Dövlət maliyyə nəzarət tədbirləri nəticəsində büdcəyə 15 milyon manatdan çox vəsait ödənilib

Dövlət maliyyə nəzarət tədbirləri nəticəsində büdcəyə 15 milyon manatdan çox vəsait ödənilib
12:57 9 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Ötən il Hesablama Palatası ilə bağlı yeni qanun qəbul edilib ki, bu qanun əsasında qurumun səlahiyyətləri artmaqla yanaşı, büdcə vəsaitlərinin hesablanmasına öz töhfəsini verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Parlamentin bu gün keçirilən iclasında Palatanın hesabatını təqdim edərkən deyib.

Dövlət büdcəsinin icrası ilə bağlı hesabatların sayının artırılması ilə bağlı iki qaydanın qəbul olunduğunu deyən palata sədri bildirib ki, Hesablama Palatasının ötənilki fəaliyyət hesabatda geniş şəkildə öz əksini tapıb: "Hesabatda nəzarət fəaliyyətinin nəticələri, bu fəaliyyətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, hökumət və mühafizə orqanları ilə əməkdaşlıq və digər məlumatlar yer alıb".

Palata sədri vurğulayıb ki, 2018-ci ildə ümumilikdə 58 nəzarət, 53 audit tədbiri həyata keçirilib: "109 qurumun fəaliyyəti ilə bağlı hesabat hazırlanıb. 10 təşkilatın maliyyə hesabatları ətraflı təhlil edilib. 53 audit tədbirində nöqsanlar aşkarlanıb. Ümumilikdə 2018-ci ildə 714 nöqsan qeydə alınıb. Aşkarlanan nöqsanlarda azalma müşahidə olunsa da, ümumilikdə bəzi nöqsanlar dəyişməz olaraq qalıb. Palata tərəfindən nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər də görülüb".

V.Gülməmmədov deyib ki, Hesablama Palatasının 2018-ci ildə həyata keçirdiyi dövlət maliyyə nəzarəti tədbirləri nəticəsində 15 milyon 214,9 min manat, 52,2 min avro, 224,1 min ABŞ dolları və 27,4 min İsveç frankı məbləğində vəsait dövlət büdcəsinə ödənilib.

O bildirib ki, 472,4 min manat məbləğində vəsait qurumların hesablarına və 732,2 min manat məbləğində vəsait isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinə ödənilib.

Palata sədri vurğulayıb ki, əvvəlki illərdə aparılmış tədbirlərin nəticəsi olaraq 6 milyon 584,4 min manat və 1,3 min ABŞ dolları məbləğində vəsait dövlət büdcəsinə, 172,5 min manat məbləğində vəsait isə DSMF-in büdcəsinə ödənilib.

V.Gülməmmədov əlavə edib ki, 2018-ci il üzrə 22 milyon 271,7 min manat, 52,2 min avro və 225,6 min ABŞ dolları və 27,4 min İsveç frankı məbləğində vəsaitin bərpası təmin olunub: "DSMF büdcəsinə bərpa edilmiş vəsaitin cəmi məbləği 904,7 min manat təşkil edib. Ümumilikdə isə manat ifadəsində bərpa edilmiş vəsaitin məbləği 23 milyon 176 manat təşkil edib".

Qurum rəhbəri vurğulayıb ki, hesabat ilində 21 təklif yenidən hökumətə təqdim olunub: "Bu təkliflərin 60 faizi qəbul edilərək normativ sənədlərə əlavə edilib. Bir il müddətində korrupsiya ilə bağlı mübarizə istiqamətində müvafiq qurumlarla fəaliyyət təşkil olunub. Həmin tədbirlərin 4-ü inzibati, 5-i cinayət xarakterli olub. Vətəndaş müraciətlərinin sayı ötən il daha çox olub. 64 faizi nəzarət tədbirləri ilə bağlıdır. Vətəndaşların müraciət etdiyi 3 məsələ araşdırılıb və müvafiq addımlar atılıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/745483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR