İlham Əliyev: İki il ərzində 11 min məcburi köçkün ailəsi yeni evlərə köçürüləcək

İlham Əliyev: İki il ərzində 11 min məcburi köçkün ailəsi yeni evlərə köçürüləcək
17:58 5 Aprel 2019
60 Ölkə
Ölkə mətbuatı
A- A+

İki il ərzində təqribən 11 min məcburi köçkün ailəsi yeni evlərə köçürüləcək.

Bunu Bakının Kürdəxanı qəsəbəsində 810 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev məcburi köçkünlərlə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Məcburi köçkünlərin problemlərinin həlli bizim üçün ən prioritet məsələdir. Bu siyasəti Ulu Öndər həyata keçirirdi. Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk şəhərcik salınmışdı. O vaxt Dövlət Neft Fondundan ilk ödəmələr məhz bu məqsədlər üçün istifadə olunmuşdur. O vaxtdan bu günə qədər 100-dən çox köçkün qəsəbəsi, şəhərciyi salınıb və köçkünlərin böyük hissəsi bu qəsəbələrdə yaşayır. Biz Bakıda, Sumqayıtda, Abşeron rayonunda, digər şəhər və rayonlarımızda məcburi köçkünlər üçün gözəl şərait yaradırıq, bu proses davam etdiriləcək. Bildiyiniz kimi, sonuncu çadır şəhərciyi 2007-ci ildə ləğv edildi. O vaxta qədər köçkünlərimizin böyük əksəriyyəti çadırlarda yaşayırdı. Təkcə keçən il məcburi köçkünlər üçün 5 mindən çox mənzil inşa edilmişdir. Onlar bu mənzillərə köçürülürlər. Bu il isə bizim planlarımızda minimum 6 min mənzilin istifadəyə verilməsi nəzərdə tutulub. Artıq bu prosesə start verilib və əminəm ki, ilin sonuna qədər biz buna nail olacağıq”.

Prezident vurğulayıb ki, təkcə iki il ərzində təqribən 11 min məcburi köçkün ailəsi yeni evlərə köçürüləcək: “Doğrudan da böyük işlərdir və orta hesabla bu mənzillərdə təqribən 50 minə yaxın insan yaşayacaq və öz məişət problemini həll edəcək. Bu məqsədlər üçün böyük vəsait ayrılır. Bildiyiniz kimi, Dövlət Neft Fondundan uzun illərdir ki, bu məqsədlər üçün vəsait ayrılır. Dövlət Neft Fondunun yaradılması da tarixi hadisə idi. Çünki bu Fond vasitəsilə həm büdcəmizə dəstək göstərilir, həm sosial məsələlərin həlli təşkil edilir, ölkəmiz üçün strateji əhəmiyyətli layihələr icra edilir və ilk növbədə, məcburi köçkünlərin problemləri həll olunur. Əgər bizim bu imkanımız olmasaydı, əlbəttə ki, köçkünlərə bu həcmdə kömək etmək mümkün olmazdı. Məhz uğurlu neft strategiyamızın hesabına formalaşmış Dövlət Neft Fondu bu məqsədlər üçün böyük vəsait ayırıb və bundan sonda da ayıracaqdır. Bu, bizim siyasətimizdir. Biz bütün məcburi köçkünlərin problemlərini həll etməliyik və edəcəyik.

Onu da bildirməliyəm ki, salınan qəsəbələr arasında elələri var ki, vaxtilə işğal olunmuş və işğaldan azad edilmiş torpaqlarda salınıb. O cümlədən Horadiz şəhəri, demək olar ki, yenidən qurulub və bu gün ən gözəl yaşayış yerlərindən biridir. Şıxarx qəsəbəsində mindən çox köçkün ailəsi məskunlaşıb, hansı ki, o ərazilər işğal altında idi. Cocuq Mərcanlıda 150 evdən ibarət gözəl qəsəbə salınıb, müasir infrastruktur, iş yerləri, kommunikasiyalar yaradılıb. Yəni, bu yerlərə həyat qayıdıb”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/resmixronika/274733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR