“Neftçi”yə oyun satdığı üçün həmin futbolçunu komandadan qovdum"

“Neftçi”yə oyun satdığı üçün həmin futbolçunu komandadan qovdum"
00:31 15 Yanvar 2015
162 İdman
Ölkə mətbuatı
A- A+

"Mən ölkənizdə işləyən zaman futbolunuzda hər şey yeni formalaşırdı. Meydançalar, təşkilatçılıq, bir sözlə, hər şey yeni idi. Biz oraya əlavələr etmək üçün getmişdik. Həmin vaxt demişdim ki, 5-6 ildən sonra Azərbaycanı tanımayacaqsınız. Çünki sürətli irəliləyiş var idi. Sizin ölkədə yeni bir şeyə qısa zamanda uyğunlaşırlar. Azərbaycanda, həqiqətən, gözəl günlər keçirdim".

ANS PRESS xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında 2004-cü ildə Sumqayıtın "Gənclərbirliyi" klubunun baş məşqçisi olmuş Mehmet Tayfun Türkmən deyib.

Azərbaycanda çalışdığı dönəmi xatırlayan türkiyəli çalışdırıcı "Gənclərbirliyi"dən gedişinin əsl səbəbini açıqlayıb: "Komandanı cəmi 9 oyuna çıxardım. Halbuki, oraya uzun müddət qalmaq üçün getmişdim. 9 turdan sonra Türkiyəyə döndüm. Klubun imkanları mənim istəklərimlə üst-üstə düşmədi. Fikrimiz yaxşı futbolçular tapıb, onları yetişdirib, başqa klublara satmaq idi. Amma həmin dönəmdə çox yavaş hərəkət etdik. Klubu yalnız İlqar Nuriyev təmsil edirdi. Dürüst insandı, indi də onunla əlaqə saxlayıram. Görəndə ki, alınmayacaq, Türkiyəyə dönməyə qərar verdim. "Gənclərbirliyi"dən ayrılığım pis olmamışdı. Sadəcə, bir-birimizə daha faydalı olaq deyə, vidalaşdıq. İstefam isə "Xəzər Lənkəran"la oyundan sonra oldu. Rasim Karanın çalışdırdığı komandaya 0:6 hesabı ilə uduzduq. Amma əvvəl də söyləmişdim ki, istefamın həmin matçdan sonra olması bir təsadüf idi. Yəni, həmin məğlubiyyətlə heç bir əlaqəsi yox idi. "Xəzər Lənkəran"ın gücü həmin vaxt hər kəsə bəlli idi. Bizim heyətimiz isə gənclərdən qurulmuşdu. Həmin oyunda "Xəzər Lənkəran"ın vurduğu bütün toplar qol olmuşdu. Biz isə 5-6 qol epizodu yaratsaq da, dəyərləndirə bilməmişdik. Kluba sponsor tapılmalı idi, amma alınmadı".

Türkmən sonrakı illərdə də Azərbaycandan təkliflər aldığını, ancaq Afrikada çalışmağı üstün tutduğunu bildirib: "2004-cü ildən sonra Azərbaycana 2 dəfə gəzməyə getdim. Təkliflər də oldu, amma güclü təkliflər deyildi. Həmin vaxtdan sonra Afrikaya yollandım. Məqsədim Afrikada klub çalışdırdıqdan sonra hansısa millinin “sükanı arxası”na keçmək idi. Mən o ölkələri sevirəm. Afrikadakı futbolçular çox canlıdı. Orda bir futbolçuya "qaç, tullan, vur" demədim. Hamısını özləri edirlər. Bilirlər ki, Afrikadan ancaq bacarıqlarının hesabına çıxa bilərlər. Qanada, Efiopiyada çalışdım. Afrikaya getməyim Azərbaycana olan marağımı bir qədər azaltdı. Ən son olaraq, adım Efiopiya yığması ilə birgə hallandı, amma başqa məşqçi ilə anlaşdılar".

Millimizin futbolçusu Mahir Şükürov 11 il öncə "Antalyaspor" klubuna Mehmet Tayfun Türkmənin sayəsində transfer olunmuşdu. Ancaq Şükürovun Türkiyə karyerası çox çəkməmişdi. Türkmən Şükürovun "Antalyaspor"a gedişini yada salıb: "Mahir Şükürovu illər öncə "Antalyaspor"a mən göndərmişdim. "Gənclərbirliyi"nin baş məşqçisi olanda "Antalyaspor" sağ cinah müdafiəçisi istədi, mən də Mahiri təklif etdim. Ancaq həmin vaxt "Antalyaspor"un məşqçilər korpusu Mahiri bəyənmədi. Dedilər ki, bizə güləşçi yox, futbolçu lazımdı (gülür). Onlara bildirdim ki, bu futbolçu yığmada oynayır. Mahirə futbolçu kimi yox, güləşçi kimi baxmışdılar, bunu gizlətməyə ehtiyac yoxdu. Açığı, bu, məni çox üzmüşdü. Mahir həmin vaxt Azərbaycandan kənara çıxan nadir futbolçulardan biri idi. Buna səbəb olduğum üçün çox sevinmişdim. Mahirin daha da inkişaf edib, Azərbaycanı yaxşı təmsil edəcəyinə inanırdım. Ancaq alınmadı. Bilirəm ki, Mahir indi "Karşıyaka"da oynayır və mütəmadi meydana çıxır".

Türkiyəli məşqçinin "Gənclərbirliyi"də çalışdığı dönəmdə xoşagəlməz olay yaşanmışdı. Belə ki, Sumqayıt klubunun futbolçularından biri "Neftçi" ilə matçda oyunu satmışdı. Türkmən illər sonra da həmin futbolçunun adını açıqlamaq istəməyib: "Düzdü, "Gənclərbirliyi"də işləyəndə "Neftçi"yə oyun satan futbolçu olmuşdu. Bu barədə danışsam, gənclərə yaxşı örnək olmaz. Amma belə bir xoşagəlməz hal baş vermişdi. Televiziyada bu barədə danışılmışdı və mən eşidəndə çox məyus olmuşdum. Gənclərə örnək olmaq üçün həmin futbolçunu heyətdən kənarlaşdırdım. Nazim Süleymanov da buna görə məni təbrik etdi. 10 il öncəki dəftəri açmağın mənası yoxdu. Bəlkə də həmin şəxs indi məşqçilik edir, gənc futbolçularla çalışır. Buna görə də, adını çəkmək istəmirəm".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR