Bir şüşə arağın köləsi

Bir şüşə arağın köləsi
00:52 15 Yanvar 2015
209 Sosial
Ölkə mətbuatı
A- A+

O kişinin uşaqları araq butulkalarını satıb çörək pulu edirdilər...
Uşaq vaxtı gecəyarısı bir xəbər evimizi ayağa qaldırmışdı. Məni də... Amma olanları, dərk etmirdim, sadəcə, dizlərimi qucaqlayıb ağlayırdım. Böyüyəndən sonra o dizlər başa saldı mənə. Dizlərim başa saldı ki, o qadın, üç oğul anası niyə Kürdə batmaq, ölmək istəyirdi?.. Ona canına qıyacaq qədər güclü olmağı nə öyrətmişdi, kim öyrətmişdi, bildim.
 
Hə, o vaxt mən heç nə anlamadan gözümü qapıya dikib gözləyəndə atamgil o qadını çaydan, ölümün ağuşundan alıb evə gətirmişdilər. Ancaq yarıya qədər bata bilmişdi çaya. Balaları gözünün qabağını kəsdirib duranda gücünü itirmişdi.
 
İndi fikirləşirəm ki, bəlkə də, o qadın həyatında bircə dəfə bu qədər güclü olub. Axı həmişə içki aludəçisi olan əriylə bacara bilmədiyi üçün onu günahlandırırdılar. Bəlkə də, onu əriylə bacarmağa qoymayan o “günah” idi. Bütün hallarda o itirirdi, o əriyirdi, o yox olurdu...
 
Ancaq yenə də bir şüşə arağın köləsi olan kişiyə söz deməyə üzlərimi gəlməyəndə, güclərimi çatmayanda onun yaxasından yapışırdılar. “Kişini kişi eləyən qadındır” deyə...
 
Onların evlərinin küncündə həmişə “çubuş” butulkaları qalaqlanırdı (Evdə içməyi toy-bayram idi hələ). O kişinin uşaqları o butulkaları satıb pul edirdilər...
 
Onlar bir qarnı ac, bir qarnı tox, hər gecə evdə qopan hay-küyə görə qohum-qonşu içində utananda o balaca “çubuş” o kişiyə atalıq hissini, o uşaqlara ata sevgisini unutdurdu. Yəqin ki, elə gecəyarısı hardasa yıxılıb qalan atalarını evə daşıyanda “Ölsəydi, canımız qurtarardı” dedikləri də olmuşdu. “Oldu, deyilənlər oldu...”
 
Bir gün o ata yatağa düşdü, o atanı itirmək qorxusu yarandı. O qorxu uzun çəkdi. Axı o ata asan ölə bilməzdi... İllərlə yataq xəstəsi oldu. Dizin-dizin sürünüb otaqdan-otağa keçə biləndə sevincindən uçurdu. Vaxt oldu ki, dili günlərlə söz tutmadı. Vaxt oldu ki, güldən ağır söz bilməyən adam acıladı hər kəsi.
 
“Yaşatdıqlarının bədəlidir” dedilər, amma yandılar, yaxıldılar, ağladılar bütün dost-tanışlar. Axı yaxşı adam idi.
 
Bir də o yaxşı kişinin qadını vardı axı... Qadınlığını unutdurduğu qadını! İndi illərlə ona qan udduranın ağzına çörək loxmalayıb qoyurdu, şorba içdirirdi o qadın. “Ürəyim yanır” deyib dad eləyən ərinin yanğısını bir damcı suyla söndürməyə çatırdı gümanı. Onda o kişi ağrıdanmı, vicdan əzabındanmı zülüm-zülüm ağlayırdı. Biz həmişə ağrıdan ağladığını zənn edirdik.
 
Elə ağlaya-ağlaya da öldü. Bir gecə də bu xəbər beləcə evimizi bir-birinə qatdı, gecələrcə bu xəbərlə oyanacağımız qorxusuyla yatsaq da... Olan ölənə oldu. “Öldü, içkidən öldü, heç nədən öldü” dedilər...
 
O yaxşı kişinin oğlanları da böyüdü. Onların boynuna fəhləlik, hamballıq biçildi. Beləcə... onlar da ata oldu. Amma onlar heç vaxt bir olmağın, ailənin nə olduğunu bilmədilər. Və indi o oğlanlardan birinin övladı da ata nəfəsindən məhrumdur. Yox, o ölməyib, həbsdədir, amma nə fərqi hansı səbəbdən... 
 
Sevinc Fədai
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR