Turistlər üçün hazırlanan xüsusi kartların satışına başlanıldı - Rüfət Bağırov

"Bir çox Avropa ölkələrinin paytaxtlarında olduğu kimi Bakı şəhərinin də turistik kartı yaradıldı. Artıq 3 gündür kart satışa çıxarılıb".

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Turizm İnformasiya Mərkəzinin rəhbəri və "Bakukart" layihəsinin direktoru Rüfət Bağırov bildirib. Onun sözlərinə görə, bu kart turistlərin ixtiyarına 1 günlük, 3 günlük və 1 həftəlik təqdim olunub:

"Bu kartların qiymətləri də fərqlidir - 24 manat, 45 manat və 70 manat dəyərindədir. Bu kartlar bütün turistlərə ictimai nəqliyyatdan istifadə etməyi tam ödənişsiz təqdim edir. Heydər Əliyev adına Beynəlxalq Hava Limanından şəhər mərkəzinə gələn ekspress avtobuslar yenə də tam ödənişsizdir. Muzeylərə giriş həm ödənişsiz, həm də endirimlidir. 200-dən çox tərəfdaşımız var. Bu kart vasitəsilə tərəfdaşımız olan mağazalar, restoranlar, kinoteatrlar və digər əyləncə mərkəzlərindən endirimlər və ya digər xidmətlər əldə etmək mümkündür".

Kartın istifadə müddəti barədə məlumat verən Rüfət Bağırov bildirib ki, kartın müddəti ilk istifadə olunduğu vaxtdan hesablanacaq: "Müştəri bu kartı alıb 1 həftə sonra da istifadə edə bilər. Amma ilk istifadəsi nəqliyyatda, muzeydə və ya hər hansı bir restoranda istifadə edilən müddətindən hesablanır".

R.Bağırov deyir ki, kartları hazırda Beynəlxalq Hava Limanında, informasiya mərkəzlərində, turizm şirkətlərində, otellərdə iticket köşklərindən əldə etmək mümkündür: "Həmin bu kartlar vasitəsilə biz "Bakı Kart"-ın kitabçasını da təqdim edirik. Bu kitabçanın içərisində Bakı haqqında həm məlumat, həm kartın istifadə qaydaları, həm də tərəfdaşlarımız haqqında məlumat var ki, hansı endirimlər və təkliflər var".

Layihənin direktoru deyir ki, bu ilin sonuna qədər tərəfdaşların sayının çoxalması gözlənilir:

"Bu, Azərbaycanda olan biznesin inkişafına da dəstəkdir ki, tərəfdaşlar öz brendlərinin məhsullarını "Bakukart" vasitəsilə təqdim edir, biz turistləri ora yönəldirik, reklam edirik. Tərəfdaşlar bizə müraciət edərək tam sərbəst qoşula bilərlər. Bizə müraciət edirlər, biz onlara sorğu göndəririk. Sorğunu doldurub bizə geri göndərəndən sonra baxış keçirilir və onlar da tərəfdaşlar sırasına əlavə olunur". Kartın aktivləşməsinə gəldikdə R.Bağırov deyir ki, nəqliyyatda adi kart kimi istifadə olunur, ekrana yaxınlaşdırıb keçirsiniz: "Digər tərəfdaş şirkətlərdə və muzeylərdə xüsusi sistem vasitəsilə istifadə olunur. Hansı ki, öncədən bizim tərəfdaşlara təqdim olunub, ora login və parol qeyd edilir. Müştəri ora yaxınlaşanda kartı təqdim edir, kartın üzərindəki nömrəni qeyd edərək yoxlayırlar. Kart aktivdirsə, endirimi təqdim edirlər. Aktiv deyilsə, turistə bildirirlər ki, ödəniş tam həyata keçirilməlidir". R.Bağırov deyir ki, kartdan istifadə ilk olaraq Bakı şəhərindən başladı:

"Çünki ölkəmizə səfər edən turistlərin əksəriyyəti Bakıya səfər etdiyinə görə, bu kartın Bakıda yaranması zəruri görüldü. Sonradan digər bölgələrimizdə də yaradıla bilər.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR