Mir Əhməd xan Talışinskinin həyat yoldaşına hədiyyəsi - Xan sarayı - FOTO

Mir Əhməd xan Talışinskinin həyat yoldaşına hədiyyəsi - Xan sarayı - FOTO
04:32 8 Aprel 2019
152 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran xanlarının sonuncusu olan Mir Əhməd xan Talışinskinin Tiflis şəhərində keçirilən gözəllik müsabiqəsinin qalibi olmuş həyat yoldaşı Tuğra xanımın şərəfinə 1913-cü ildə tikdirdiyi möhtəşəm saray dünya arxitekturasının nadir incilərindən biridir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, fransalı memarın layihəsi əsasında inşa edilən bu tarixi abidənin tikintisində milli memarlıq elementlərindən bacarıqla istifadə olunub. Sarayın fasadları əlvan naxışlarla zəngindir.

Bina tikilərkən bir çox inşaat materialları Fransadan və Bakıdan Lənkərana gəmi vasitəsilə gətirilib.

Üçmərtəbəli saray Lənkəranın ilk çoxmərtəbəli binası olub.

Binanın şimal və qərb fasadlarına kərpic və yonulmuş ağ daş işlənib, Şərq və Cənub fasadları isə yalnız kərpicdən hörülüb.

Evin giriş hissəsi şimal fasadında yerləşir və ağ daşdandır. Şimal-Qərb fasadının birinci mərtəbəsinin küncündən bir sütun qalxır. Sütunun üstündən ikinci mərtəbə üçün ekker (bucaq qurmaq üçün vasitə) tikilib. Ekker dörd dəmir günbəzlə örtülüb.

Xan evinin tikintisində həm Qərb, həm də Şərq memarlıq elementlərindən məharətlə istifadə edilib. Bu isə binaya xüsusi orijinallıq və gözəllik verir.

Binanın birinci mərtəbəsində Mir Əhməd xanın qəbul və qonaq otaqları, ikinci mərtəbəsində Tuğra xanımın otaqları, üçüncü mərtəbədə isə keşikçilərin gözləmə otağı və silah anbarı olub.

Sovet hakimiyyəti illərində ev dövlət tərəfindən müsadirə edilib və xanın həyat yoldaşı Tuğra xanım evdən çıxarılıb.

Xan sarayı hazırda Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Muzeydə Lənkəranın qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və bu gününü əks etdirən eksponatlar nümayiş etdirilir.

Muzeyin ekspozisiyası altı bölmədən ibarətdir: təbiət, qədim dövr, orta əsrlər tarixi, yeni dövr, ən yeni dövr, müasir dövr. Bütün bölmələrdə nümayiş olunan eksponatlar öz dövrlərini əks etdirir.

Burada etnoqrafiya, arxeologiya, xalq tətbiqi sənəti və numizmatikanı əks etdirən nümunələr, Lənkəranın görkəmli şəxsiyyətlərinin şəxsi sənədləri və digər eksponatlar toplanıb.

Muzeydə, həmçinin ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sərgi də nümayiş olunur.

Lənkərana gələn qonaqların və turistlərin ziyarət məkanına çevrilmiş Xan sarayı şəhərin mərkəzində, "Dostluq" parkı ilə üzbəüz ərazidə yerləşir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/742037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR