Rok, bluz və onun ifaçıları

Rok, bluz və onun ifaçıları
20:12 7 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bluz dünyada kədəri ifadə edən yeganə musiqi janrıdır. Onun kökü hələ orta əsrlərdə Amerikadakı quldarlıq quruluşu dövrünə gedib çıxır. Amerikalılar Afrikadan zənciləri zorla tutub, gəmilərlə torpaqlarında plantasiyalarda işlətməyə gətirirdilər. Uzun səyahət zamanı çoxları yolda ölür, sağ qalanlarsa tez bir zamanda materikə ayaq basmalarını arzulayırdılar. Ancaq onları nə gözlədiyini hələ təsəvvürlərinə belə gətirmirdilər. Bu zaman onlar ömürlük köç etdikləri yerlərə özləri ilə mədəniyyətlərini də daşıyırdılar. Zənci qullar yorğun iş saatından sonra bir yerə yığışaraq vətən həsrətli mahnılar oxuyurdular. Onların oxuduğu mahnıların musiqisi bluz idi. Məhz buna görə bluz kədərli musiqi sayılır. Çünki onlar doğma yurdlarından kökündən çıxarılan ağac kimi qoparılıb, yad yerlərə gətirilərək ağ insanlar üçün işləməyə məhkum edilmişdilər. Bluz musiqisi cəmi beş notdan ibarətdir. Buna "pentatonika" deyilir. Pentatonika bluza özünəməxsus bir çalar gətirir. Gitara isə bu çaları daha da rövnəqləndirir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, rok və caz bluzdan ayrılmış janrlardır. Bütün rok ifaçıları öz karyeralarına başlamazdan öncə bluzun sirlərini öyrənirlər.

Bu janrın öncülləri qara dərili Robert Johnson, John Lee Hooker və başqaları olub. Zəncilərdən sonra ağ insanlar da bu janra maraq göstəriblər. Ona görə də bluz "ağ" və "qara" olur. Demək olmaz ki, qara dərili bluz ifaçıları ağ dərililərdən yaxşı çalırlar. Bu, onların istedadından, özünü musiqiyə həsr etməsindən, ona bağlı olmasından asılıdır. Bir çox ağ dərili ifaçılar var ki, indiyədək onların adları dillər əzbəridir. Bunların sırasında Stevie Ray Vaughan, Gary Moore, Eric Clapton, qara dərililərdən isə B.B.King, Albert King, Chuck Berry və başqalarını misal çəkmək olar. Bu ifaçılar bluzun kralları sayılırlar.

B.B. Kingin məşhur "Lucille" gitarasının öz tarıxçəsi var. Arkansas klublarının birində konsert zamanı iki kişi Lucille adlı qadının üstündə dalaşmağa başlayırlar. Axırda onlar klubda yanğın törədirlər. Hamı bayıra çıxmağa tələsir. Birdən ifaçının yadına düşür ki, bahalı "Gibson" markalı gitarasını içəridə unudub. Birtəhər geri dönüb sevimli gitarasını xilas edir və o vaxtdan adını "Lucille" qoyur...

Bluz ancaq gitarada ifa olunur. Heç bir musiqi aləti bu janrın incəliklərini gitara kimi çatdıra bilmir. XX əsrin əvvəllərinə qədər akustik gitara səsinin zəifliyindən orkestrdə özünə yer tapa bilmirdi. O zaman ən çox zərb və nəfəs alətləri dəbdə idi. Ancaq 1952-ci ildə Amerikada iki firma - Fender "Telekaster"i, Gibson isə "Les Paul"u buraxdı. Bir qədər sonra Fender 1954-cü ildə özünün məşhur "Stratocaster" gitarasının istehsalına başladı. O zamandan gitara yenidən dəbə düşdü. Bir çox musiqiçilər akustik alətlərini atıb, elektrogitaraya keçdilər. Bir qədər sonra, ötən əsrin 60-cı illərinin sonlarından başlayaraq "distortion" səsi kəşf olundu. Elə bu andan da rokun tarıxı başladı.

Jimi Hendrix, yəqin çoxunuz onu tanıyırsınız, bu solaxay gitaraçı, o dövrdə qeyri-adiliyi ilə seçilirdi. Onun "All along the watchtower", "Little wing" mahnılarını bu gün də gitara ifaçıları öz proqramlarına daxil edirlər. Jimi o zamanlar "Woodstock" meydanında verdiyi konsertlərlə məşhurlaşmışdır.

Jimi Hendrix Vaşinqtonda anadan olub. Onun valideynləri afroamerikalıdır. Valideynlərinin içkiyə qurşanmağı və evdəki dava-dalaşlar Hendrixin sonrakı həyatına öz təsirini göstərdi. O özünü tənha hiss edirdi. Bu tənhalıqdan bezən oğlan gitaranı özünə dost seçmişdi. Ötən əsrin 60-cı illərinin əvvəllərində "Upsetters" y "Curtis Knight" və "Squires" kimi yerli qruplarda çıxışlar etməyə başlamışdır. O, bir çox məşhur ifaçılarla çalışırdı. İçkiyə qurşanmış J.Hendrix həm də narkotika aludəçisi idi. 20 diskindən 3-ü ("Are you Experienced?" 1967), "Bold as Love" (1967) və "Electric Ladyland" (1968) sağlığında çıxmışdı. Jimi Hendrix dünyasını dəyişəndə onun cəmi 28 yaşı vardı.

Elektrogitaranın kəşfindən sonra rok musiqisi o dövrün cavan nəslini fanatlara çevirdi. Hamı konsertlərə gedir, vaxtlarını maraqlı keçirirdilər. Stadionlarda o qədər insan toplaşırdı ki, adam əlindən tərpənmək olmurdu...

Hər bir gitara fanatı bilir ki, Carlos Santana əvvəl "Gibson"da çalırdı və onun "PRS" firmasında özünün imzalanmış gitarası vardır. Gary Moore "Gibson", Jimmy Page "Gibson", Eric Clapton "Fender", Jeff Beck "Fender", Steve Vai "İbanez", Eric Johnson "Fender", George Benson "İbanez" gitara istehsalçılarını seçmişlər. Amma o zamanlar çeşid o qədər də böyük deyildi. Buna baxmayaraq, həmin firmalar indiyədək populyarlığını qoruyub saxlaya bilmişlər.

Eric Clapton "Fender" markalı "Blackie" adlandırdığı stratocasterini 1973-cü ildə almışdı və bu, uzun illər onun əlindən düşmədi. Həmin gitaranı o, 2004-cü ilə qədər qorudu və bundan sonra auksionda 959500 dollara sata bildi.

Eric Clapton müğənni, bəstəkar, bütün dövrlərin ən məşhur gitaraçılarından biridir. Musiqiçilər arasında "Slowhand" (asta barmaq) kimi tanınır. Doğurdan da o, musiqisində Malmsteen kimi sürət nümayiş etdirmir. "Rolling Stone" jurnalında bütün dövrlərin 100 ən yaxşı gitaraçının adı olan siyahıda ikinci yeri tutur. Onun bütün yaradıcılığı boyu ifaları dəyişikliyə məruz qalsa da, bütünlükdə əsərləri bluza köklənib.

Ümumiyyətlə, rok musiqisini bir janr kimi ayırmaq mümkün deyil. Çünki tarixə nəzər yetirsək görərik ki, Jimi Hendrix, Steve Vai, Eric Johnson, Bucketheadin musiqiləri biri-birindən tamamilə fərqlənirlər. Bu sənətkarların çox fərqli çalğı üslubu vardır.

Dövr dəyişdi, ötən əsrin 80-ci illərində pop musiqisi yarandı. Onun da öz kralları vardır. Ancaq təəssüflər olsun ki, rok indi o qədər də populyar deyil. Azərbaycanda belə musiqiyə heç cavanlar da maraq göstərmir. Yaşlılar isə daha çox rokun nostaljisi ilə yaşayırlar. Düşünürəm ki, vaxtilə rokun ürəkləri fəth edən gözəlliyi, cazibəsi fanatlara, ümumən dinləyicilərə yaşatdığı mənəvi zövq yenidən qəlblərə xoş bir istilik kimi axacaq...

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/743370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR