Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər - Prezident

Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər - Prezident
17:38 5 Aprel 2019
35 Ölkə
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər.

Bunu Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev məcburi köçkünlərlə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Əlbəttə ki, bizim əsas məqsədimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bu istiqamətdə ardıcıl işlər aparılır. Bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri, mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında öz həllini tapmalıdır. Azərbaycan bu istiqamətdə bütün lazımi işləri görür. Həm tarixi ədalət bizim tərəfimizdədir, Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlar bizim əzəli torpağımızdır, həm də beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Əlbəttə ki, iqtisadi və hərbi potensial ölkəmizi daha da gücləndirir. Biz bundan sonra da bu məsələ ilə bağlı ardıcıl siyasət aparacağıq. Bir daha demək istəyirəm ki, bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər”.

Prezident bildirib ki, aprel döyüşləri bizim şanlı tariximizdir, parlaq zəfərimizdir. Azərbaycan əsgəri, Azərbaycan dövləti göstərdi ki, heç vaxt işğalla barışmayacaq: “Biz məsələni diplomatik yollarla, siyasi yollarla həll etmək istəyirik. Ancaq, eyni zamanda, biz hərbi gücə də malikik. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Aprel döyüşləri onu göstərdi ki, biz öz ərazi bütövlüyümüzü istənilən yolla bərpa edə bilərik. Onu göstərdi ki, Azərbaycan Ordusu böyük gücə malikdir. Onu göstərdi ki, bu, bizim torpağımızdır. Cocuq Mərcanlıya uzun fasilədən sonra qayıdan vətəndaşlar, o cümlədən yeniyetmələr, uşaqlar, - o insanlar ki, heç vaxt orada olmayıblar, onlar qayıdıblar oraya, - onu göstərir ki, hər bir köçkün torpaqlar işğaldan azad olunandan sonra öz doğma torpağına qayıdacaqdır”.

İlham Əliyev vurğulayıb ki, torpaqlar işğaldan azad olunandan sonra biz bütün şəhərləri yenidən quracağıq, biz bu şəhərlərə yeni həyat verəcəyik: “O şəhərlər ki, indi yerlə-yeksan edilib. Orada, işğal edilmiş torpaqlarda demək olar ki, bütün binalar dağıdılıb. Beynəlxalq təşkilatlar, ATƏT-in faktaraşdırıcı missiyası bu haqda məruzə də hazırlayıb. Biz necə ki, Cocuq Mərcanlını bərpa etdik, necə ki, qısa müddət ərzində vaxtilə işğal altında olan başqa torpaqlardakı binaları, evləri, şəhərləri, kəndləri bərpa etdik, işğalda olan bütün torpaqlardakı şəhərləri, kəndləri bərpa edəcəyik. Bizdə belə iradə və güc var”.

Azərbaycan Prezidenti əlavə edib ki, biz bütün dünyaya göstərməliyik və haqlı olaraq göstəririk, sübut edirik ki, Qarabağ bizim tarixi torpağımızdır: “Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq, eyni zamanda, biz öz ordu potensialımızı, hərbi gücümüzü artırırıq və bundan sonra da bu istiqamətdə bütün lazımi tədbirlər görüləcəkdir".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/resmixronika/274731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR