Fikrət Qoca: "Cavan adamı nə adla iş başına gətirəsən?"

Fikrət Qoca: "Cavan adamı nə adla iş başına gətirəsən?"
00:42 15 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

 “Onlar yaşda olanda 10-15 poema yazmışdım”
Azərbaycan Yazıçılar Birliyinin baş katibi, xalq şairi Fikrət Qocanın Milli.Az-a müsahibəsi.
 
- Fikrət müəllim, yeni nə yazırsınız?

- İşləyirəm də yavaş-yavaş.
 
- Planda yeni kitab varmı?

- Səkkizcildliyim çıxmalıdır. Ötən iki ay ərzində artıq üç cildi çapdan çıxıb. Qismət olsa, bu ilin may ayına qədər hamısı çıxacaq.
 
- Bunu sizin külliyyatınız adlandırmaq olar?

- Yox, külliyyat deyil, seçilmiş əsərlərimdir.
 
- Gənc yazarlar Yazıçılar Birliyini mütəmadi olaraq tənqid edirlər, narazılıqlarını bildirirlər. Sizcə, o narazılıqların kökündə hansısa haqlı səbəb varmı? Yoxsa cavan olduqları üçün belə iddialarla çıxış edirlər? Bunu sizdən Yazıçılar Birliyinin baş katibi kimi yox, ağsaqqal ədəbiyyat adamı kimi soruşuram.

- Gənc yazıçılar narazıdırlarsa, haqlıdırlar. Nəyə görə? Çünki gənclik özü başdan-ayağa narazılıqdır. Gənclik ona görə narazılıqdır ki, enerjisi çoxdur, imkanı azdır.
 
- Bəs niyə imkan yaratmırsınız?

- İmkanları ona görə az deyil ki, onlara şərait yaradılmır. Ona görə azdır ki, enerjilərini istifadə edə, axarına sala bilmirlər.
 
- Cavanlıqda sizin özünüzdə də belə hallar olub?

- Belə şeylər gənclik illərində hər kəsdə olur. Çünki suyu axıtmaq üçün gərək əvvəl kanal çəkəsən. Gənclik də belədir. İstedadı, enerjisi var. Onlar kanal çəkmədikləri üçün enerjiləri hər yeri dağıdır. Belə olan təqdirdə, gənclərə elə gəlir ki, onlara imkan vermirlər.
 
- Fikrət müəllim, bir ağsaqqal, təcrübəli şair kimi dediyiniz “kanalın qazılmasında” niyə gənclərə dəstək olmursunuz, yol göstərmirsiniz?

- Bunu insana öyrətmək olmur. Məsələn, müxtəlif dərnəklər var. Görürsən ki, bir adam həm qarmona, həm nağaraya, həm klarnetə gedir, eyni zamanda şeir qafiyələndirir və bunların hamısından da az-az bilir. Amma axırda yarımçıq adam olur. Qafiyəni hamı tapar. Qafiyə tapmağa nə var ki? Ancaq şairlik o deyil. Şairlik adamın daxili mədəniyyətidir, onun istedadıdır. Belə şeylər nəsildən, kökdən gəlir. Şairlik tamam başqa bir aləmdir. Bu, min kilometr məsafəyə qaçışdır, yüz metrə qaçış deyil. Yüz metr qaçmağa hamının nəfəsi çatar. Amma şairlik ömür boyu qaçışdır. Bəlkə, doxsan yaşına çatacaqsan, amma o yaşa qədər şairlik etməlisən. Buna enerjin, istedadın olmalıdır. Əgər bu keyfiyyətlər səndə yoxdursa, get, ədəbiyyat tənqidçisi ol, yaxud da başqa sahədən yapış.
 
- Son zamanlar belə bir təəssürat yaradılır ki, şair, yazıçı içməli, çəkməli, tüfeyli həyat tərzi sürməlidir. Sizcə, bu, doğrudurmu?

- O da cavanlığın etirazıdır. Amma əslində bunlar boş şeydir. Çünki onun içdiyi vaxt da insan ömrüdür, şikayət etdiyi vaxt da. Sonra qayıdıb onları yaşaya bilməyəcək. Bir də görəcək ki, ömür qurtarıb. Ayılanda xəbər tutacaq ki, ömür keçib, cavanlıq əldən gedib. Ondan sonra nə edəcək? İnsan cavan yaşında özünü tanıdır. Yaşlananda isə işini mükəmməlləşdirir. Bu, həyatın qaydasıdır. Cavanlığı orada-burada giley-güzarla keçirmək doğru deyil.
 
- Yazıçılar Birliyinin sonuncu qurultayından xeyli vaxt keçsə də, narazılıqlar hələ də səngiməyib. Doğrudanmı birliyə rəhbərlik etmək üçün 77 yaşlı Anardan, onunla tay-tuş olan Fikrət Qocadan daha yaxşı namizədlər yox idi?

- Bu idman olsaydı, gənclər yüz faiz haqlı idilər. Ancaq şairlik, yazıçılıq həyat təcrübəsi tələb edir. Rəhbərlikdə də bu çox vacibdir. Hətta idmanın özündə də hər adamı məşqçi qoymurlar. Gərək o sahədən başın çıxsın. Biz təcrübəmizi bölüşürük, işləri səliqə-sahmana salırıq. Axı cavan adamı nə adla iş başına gətirəsən? Hansı əsərin sahibidir, bunu gətirəsən ki, gəl, rəhbərlik et. Kim ona qulaq asar? Məsələ budur.
 
- Gənclər də deyirlər ki, siz sovet ideologiyasının təsirindən çıxa bilmirsiniz, azadlıq, müstəqillik, söz azadlığının nə olduğundan xəbərdar deyilsiniz. Bu fikirlərə münasibətiniz necədir?

- Dünyanın altı qitəsinin dördünü gəzmişəm. Nəyə görə gəzirdim? Mən Vyetnama, Afrikanın ən ucqar yerlərinə gedirdim. Dəfələrlə də həmin səfərlərdə xəstələnmişəm. Niyə gəzirdim? Orada inqilab edən, vətəninin azadlığına can atan insanları görmək, indiyə kimi görmədiklərim haqda yazmaq üçün idi bütün bunlar. Bu qədər əsərlər yazmışam. Mən indiki cavanların yaşında olanda qəhrəmanlıq haqda 10-15 poema yazmışdım. Çe Gevara haqqında əsərim çıxmışdı. Onda mənim kitablarım da var idi. Həmin əsərləri dövlət götürürdü. Çünki dövlət də məndən qəhrəmanlar istəyirdi. Eyni zamanda orada vətən azadlığı var idi, həyat eşqi çırpınırdı, mən də öz xalqımın azadlığını istəyirdim. İndi azadlıqdan gileylənmək öz xalqının əleyhinə gileylənməkdir. Sən balaca ölkəsən, dörd tərəfindən nəhənglər baxır. Hamı çalışır ki, burada qarışıqlıq düşsün, hərə bir parça çırpışdırsın. Çünki bu ölkə yağlı tikədir. Sən cavanlığını boş keçirməklə əslində, ölkənin əleyhinə çıxırsan. Gərək bunları düşünəsən.
 
- Fikrət müəllim, gənc yazarlardan kimləri oxuyursunuz?

- Hamısını oxuyuram. Çünki başqa peşəm yoxdur, işim oxumaqdır.
 
- Ən çox kimi bəyənirsiniz?

- Ad demək istəmirəm. Bilmək olmur gələcəkdə hansı nə olacaq. Oxucu kimi oxuduqlarımın hamısını bəyənirəm. Bəyənmədiklərimi oxumuram. Bir az oxuyuram, xoşuma gəlməyəndə kənara qoyuram. Xoşuma gəlməyən şeyi çeynəmək məcburiyyətində deyiləm.

Elçin Tağıyev
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/318946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR