"Yaşıl dəhliz" buraxılış sistemindən istifadə ilə bağlı sahibkarlarla növbəti görüş keçirilib (FOTO)

"Yaşıl dəhliz" buraxılış sistemindən istifadə ilə bağlı sahibkarlarla növbəti görüş keçirilib (FOTO)
12:01 10 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dövlət Gömrük Komitəsində "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququ əldə edən sahibkarlarla görüş keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri, aidiyyəti qurumların rəhbərləri, sahibkarlar iştirak edib.

Görüşün keçirilməsində əsas məqsəd Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, bu il fevralın 1-dən etibarən tətbiq edilən "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş xarici ticarət iştirakçılarını idxal zamanı mallarını birbaşa öz anbarlarına aparmaları və ixrac zamanı gömrük orqanına gəlmədən birbaşa gömrük-sərhəd buraxılış məntəqəsinə göndərmələri ilə bağlı məlumatlandırmaq olub.

İsmayıl Hüseynov bildirib ki, "Yaşıl dəhliz" buraxılış sisteminin istifadəyə verilməsi biznesin inkişafında, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsində, könüllü riayət mədəniyyətinin formalaşmasında, ölkənin ixrac potensialının artırılmasında, məmur-sahibkar münasibətlərinin müasir idarəçilik prinsiplərinə uyğun olaraq qurulmasında müstəsna rol oynayır. Qeyd edilib ki, Dövlət Gömrük Komitəsi tərəfindən təşkil edilən seminar, görüş və maarifləndirmə işlərinin uğurlu nəticəsi olaraq "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə edənlərin sayı mütəmadi artmaqdadır. Belə ki, indiyədək "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququnun əldə edilməsi məqsədilə 500-dən artıq müraciət qəbul edilib, onlardan 280-dən çoxu müsbət cavablandırılıb.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov qeyd edib ki, "Yaşıl dəhliz" buraxılış sisteminin daha aydın şəkildə mənimsənilməsi, asan və səmərəli tətbiqi üçün Dövlət Gömrük Komitəsində mütəxəssislərdən ibarət 24 saat fəaliyyət göstərən idxal-ixrac əməliyyatları zamanı yarana biləcək çətinliklərin operativ qaydada aradan qaldırılması ilə bağlı dəstək qrupu yaradılıb və biznes subyektlərinin təmsilçiləri onları maraqlandıran məsələlərlə bağlı istənilən vaxt gömrük orqanlarına müraciət edə bilərlər.

Görüşdə "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ əldə etmiş xarici ticarət iştirakçılarının mallarını birbaşa öz anbarlarına aparmaları ilə bağlı təqdimat nümayiş etdirilib.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, sahibkarların sualları cavablandırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3044267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR