Hacıbaba Hüseynovun yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək

Hacıbaba Hüseynovun yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək
07:17 9 Aprel 2019
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Muğam Mərkəzində aprelin 13-də saat 19:00-da Mərkəzin "Unudulmayanlar" layihəsi çərçivəsində Xalq artisti, ustad xanəndə Hacıbaba Hüseynovun həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii musiqili tədbir keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində hazırlanıb.

XX əsrin II yarısında Azərbaycan muğam ifaçılığı sənətinə yeni bir səs gəldi.Bu səs indiyə qədər muğam ifa edən sənətkarların heç birinin səsinə bənzəmirdi. Muğam qədər əzəmətli, ürəyə yatan bu səsin sahibi sonralar muğam bilicisi kimi tanınacaq, qəzəliyyat xiridarı, Füzulu poeziyasının aşiqi, gözəl qəzəllər və təsniflər müəllifi ustad xanəndə Hacıbaba Hüseynovun səsi idi.

Hacıbaba Hüseynov 15 mart 1919-cu ildə Bakı şəhərinin Çəmbərəkənd məhəlləsində, dənizçi Hüseynəli Hacıbaba oğlunun ailəsində anadan olmuşdur. 1938-ci ildə xanəndə Zülfü Adıgözəlovun plastinkasını əldə edən Hacıbaba Hüseynov, Zülfünün oxuduqlarını təkrar edir onu yamsılıyarmış. Dostları da gənc Hacıbabaya deyərmişlər ki, sən oxuyanda elə bilirik Zülfü oxuyur. 1945-ci ildə tanınmış xanəndə Sara xanım Qədimova, Hacıbaba Hüseynovu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edir. Əhməd müəllim gənc Hacıbabanı öz ansamblına işə gətirir. Güclü hafizəsi sayəsində eşitdiyi dini musiqi nümunələrini, muğamları dərindən mənimsəmiş, əruz vəzninin qayda-qanunlarını mənimsəyərək qəzəllər yazmağa başlamışdır. Həmin vaxtlarda Hacıbaba Hüseynov ansamblla çıxış edən xanəndələrdən, musiqiçilərdən, Əhməd Bakıxanovdan muğamın incəliklərini öyrənir və ömrünün sonuna qədər Əhməd Bakıxanovu özünün əsas ustadı hesab edir. Hacıbaba Hüseynov xatirələrinin birində söyləyir ki: - "Bir gün Zülfü Adıgözəlova söyləyirlər ki, bir cavan oğlan var, nağara ifa edir və oxuyur, yaman səni yamsılıyır. Zülfü məni öz yanına konservatoriyaya çağırdı və oxumağımı xahiş etdi. Oxuyub qutarandan sonra dedi ki, yaxşı oxuyursan, amma məni yamsılama. O vaxtdan öz ifa tərzimi seçdim." Onun səs diapozonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirlimişdir.

1963-cü ildə Zülfü Adıgözəlovun vəfatından sonra, Əhməd Bakıxanov Hacıbaba Hüseynovu Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs deməyə dəvət edir. Hacıbaba Hüseynov ömrünün sonuna qədər, 30 il ərzində həmin məktəbdə dərs demiş, xanəndələr yetişdirmişdir. Xanəndənin tələbələri arasında Nəzakət Məmmədova, Qədir Rüstəmov, Səxavət Məmmədov, Zaur Rzayev, Teymur Mustafayev, Aqil Məlikov, Səfər Mirzəyev, Sabir Əliyev, Bilal Əliyev, Zabit Nəbizadə, Sahib İbrahimov və s.

Görkəmli sənətkarlarımız Ağaxan Abdullayev, Məmmədbağır BağırzadəAlim Qasımov Hacıbaba Hüseynovun birbaşa tələbələri olmasalarda, onun ifasından çox bəhrələniblər və qoyduğu məktəbin layiqincə təmsil ediblər. Hacıbaba Hüseynovun yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olmuş və muğam ifaçılığında geniş yayılmışdır.

Hacıbaba Hüseynov muğamda oxunan - Rast muğamının "Üşşaq" və "Hüseyni", Novruz-rəvəndə, digər muğamlarda olan "Şah Xətai" şöbələrinin ilk ifaçısı olub. Hacıbaba Hüseynovun təşəbbüsü ilə Bayatı-şiraz muğamının "Dilruba" şöbəsi dərsliyə əlavə olunub.

Hacıbaba Hüseynov 19 Mart 1989-cu ildə Azərbaycanın Əməkdar artisti fəxri adı, 1990-cı ilin oktyabr ayında Xalq artisti fəxri adı ilə təltif olunub.

Hacıbaba Hüseynov xalq yaracılığına da böyük diqqət vermişdir - Azərbaycanın müxtəlif bölgələrindən, habelə Türkiyə və İraqda oxunan xalq yaradıcılıq nümunələrini təsniflərdə istifadə etmişdir, beləliklə, xalqdan topladığını yeniləmiş şəkildə xalqa qaytarır, bu sənət əsərlərin daha da geniş tanınmasına zəmin yaratmışdır.

Hacıbaba Hüseynov 1989-cu ildə 70 illik yubileyindən sonra, ilk dəfə xarici səfərə, böyük bir musiqiçi və ziyalı heyəti ilə İraq səfərinə gedir. 1990-cı ildə Türkiyənin Adana şəhərinə, 1991-ci ildə 1 ay ərzində Fransanın Paris, Marsel, Leon, Monpelye, Belçikanın Brüssel şəhərlərində, İsveçrədə, Hollandiyada konsetrlər verir. Son səfəri 1992-ci ildə on iki nəfərlik musiqiçi heyəti ilə, 2 aydan artıq çəkən İran İslam Respublikasına olur, İranda yadda qalan ifalar edir.

Tədbirdə ustad xanəndənin tələbələri, sənət yoldaşları çıxış edəcək, xatirələrini bölüşəcək və öz ifalarını təqdim edəcəklər.Gecəni Azərbaycan Respublikasının Əməkdar artisti tarzən Sahib Paşazadənin rəhbərlik etdiyi ansambl müşayiət edəcək.

Qeyd edək ki, "Unudulmayanlar" layihəsi Beynəlxalq Muğam Mərkəzinin həyata keçirdiyi ən maraqlı iri miqyaslı layihələrdən biridir.Uzun illər davam edən və özünə geniş dinləyici auditoriyası toplayan bu layihə çərçivəsində böyük bəstəkar Qara Qarayevə, Bülbülcana, Xalq artistləri Həqiqət Rzayevaya, Şövkət Ələkbərovaya, tarzən Əliağa Quliyevə və başqalarına həsr olunmuş tədbirlər də bu layihə çərçivəsində baş tutub.

Növbəti tədbirlərdən biri ustad xanənədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 130 illiyi qeyd olunan Seyid Şuşinskiyə həsr ediləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/745383.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR