Gömrük orqanlarında xidmətə yeni qəbul olunan daha bir qrup əməkdaşlar üçün Bakı Baş Gömrük İdarəsində növbəti təcrübə proqramı təşkil edilib.
Dövlət Gömrük Komitəsindən “Report”a verilən məlumata görə, gənc gömrükçülərə üç gün müddətində xidməti fəaliyyət zamanı tələb olunan zəruri bilik və peşə vərdişləri aşılanıb.
Onlar Bakı Baş Gömrük İdarəsində mövcud iş bölgüsü, gömrük qanunvericiliyinin tətbiqi, gömrük rəsmiləşdirilməsi, cari işlərlə əyani şəkildə tanış olmaq məqsədilə idarənin müxtəlif şöbə və postlarında peşəkar gömrükçülərlə birlikdə iş prosesində yaxından iştirak ediblər.
Xidmətə yeni qəbul olunan əməkdaşların təcrübə rəhbəri, Bakı Baş Gömrük İdarəsinin rəis müavini Zaur Bağırov bildirib ki, səmərəli şəkildə təşkil edilməsi üçün təcrübə proqramına peşəkar və təcrübəli gömrükçülər cəlb olunub. Onlar gənc gömrükçülərə hüquqpozmalara dair faktların aşkar edilməsi, gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti, sıra hazırlığı və digər zəruri mövzulara dair bilik və bacarıqlar aşılayıb, praktiki məşğələlər keçiblər.
Daha sonra gənc gömrükçülər Abşeron Logistika Mərkəzində malların boşaldılması prosesində gömrük nəzarətinin təşkili, malların Mərkəzi Gömrük Ekspertiza İdarəsinə, yəni gömrük labaratoriyasına göndərilməsi, gömrük nəzarətində olan mallardan nümunələrin götürülməsi, gömrük aktının tərtib olunması və digər əməliyyatların həyata keçirilməsi qaydaları ilə yaxından tanış olublar. Xidmətə yeni qəbul edilən əməkdaşlar mallarin xususi gömrük prosedurları altında rəsmiləsdirilməsinin təfərrüatları haqqinda geniş məlumat əldə edərək rəsmiləşdirmə prosesində iştirak ediblər. Həmçinin Abşeron Logistika Mərkəzi vasitəsilə qonşu ölkələrlə idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi, eləcə də Azərbaycan ərazisindən multimodal yük daşımalarının daha çevik şəkildə yerinə yetirilmə prosesi ilə bağlı məlumatlandırılıblar.
Qeyd edək ki, xidmətə qəbul olunan yeni əməkdaşlar bundan əvvəl Dövlət Gömrük Komitəsinin Akademiyasında bir aylıq hazırlıq kursları keçiblər.

