Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının təqdimatı keçirilib (FOTO)

Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının təqdimatı keçirilib (FOTO)
16:55 5 Aprel 2019
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün AMEA Rəyasət Heyətində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, elmi faktlara əsaslanan bu sanballı kitab zəngin fikir və mülahizələrlə xanlıqlar dövrünə aid bir çox yanlış yanaşma və şərhləri aradan qaldırmaq baxımından böyük əhəmiyyətə malikdir.

Kitabın tarixşünaslığımıza dəyərli töhfə və gənc tarixçilər üçün qiymətli mənbə olduğunu bildirən akademik vurğulayıb ki, nəşr Azərbaycan tarixşünaslığında, ictimai fikrində məsələyə münasibətdə daha sistemli və ədalətli baxışın formalaşmasına geniş imkanlar yaradacaq.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli akademik Ramiz Mehdiyevin ictimai-siyasi fəaliyyətini qeyd etməklə yanaşı, Azərbaycan dövlətinin ideoloji əsaslarını təşkil edən bir sıra sanballı tədqiqat əsərlərinin müəllifi olduğunu bildirib. Akademik “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının da müəllifin əvvəlki fundamental tədqiqatları kimi böyük elmi əhəmiyyətə malik olduğunu, yeni tədqiqatlar üçün imkanlar açdığını söyləyib. Alim bu kitabı zəngin arxiv materialları, mühüm tarixi qaynaqlar, hərtərəfli müqayisələr, dərin təhlillər əsasında yazılmış, tarixşünaslığımıza töhfə olan əsər kimi dəyərləndirib. Bildirib ki, akademik Ramiz Mehdiyevin Səfəvilər, Nadir şah haqqında tədqiqatları Azərbaycan tarixşünaslıq elmində ən mühüm nailiyyətlərdən biridir. “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı da bu tədqiqatların məntiqi davamı olaraq, həm dəyərli elmi mənbə, həm də gənc tədqiqatçılar üçün istiqamətverici proqramdır. Akademik İsa Həbibbəyli kitabı xanlıqlar dövrümüzə yeni elmi obyektiv baxış kimi dəyərləndirib.

AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmlər doktoru, professor İlham Məmmədzadə, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Tahirə Məmməd, AMEA-nın Qafqazşünaslıq İnstitutunun ümumi işlər üzrə direktor müavini Şahin Yəhyayev və digər çıxış edənlər də akademik Ramiz Mehdiyevi aktual, tədqiqi zəruri olan kəskin problemləri öncədən görmək və yüksək elmi səviyyədə araşdırmaq qabiliyyəti ilə fərqlənən alim kimi xarakterizə ediblər. Çıxışçılar akademik Ramiz Mehdiyevin alim və vətəndaş mövqeyini əks etdirən bu kitabı tarixşünaslığımızda mühüm hadisə kimi qiymətləndiriblər. Diqqətə çatdırıblar ki, müəllif ilk dəfə olaraq həmin dövrü siyasi və tarixi nöqteyi-nəzərdən mahiyyətcə yeni kontekstdə təhlil edib, bir çox qaranlıq məqamlara aydınlıq gətirərək, onilliklər ərzində formalaşmış stereotipləri qırmağa çalışıb. Çıxışlar əsnasında əsərdə tarixşünaslığımızın həmin dövrlə bağlı aktual problemlərinə toxunulduğu, onların optimal həll yollarının göstərildiyi vurğulanıb.

Tədbirdə həmçinin bildirilib ki, sözügedən kitab Azərbaycan tarixinin ən ağrılı və həssas mərhələlərindən sayılan xanlıqlar dövrünün indiyədək tarixşünaslığımıza məlum olmayan siyasi sənədlər əsasında qiymətləndirilməsi istiqamətində atılmış mühüm elmi addımdır. Ümumilikdə 22 orijinal sənədin daxil edildiyi toplu xanlıqlar dövrünün siyasi təhlilinə və tarixi dəyərləndirilməsinə həsr olunan sanballı tədqiqat işidir. Nəzər çatdırılıb ki, müəllif xanlıqlar dövrünün indiyədək ciddi elmi mübahisələrin predmeti olan bir sıra mühüm problemlərinə, hadisə və şəxsiyyətlərə faktlar və etibarlı elmi mənbələr, arxiv sənədləri əsasında münasibət bildirir, həmin tarixi mərhələyə obyektiv qiymət verməyə mane olan məsələlərə aydınlıq gətirir.

Vurğulanıb ki, nəşrdə təqdim edilən və müvafiq şərh və izahlarla müşayiət olunan sənədlər müxtəlif tarixi dövrlərin real mənzərəsinə aydınlıq gətirmək baxımından böyük əhəmiyyətə malikdir. Həmçinin tanınmış alimlərin xanlıqlar dövrünün hadisələri ilə bağlı maraqlı fikirlərinə istinad edilən kitabda oxucuya həmin dövrün mühüm şəxsiyyətləri və hadisələrinə dair yığcam məlumat verilir.

Qeyd olunub ki, nəşr həm peşəkar tarixçilər və mənbəşünaslar, həm də Azərbaycan tarixi ilə dərindən maraqlanan oxucular üçün nəzərdə tutulub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3042152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR