu.az olaraq yenə eksklüziv müsahibəni sizə təqdim edirik. Əvvəlcə gəlin qəhrəman zabitimizlə tanış olaq.

Dosye: Polkovnik-leytenant Hüseynov Xaliq Araz oğlu 1980-ci il avqustun 21-də Ağdam rayonunun Abdunlu (Abdunlu kəndi Göytəpə inzibati ərazi dairəsinə daxildir) kəndində anadan olub. Orta məktəbin birinci sinfinə rayonun Göytəpə kəndində yollanan Xaliq məlum müharibə səbəbindən sadəcə altıncı sinifə qədər oxuya bilib. Köçkünlük həyatından sonra o, Bərdə rayonunda orta təhsilini davam etdirdikdən sonra 1996-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olan bu gələcəyin polkovniki 1999-cu ildə liseyi bitirərək Ali Hərbi məktəbə qəbul edilir. O, 2003-cü ildə hərbi məktəbi də tamamlayır və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir illik taqım komandirliyi kursu keçir. Xaliq 2005-2006-cı illərdə ABŞ hərbi təhsil məktəblərinin birində mühəndis istehkam taqım komandiri kursu keçir. O, bir neçə xarici dövlətdə hərbi kurslara cəlb edilib, ölkənin müxtəlif ərazilərində xidmət edib, üstəlik Əfqanstanda strateji hərbi-xidməti vəzifəni müvəffəqiyyətlə icra edib. Aprel döyüşlərinin iştirakçısıdır. Rus və ingilis dillərini mükəmməl bilir. Ailəlidir, iki övladı var.

- Cənab polkovnik-leytenant, bizə müsahibəyə razılıq verdiyinizə görə sizə öz təşəkkürümü bildirirəm. Sizin haqqınızda bildirdiyiniz məlumatlar şəxsən məni qürurlandırır. Peşəkar hərbçi kimi öhdənizə düşəni etmisiniz və hələ də davam edirsiniz. Mənə maraqlıdır, sizdən əvvəl ailədə hərbçi olubmu ki, siz hərb peşəsini seçmisiniz?


- Əvvəla, mən sizə bu təşəbbüsünüzdən dolayı minnətdaram. Sizinlə həmsöhbət olmaq mənim üçün xoşdur. Sualınıza gəldikdə deməliyəm ki, xeyr, ailəmizdə hərbçi olmayıb. Sadəcə olaraq mənim demək olar ki, uşaqlıq və yeniyetməlik dövrüm müharibə illərinə təsadüf etdi. İnsanlar həqiqətən də pərişan idi, hər kəs bu vəziyyətdən çıxış yolu axtarırdı. Mən də həmişə bu vəziyyətdən çıxış və düşməni məğlub etmə yolu ilə bağlı baş sındırırdım. Eyni zamanda mənim qardaşım və əmioğlum Qarabağ müharibəsində şəhid oldu. Bundan sonra mən özümə yeganə amal kimi zabit olub düşməndən qisas almağı seçdim. Bir əlavə də edim ki, hərbi liseyə qəbul olmaq üçün tək getmişəm. Artıq birinci kursun birinci ayından sonra evdəkilər xəbər tutdular ki, mən hərbi məktəbdə oxumağa başlamışam (gülümsəyir).



- Bəs necə oldu ki, istehkamçı ixtisasın seçdiniz?

- Əslində Azərbaycan Ali Hərbi məktəbində iki il ümumi oxuyuruq, iki ildən sonra ixtisas seçimi edilir. Həmin seçimlərdə isə hər kəs uyğun olduğu ixtisasa yönəlir. Həmçinin onu da qeyd edim ki, mühəndis-istehkamçı ixtisasının orta bal səviyyəsi bir çox ixtisasdan yuxarı olmalıdır. Düzünü desək, mən artilleriyaçı olmaq istəyirdim, lakin istehkamçı kimi təhsil aldıqca baxdım ki, məndən çox yaxşı istehkamçı olacaq. Beləliklə, mən kifayyət qədər bacarıqlı mütəxəssis oldum. Əlbəttə əldə etdiyim bütün nailiyyətlərimi müəllimlərimə və tabeliyində xidmət etdiyim komandirlərimə borcluyam.



- Cənab polkovnik-leytenant, döyüş zamanı ilk əməliyyata başlayan istehkamçı olur. Yəni döyüş meydanında hərb işinin A-sı siz istehkamçılarla başlayır. Son aprel döyüşlərində istehkamçıların fəaliyyəti sizi qane edirdimi?


- Maraqlı sualdır, bir az ətraflı məlumat verəcəm. Aprel döyüşlərindən öncə bizə düşmənin müəyyən cəmləşmə rayonlarında fəaliyyətlərinin olması məlumatı gəlirdi. Təbii ki, biz də öz işlərimizi görürdük, ancaq elə oldu ki, son təxribat fəaliyyətləri daha böyük oldu. Qarşısını aldıqdan sonra komandanlıqdan əks-həmlə əmri verildi. Ordumuz hərəkətə başlayanda biz istehkamçılar artilleriya zərbələri ilə eyni anda keçid açmağa başladıq. Elə düşünürdüm ki, ermənilərin mifləşdirdiyi “Ohanyan səddini” yarmaq çox çətin olacaq. Lakin əməliyyat zamanı bizə məlum oldu ki, bura yalnız mifdir və bundan başqa da bir şey deyil. Əlbəttə müəyyən olunmuş ərazilərdə keçidi təmin elədik. Bunu da diqqətinizə çatdırım ki, heç bir insan və heyət üçün keçilə bilməyən bir maneə yoxdur, sadəcə keçə bilməyən insan və heyət var. Ermənilər orada nə qədər çətin, mürəkkəb maneələr qursaydılar, bizim bölmələrimiz yenə də orada keçidi təmin edəcəkdi. Bu, bizim xidmət etdiyimiz bütün ərazilərdə belədir. Çünki bizim komandirimiz – cənab general-mayor Hikmət Həsənov ərazilərin incələməsini çox dəqiqliklə aparmağı, təhlil etməyi maksimum peşəkarlıqla bacarır. Biz isə onun verdiyi tapşırıqları yerinə yetirəndə qarşılaşdığımız hər şeyin komandirin dediyi kimi olduğunu görəndə, bir daha bildik ki, komandirimiz nə qədər peşəkar biridir.

Döyüşlər zamanı xüsusi ilə yadımda qalan zabitlərimizdən biri və mən deyərdim ki elə birincisi şəhid, kapitan Nəcməddin Savalanov idi. Nəcməddin sanki neçə illərdir bu günü gözləyirmiş kimi çalışırdı. Allah rəhmət eləsin!


Bayaq siz vurğulayırsınız ki, müharibə işinin A-sı sizinlə başlayır. Bəli, A-sı da bizimlə başlayır, Z-si də bizimlə bitir. Çünki savaş başlayanda ilk olaraq biz keçidi açdığımız kimi yeni müdafiə mövqelərinin bərkidilməsi də bizim öhdəmizə düşür.



- Ümumiyyətlə düşmən “Ohanyan səddi”ndə hansı maneələr qurmuşdu?

- Əslində orada qurulan maneələr bizə də qəribə gəlirdi. Orada birinci qarşımıza çıxan maneə piyada əleyhinə mina sahəsi idi. Növbəti tank əleyhinə mina sahəsi, sonra bir neçə cərgə dəmiryol dirəkləri, onların üzəri və arası lent məftillərlə hörülüb, həmçinin onun dibi də qarışıq mina sahəsidir. Ondan sonra yenə piyada əleyhinə mina sahəsi, tank əleyhinə mina sahəsi, sonra məftil maneələri və daha sonra tank əleyhinə xəndəklər... Həmin bu maneələrdə keçid açılanda bir də baxırdıq ki, qısa zaman ərzində digər qrup artıq keçidi təmin edib və növbəti əmr gözləyir. Bu da bir millət olaraq, azərbaycanlı olaraq bizə elə hislər yaşadırdı ki, onu sözlə ifadə etmək mümkün deyil...



- Bəs bu sədd düşmənin təbliğ elədiyi qədər çətin idimi, yəni nə gözləyirdiz, nə gördünüz?


- Bəli, müəyyən mənada gözləntimiz var idi, amma bütün qarşılaşacağımız hər şeyə qarşı tədbir görməyə tam hazırlıqlı getmişdik. Nəticə etibari ilə planlaşdırdığımızdan asan oldu. Məsələn, müəyyən yerlərdə biz partlayış planlaşdırmışdıq ki, həmin yeri partladıb keçək. Ancaq baxdıq ki, orada partlatmalı bir şey yoxdur. Yəni o qədər də ciddi bir maneə deyil. Elə yerlər oldu ki heç ümumiyyətlə heç nədən istifadə etmədik. Sadəcə ən adi üsulla cığır açıb şəxsi heyyətin ora girməsini təmin etdik.



- Bir zabit kimi düşmənin istehkamçılarını necə qiymətləndirirsiniz? Hansı ki, onlar öz istehkamçılarını daha çox təbliğ edirlər.

- Mən bu suala qısa cavab verəcəyəm. Düşmən istehkamçıları köhnə - sovetdənqalma vasitələrdən istifadə edir. Yəni hazırda düşmənin istifadə etdiyi vasitələri biz illər əvvəl silahlanmamızdan çıxarmışıq. Ona görə də biz ön xəttin yarılmasında əlimizdə olan vasitələrin 20 faizindən belə istifadə etmədik. Həm də işlərimizin daha rahat getməsinin əsas səbəbi komandirimiz Hikmət Həsənovun kifayət qədər peşəkar olmasının nəticəsi idi. İstər sədd yarılanda, istərsə də işğaldan azad edilmiş ərazilərdə möhkəmləndirmə işləri aparılanda...


- Talışətrafı yüksəkliklərin azad edilməsi bizə nə qazandırdı?

İlk olaraq real döyüşdə düşmənin kim olduğunu və nə qədər zəif olduğunu anladıq. Bundan başqa Tap Qaraqoyunlu kəndini tamamilə atəş altından çıxardıq və düşmənin bu istiqamətdə bütün hərəkətlərini izləmə – yəni nəzarət etmə imkanı qazandıq. Bu həm də bizim illər sonra işğalda olan öz torpaqlarımıza ayaq basmağımız demək idi.



- Doğulduğunuz rayon işğal altındadır. İşğal altında olan əraziyə doğru addımlamaq bir zabit üçün nə demək idi?

- İllərlə müşahidə cihazı ilə baxdığın doğma torpaqlarda addım-addım irəliləmək... Bundan gözəl hiss ola bilməz...



- Yoldaş polkovnik-leytenant, sonuncu sualım belədir: Cənab Ali Baş Komandanın döyüş əmri ilə biz hara gedə bilmərik?...

Maraqlı sualdır... Mən deyərdim ki, cənab Ali Baş Komandanın əmri ilə bizim olan bütün torpaqlara gedə bilərik. Bizim olmayan heç bir torpağa getmərik. Biz azərbaycanlılar mənfur ermənilərdən fərqli olaraq kimsənin torpağına göz tikmərik!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR