ABŞ-da azərbaycanlı ukraynalı xanımını öldürdü - TƏFƏRRÜAT

ABŞ-da 23 yaşlı ukraynalı Tatyana Qujva qətlə yetirilib. Hadisə Viskonsin ştatının Uiskonsin-Dels şəhərində baş verib. Aprelin 4-də ukraynalı öz evində ölmüş vəziyyətdə aşkarlanıb. Qətli törətməkdə şübhəli bilinən 31 yaşlı Fuad Paşayev saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Fakty.ua” portalı məlumat yayıb.

Məlum olub ki, son yarım il ərzində T.Qujva bir neçə dəfə ailə-məişət zorakılığı ilə bağlı polisə şikayət edib. Ukraynalı həyat yoldaşının onu döydüyünü, boğmağa çalışdığını, itini öldürdüyünü, hətta onu ölümlə hədələdiyini bildirib.

Yanvar ayında növbəti belə hal baş verən zaman, F.Paşayev polis tərəfindən saxlanılsa da, sonradan girov müqabilində şərti azad edilib.

Aprelin 10-da ailə-məişət zorakılığı maddəsi ilə qaldırılmış cinayət işi əsasında növbəti məhkəmə iclası keçirilməli idi. Hazırda F.Paşayev polis nəzarətindədir. Qujvanın qohumları nəşrə ailə faciəsinin təfərrüatını danışıb.

“Onlar Lvov şəhərində birlikdə oxuyublar, hələ tələbə olanda Birləşmiş Ştatlara köçüblər. 2015-ci ildə “Work and Travel” proqramı əsasında ABŞ-a yollanıb, çox bəyənərək, orada qalmaq qərarına gəliblər. Təxminən bir ildən sonra Paşayevə ərə gedib.

Tanya onun haqqında az danışardı. Bircə bilirəm ki, azərbaycanlı idi, əvvəllər avtomobillərin təmiri ilə məşğul olub. Son zamanlar nə işlədiyini bilmirəm. Tanya bu barədə heç nə danışmırdı.

Sonradan öyrəndim ki, sən demə, Paşayev Tanyadan pul oğurlayıb. Onun bank kartlarından istifadə edib, böyük kreditlərin “altına girib”, borcları ödəmək üçün Tanya çox işləməyə məcbur olub. Kredit pullarını hara xərclədiyini indiyə kimi bilmirik. Ona yalan danışıb. Guya onun evində yaşayıblar. Ancaq sonradan məlum olub ki, heç onun öz evi də deyilmiş...

Paşayev onu döyüb, əl-qolunu bağlayıb, qorxu içində saxlayıb. Məncə, ondan çox qorxub”, - deyə öldürülmüş ukraynalının əmisi qızı bildirib.

O deyib ki, martın 30-dan sonra Qujva qohumlarla əlaqəni kəsib. Bu, ona çox qəribə gəlib. Çünki martın 31-də onun Səbinə adlı qızının iki yaşı tamam olub:

“Biz Tanyaya sosial şəbəkələrdə yazırdıq. İsmarıclarımız oxunmuş kimi işarələnirdi, ancaq Tanya onlara cavab vermirdi. Sonradan ərinə yazmağa başladıq. Aprelin 1-də Paşayev Tanyanın işə tez getdiyini və guya telefonu evdə unutduğunu bildirdi. Çərşənbə axşamı isə yazdı ki, bu dəfə özü işə tez gedib, Tanya isə uşaqla yatıb. Çərşənbə günü də həmin şey.

Aprelin 4-də, cümə axşamı, ərim Paşayevə zəng etdi. Əvvəl telefonu sönülü idi, gecə yarısı isə yandırmışdı, dəstəyi qaldırdı. Ərim Tanyanın harada olduğunu soruşdu. Paşayev isə cavab verdi ki, “onu öldürmüşəm”. Bir neçə dəfə təkrarladı.

Biz əvvəl inanmadıq. Ancaq o dedi ki, qətli hələ martın 30-da qızının ad günündən əvvəl törədib. Ancaq bu, onun dedikləridir. Cinayətin dəqiq olaraq nə vaxt törədildiyini məhz polis müstəntiqləri və məhkəmə tibbi ekspertləri deyə bilər.

Biz Filadelfiyada yaşayan dostlarımıza zəng etdik. Onlar polisə çağırılıblar. Polis onların yaşadığı evə daxil olan zaman Tanyanın meyitini aşkarlayıb. Paşayevdən isə əsər-əlamət olmayıb. Ancaq çox keçmədən özü könüllü şəkildə polisə təslim olub və hər şeyi etiraf edib.

Yəqin, bu etirafına görə cəzasının yüngülləşdiriləcəyinə ümid edib. Məlumat var ki, Paşayev aprelin 4-də uşağın dayəsinə Tatyananı öldürdüyünü etiraf edib. Ancaq nədənsə heç kim polis çağırmayıb.

T.Qujvanın bacısı ona yalnız Ukrayna diasporunun nümayəndələrinin kömək etdiyini bildirir.

“Tanyanın nəşinin vətənə gətirilməsi başqa bir problem yaradıb. İlkin məlumata görə, repatriasiya azı 25 min dollara başa gələcək. Bundan başqa, Tanyanın qızının qəyyumluğu üçün hüquqi xidmətlərə pul lazımdır. Yerli hökumət bildirib ki, bu, bizim şəxsi problemimizdir. Bu qədər pulu haradan tapacağımızı bilmirik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR