Azərbaycanın qədim dövr əhalisi ilə bağlı maraqlı fikirlər irəli sürülüb (FOTO)

Azərbaycanın qədim dövr əhalisi ilə bağlı maraqlı fikirlər irəli sürülüb (FOTO)
22:08 5 Aprel 2019
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Qəbələ rayonunda e.ə. IV minilliyin birinci yarısına aid yaşayış məskənində aşkarladığı uşaq skeletlərinin arxeometrik təhlili zamanı Azərbaycan ərazisində məskunlaşmış erkən əkinçi əhalinin həyat tərzi barədə maraqlı fikirlər ortaya çıxıb.

İnstitutdan Trend-ə verilən məlumata görə, Qəbələ rayonunda 2012-ci ildən etibarən aparılmış arxeoloji tədqiqatlar zamanı e.ə. IV minilliyin birinci yarısına aid Qalayeri yaşayış məskənində saxsı qablarda uşaq qəbirləri aşkar olunub. Saxsı qablarda körpə uşaq dəfnləri son xalkolit (eneolit/mis-daş) dövrü Leylatəpə mədəniyyəti üçün xarakterik dəfn adəti idi və institutun direktor müavini Nəcəf Müseyibli bu mədəniyyətin Ağstafa rayonunda qazdığı digər abidələrində (Böyük Kəsik, Poylu) də belə qəbirlər aşkar etmişdi.

Cənubi Qafqazda erkən əkinçi mədəniyyətlər üzrə ixtisaslaşan mütəxəssislərin unikal tapıntı hesab etdiyi Qalayeri məskənindəki saxsı qablardakı dəfnlərdən aşkar edilmiş uşaq skeletlərinin 3-nün (4-5 aylıqdan 4-5 yaş həddinədək) arxeometrik analizlərinin nəticələrinə əsasən, 5800-6000 il bundan öncə vəfat etmiş uşaqlarda ciddi "C" və "D" avitaminozu və onunla bağlı patologiyalar aşkar edilib. Vitamin qıtlığı özünü sümüklərdə yaş həddinə uyğun olmayan inkişafdan geriqalmada daha qabarıq göstərib.

Sümüklərin kimyəvi və izotop tərkibi ilə Qalayeri abidəsinin xalkolit dövrünə aid torpaq təbəqəsinin eyni göstəricilərinin müqayisəsi maraqlı nəticələr verib. Belə ki, körpələrin sümüklərinin kimyəvi və izotop göstəriciləri Qalayeri məskəninin torpaq strukturunun göstəriciləri ilə uyğun gəlmir. Mövcud fikrə görə, ən azından hamiləlik dövründə yeniyetmə analar mənsub olduqları tayfa ilə birgə Qalayeri abidəsi ərazisinə köçdən əvvəl digər bölgədə yaşayıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3041983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR