Beşikdən qəbrə kimi elm öyrənin

Beşikdən qəbrə kimi elm öyrənin
08:47 9 Aprel 2019
106 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu günkü xütbəmizin mövzusu elm öyrənməyin fəziləti haqqındadır. Bildiyimiz kimi, insan ruhunu idarə edən əsas qüvvə ağıldır. İnsanı kamilləşdirərək yüksək mərtəbələrə apardığı, bəzən mələklərdən də şərəfli və üstün etdiyi üçün ağıl qüvvəsini alimlər mələklərə xas olan qüvvə (mələkuti) də adlandırmışlar. Ağıl qüvvəsinin fəzilət nöqtəsi hikmət və elmdir. Həzrətş Əli (ə) buyurur: "Elm insanın ağlını sübuta yetirər. Elmi olanın ağlı da olar. Elm ağlın çırağıdır" ("Ğurəru'l-hikəm" kitabından).

Təsadüfi deyil ki, Peyğmbərimizə nazil olmuş ilk ayə "Oxu!" sözü ilə başlamışdır (Ələq surəsi). Bundan sonrakı vəhy mərhələsində isə o həzrətə "Qələmə and olsun!" ayəsi (Qələm surəsi) endirilmişdir ki Allah-Təala bu yolla müsəlmanlara oxuyub-yazmağın əhəmmiyyətini başa salmışdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, Quranın bir ayəsində elm və biliyin insana üstünlük gətirdiyi vurğulanır:

"Allah sizin aranızdan iman gətirənləri və elm-bilik kəsb edənləri yüksəldər" (Mücadələ surəsi).

Bu fikir aşağıdakı ayədə bir daha təsdiqlənir:

"De ki, məgər bilənlərlə (elmi olanlarla) bilməyənlər (elmi olmayanlar) bərabərdirmi?" (Zümər surəsi).

Sevimli Peyğəmbərimiz Həzrəti Muhəmməd (s.ə.s.) müsəlmanlara xitabən təkidlə buyururdu: "Beşikdən qəbrə kimi elm öyrənin".

Görəsən, dinimizdə elm və bilik əldə etmək nə üçün bu qədər vacib sayılır? Elmin insan üçün hansı faydaları vardır? Hədislərdən məlum olur ki, elm insanın həm dünya, həm də axirət səadətini təmin edir. İnsan özünü o zaman xoşbəxt hiss edir ki, can atdığı məqsədə yetsin. İnsan həyatının məqsədi isə Allahın əmrlərini layiqincə yerinə yetirmək və ona layiqli canişin olmaqdır. Lakin bunun üçün insana elm və bilik lazımdır. İnsan təbiətin, ətraf aləmin əsrarəngiz quruluşunu, varlıq dünyasının nizam-intizamını nə qədər çox müşahidə edib öyrənsə, Allahın varlığını daha aydın dərk edər. Onun elmi artdıqca daha qətiyyətlə inanar ki, kainat hamıdan qüdrətli, elmli, ehtiyacsız və vahid bir qüvvə tərəfindən yaradılıb və onun vasitəsilə idarə edilməkdədir. Bu yəqinliyi əldə etmək üçün hər bir elmi öyrənmək faydalıdır. Sağlam məntiqə və bəsirətə malik olan şəxs astronomiya, fizika, tibb, biologiya, kimya və s. elmlərin dərinliklərinə baş vurduqca, tövhidin yeni-yeni nişanələrini kəşf edib öz yəqinliyini möhkəmləndirmiş olar. Həzrət Muhəmməd Peyğəmbər (s.ə.s.) elə bu həqiqətə işarə edərək buyurmuşdur: "Hər kəs özünü tanısa, Rəbbini də tanıyar".

Bəzi şəxslər İslam dininin yalnız ilahiyyat elmlərinə müsbət münasibət bəslədiyini düşünürlər. Halbuki, dinimizdə həm ilahiyyat, həm də dünyəvi elmlər eyni əhəmiyyətə malikdir. Müsəlman şəxs həm sırf dini elmləri, həm də dünyəvi bilikləri əldə etməyə çalışmalıdır. Əlbəttə, bu zaman elə elmlərə üstünlük verilməlidir ki, onlara daha artıq ehtiyac olsun. Həzrəti Əlinin (ə) dili ilə desək, elmlərin vacibi odur ki, ona əməl etməyə (Allah qarşısında) cavabdeh olasan.

Əziz möminlər!

Bir məsələni yaddan çıxarmaq olmaz ki, yalnız insanlığın xeyrinə olan humanist elmləri öyrənmək lazımdır. Bədbəxtlik yaradan, əxlaqa və dinə zidd olan elmləri öyrənmək və onları həyata tətbiq etmək günahdır. Elm öyrənən şəxsin ən müqəddəs vəzifəsi öz biliyinə məsuliyyətlə yanaşması, onu xeyir və insanpərvər məqsədlərə sərf etməsidir. Əks halda, əldə olunmuş elm öz sahibinə həm dünya, həm də axirət cəzası gətirər. Müqəddəslərimiz buyurmuşlar: "Nə çoxdur elə alimlər ki, öz elmləri onların qətlinə səbəb olmuşdur!".

İmam Muhəmməd Baqirin bir hədisi deyilənləri təsdiqləyir: "Hər kəs alimlərin qarşısında qürrələnmək, səfeh adamlarla lazımsız mübahisələrə girişmək, yaxud şan-şöhrət qazanmaq naminə elm oxusa, yeri cəhənnəmdir" ("Üsul'i-Kafi" kitabından).

Müqəddəslərimiz elmi hər cür sərvətdən yüksək bilmişlər. Hədislərdə deyilir: "Elmdən daha faydalı xəzinə yoxdur". "Elm tükənməyən böyük bir xəzinədir". Peyğəmbər və imamlarımız elmi var-dövlətlə müqayisə etmiş və ona daha yüksək qiymət vermişlər. Çünki mal-dövlət oğurlana, yaxud itə bilər, halbuki, elm heç vaxt yox olmaz. Sərvət xərcləndikcə azalar, elm isə xərcləndikcə (yəni başqalarına öyrədildikcə) artar. Mal-dövlət başlı-başına buraxıla bilməz, mütləq qorunmalıdır. İnsan öz sərvətini hər cür oğrudan, soyğunçudan və təbii fəlakətdən gözləməlidir. Elm və biliyi isə təhlükədən qorumaq lazım deyil, o özü sahibini qoruyar. İnsan elm vasitəsilə dünyanın bütün təhlükəli qüvvələrindən - həm təbii fəlakətlərdən, həm də bəşəri fitnələrdən amanda qalar.

Hər birimizə bu cür elmlərə sahib olmağı arzulayır və məsləhət görürük.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/744803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR