Kiminlə azad, kiminlə bərabər?

Kiminlə azad, kiminlə bərabər?
00:37 15 Yanvar 2015
151 Digər
Ölkə mətbuatı
A- A+

Parisdə "Charlie Hebdo" jurnalının redaksiyasna terror hücumunda və sonrakı teraktlarda 17 nəfərin həlak olduğu gündən bir həftə keçdi. "Charlie Hebdo"nun 5 karikaturaçı rəssamının da həlak olduğu olayların yaratdığı əks-səda, sonrakı proseslər barədə fikir yürütməyin zamanıdır.
 
Bəlkə də, səhv edirəm, amma düşünürəm ki, 168 saat yaşananları dəyərləndirmək üçün yetərlidir.
 
"Charlie Hebdo" ilə bağlı Avropa mediasının tutduğu mövqedən, daha doğrusu, isteriyadan bəhs etmək istəyirəm.
 
Avropa mediası, xüsusilə də Fransanın kütləvi informasiya vasitələri jurnalın gülləbaran edilməsindən sonra yürüşlərə çıxdılar, mitinqlər keçirdilər. Söz azadlığından, fikir hürriyyətindən danışıldı.

Bir məsələ qəliz ünsür kimi qalır
 
Avropa ölkələrində yaşayan milyonlarla müsəlmanı hələ də Avropa Birliyi sayğıya layiq insanlar saymır. "Yerlilər"lə "gəlmələr"ə bölünmüş Avropanın insanları, sadəcə, indi barrikadaların fərqli tərəflərində deyillər: onlar qərinələr əvvəl əks yönlərdə yerləşdiriliblər.
Təbii, müsəlmanlardan ucuz işçi qüvvəsi kimi istifadə etmək sərfəlidir, rahatdır, başağrısı vəd etmir. Necə ki, Avropa əsrlər boyu Afrikadan "danışan əşyalar" adlandırılan qaradərililəri daşıyaraq qul kimi satır, kölə kimi işlədir və istəyəndə də öldürürdü.
 
Afrikadakı ölkələrdə olubsunuzmu? Oradakı ölkələrdən, heç olmasa, birini gördünüzmü ki, avropalılar barədə xoş danışsınlar?! Yoxdur. Amma Avropa ölkələrinin əsrlərlə davam etmiş müstəmləkəçiliyinin silinməz izləri, hələ də, qabar bağlamamış yaralar təki qalır.
Avropa Birliyinin siyasətçiləri "müsəlmanların Avropa dəyərlərinə sayğı bəsləməməsi"ndən danışırlar. Amma elə həmin o siyasətçilər başqa xalqların və mədəniyyətlərin dəyərlərinə hörmət bəsləməyə çətinlik çəkirlər.
 
Avropadakı müsəlmanlara təklif olunan nədir? "Bizə yaxınlaşın, bizi təkrarlayın, bizim kimi yanaşın, bizə yardım edin, dəyərlərimizi qəbul və təbliğ edin. Amma yerinizi bilin, ikinci, üçüncü dərəcəli adam qismində qəbul olunmağınızla barışın".
 
Almaniyanın müxtəlif şəhərlərində PEGİDA təşkilatı müsəlmanlara və İslama qarşı yürüşlər keçirir, Fransada piketlər təşkil olunur, Avropa mediasında müsəlmanlar ucdantutma terrorçular və az qala vampirlər kimi qələmə verilir.
 
Bundan sonra nə olasıdır?
 
Fransada məscidlərə qumbaralar atılmağa başlayıb, Belçikada parklarda müsəlman uşaqları tutub döyürlər, Almaniyada bəşəriyyətin kor bağırsağı olan nasistlər yenə baş qaldırır.
 
Sivil, mədəni avropalılar hiddətdən yanaqlarını yellədərək az qala "Müsəlmanları vur, Avropanı xilas et!" bağırırlar.
 
Ötən əsrin əvvəllərində Rusiyada "Yəhudiləri qır, Rusiyanı xilas et!" çağırışlarını Avropa unudub, yoxsa faşizm və nasiszmin xərçəngindən tez sağaldığını düşünüb?
Bütün bunlar siyasi, sosial məsələlərdir.
 
Problemlərdən biri isə Fransa mediasının davranışıdır.
 
Əldən verdiyi məziyyətlərindən bəhs edərək yalançılıq edən bir media.
 
O media ki, bakirəliyini çoxdan itirmiş küçə qadınının namusdan və iffətdən danışması təki iyrənc təsir bağışlayır.
 
Fransa mediası deyir ki, arxasında bütün Fransa durur, "terrora və istibdada qarşı çıxır, qəlblərə məlhəm söz azadlığını pozanları lənətləyir, gözəl Respublikanın şüarı olan "Azadlıq, bərabərlik və qardaşlıq" üçün vuruşur".
 
Hə, Fransada indi də çox az sayda jurnalist var ki, həqiqətləri insanlara çatdırmaq, kədərlənənləri güldürmək və ya sürəkli gülənlərə həyatda qəmli məqamların da varlığını xatırlatmaqla məşğul olurlar. O insanlar tanınır.
 
Həmin adamlar dünyanı anlamaq və bu anlamı bizlərlə bölüşmək istəyirlər.
Bəhs etdiyim insanların fikirlərindən və mövqelərindən bilaixtiyar onlara minnətdaram. Amma yerdə qalanları çoxdan itirdikləri xüsusiyyətlərə sahib çıxmasalar, yaxşıdır.
 
Parisdə yürüşə çıxanlar "Qardaşlarımızı itirdik!" dedilər
 
"Qardaş" deyəndə yaxın dostları?! Ola bilər. Öldürülənlərin xristian olduqlarını xatırlasaq, din qardaşlarını? Ola bilər. Amma qardaşlığın özünün simvolu kimi qardaşları? Lütfən, yetər!
 
"Marin Le Pen, Roma Papası, kraliça Yelizaveta kimi bizi "qardaş" adlandıran insanlardan iyrənirik, onların üstünə qusmaq istəyirik", - bu sözləri "Charlie Hebdo"nun əməkdaşlarından biri, karikaturaçı rəssam Villem yanvarın 10-da AFP-yə deyib.
Fransa mediası hansı qardaşlıqdan danışır ki, ölkə sakinlərinin əksəriyyəti yanvarın 7-dəki qanlı olaylara qədər "Charlie Hebdo"nu, ümumiyyətlə, oxumurdu, bir qismi də aşkar nifrət edirdi?! Bu jurnalda İslama qarşı bir karikatura dərc olunanda, yüzlərlə karikaturada xristianlıq təhqir olunur, İsa Məsih hoydu-hoyduya götürülürdü.
 
İfrat solçu, radikal, bütün dinlərə qarşı düşmən mövqe tutmuş "Charlie Hebdo"nun oxucularının sayı terakta qədər fasiləsiz azalırdı.
 
Ötən ilin sonunda vəziyyət o yerə çatmışdı ki, çox az satılan jurnalın bağlanması məsələsi müzakirə olunurdu.
 
Bərabərlik və azadlıq məsələlərinə gəldikdə isə, Fransadakı jurnalistlər elə davranırlar ki, sanki, medianın ifrat siyasiləşməsini, eyni zamanda bütün siyasi mövqeləri əks etdirə bilmədiklərini anlamırlar, görmürlər. Onların tam əksəriyyətinin mövqeyi birdir: "Avropaya - Hə! Multikulturalizmə və nihilizmə, kosmopolitizm və istehlakçı dəyərlərinə - Hə!"
 
Onlar öz fikir və mövqelərini başqalarına sırımağa çalışır, medianın başlıca vəzifəsinin, sadəcə, obyektiv informasiya vermək olduğunu unudurlar.
 
"Bütün Fransa, bütün mütərəqqi insanlar Charlie Hebdo-dur!"
 
Niyə, xeyir ola?! Söz azadlığına yönəlmiş hücuma görəmi? Şəxsən məni belə mənəviyyat çağırışı şübhələndirir, informasiya savaşına qatılmaq, siyasi müzikldə oyunçu olmaq dəvətini xatırladır.
 
Bir anlıq fərz edək ki

Fransada solçu ekstremistlər və ya çoxsaylı anarxistlərdən biri, ya bir neçəsi jurnalist Erik Zemmuru qətlə yetiriblər, ya da Mişel Uelbekin evini partladıblar. Belədə neçə jurnalist küçələrə çıxıb "Mən Zemmuram!", ya da "Mən Mişeləm!" deyərdi?
 
Yaxud, Fransa media əhlindən neçə nəfər hesab edir ki, "Charlie Hebdor"nun başına gətirilənlərdə bu jurnalın əməkdaşları tam suçsuz sayılmamalıdır.
 
İkili standartlar aləmində yaşayıb özünü bərabərlik və azadlıq carçısı adlandırmaq saxtakarlıq təsiri bağışlayır.
 
Gələk bərabərlik məsələsinə. Fransa mediası vergilərin artmasından sürəkli yazır, hökuməti şiddətlə tənqid edirdi. Lakin Senat kütləvi informasiya vasitələrində çalışanlar üçün aylıq gəlir vergisinin aşağı salınması barədə qanun qəbul edən kimi jurnalistlər susdular.
 
Həmən, dərhal. Bəs belədirsə, harada qaldı bərabərlik ki, Fransanın digər vətəndaşları ilə müqayisədə daha az vergi ödəmək imkanına qurban verildi?
 
Fransadakı ən böyük media qruplaşmalarından olan "Lagardere Active"in sahibi Deni Olivenn də teraktı pislədi, "Charlie Hebdo"nu təriflədi, hamı ilə bir olduğunu yazdı və s.
Riyakarlıqdır, çünki elə həmin D.Olivenn yüzlərlə jurnalisti heç bir səbəb olmadan işdən qovması ilə tanınır.
 
"Charlie Hebdo" ilə bağlı qanlı olay belələri üçün diqqət mərkəzində olmaq imkanıdır.
 
Ya da "Le Monde"... İndi "insana sevginin imperativ" olmasından yazan qəzetin sahiblərindən biri ötən ilin martın 24-də, Parisdə eyni cinsdən olanlar arasında nikahların leqallaşdırılması ilə bağlı yürüş keçiriləndə yazmışdı: "Ah, indi Yelisey Çöllərində bomba partlasaydı və o yürüşdəkilər ölsəydilər, əla olardı".
 
Ən nəhayət, Frasanın məşhur jurnalistlərindən biri, sağ-mərkəzçi mövqeyi ilə tanınan Fabris Le Kentreke "Radio France"dən qovulanda onu neçə həmkarı dəstəklədi?
 
Bir nəfərin də səsi çıxmadı

Halbuki, Fabrisin yeganə "günah"ı proqramındakı ənənəvi media şərhində "Present" qəzetinin adını çəkməsiydi.
 
Fabris qovulandan sonra məhkəməyə üz tutdu, məhkəmə onu işində bərpa etdi.
Lakin artıq 10 ildir ki, Fabris "Radio France"in əməkdaşı sayılsa da, onu efirə buraxmırlar.
Mediadakı saxtakarlıq, ikiüzlülük ikrah doğuran məsələdir.
 
"Fikir müxtəlifliyi və plüralizm mütləqdir" deyən Fransanın ən böyük qəzeti Avropa Parlamentinin britaniyalı deputatı barədə "Ehtiyatlı ol! İnsanlar səni asa bilərlər və onlar haqlı olacaqlar!" yazanda nədənsə, söz azadlığı yada düşmürdü.
 
Elçin Alıoğlu
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR