Bakıda gecə inqilabı olacaq

Bakıda gecə inqilabı olacaq
08:32 15 Yanvar 2015
167 Sosial
Ölkə mətbuatı
A- A+

Avropa paytaxtlarında illər əvvəl adi hala çevrilmiş yeniliyin indi Bakıda edilməsinin vaxtı çatıb. Dünyanın əksər ölkələrində insanları yolda qoymamaq üçün müxtəlif üsullardan istifadə olunur. Gecə saatlarında insanların evə və ya işə çatması, daha çox xərcə düşməməsi üçün gecə marşrutları fəaliyyət göstərir. Bakı şəhərində isə gecə saat 11-dən sonra mənzil başına çatmaq insanlar üçün müşkülə çevrilir. Ya yolda gecələməlisən, ya da taksi ilə getməlisən.

Bəs Bakı şəhərində gecə marşrutları niyə açılımır? Buna ehtiyac görülmür, yoxsa mane olan səbəblər var?

Nəqliyyatçıların Problemlərinə Hüquqi Yardım İctimai Birliyinin rəhbəri Məzahir Rüstəmov Milli.Az-a açıqlamasında bildirdi ki, sovet dövründə Bakıda 24 saat işləyən marşrut taksiləri, eyni zamanda növbətçi avtobuslar olurdu. Təxminən 9-12 nəfərlik olan xırdatutumlu avtobuslar ucuz qiymətə insanları daşıyırdı. Hazırda isə gecələr şəhər əhalisi yollarda qalır, saatlarla avtobus gözləyir. Yaxşı olardı ki, müəyyən xətlər üzrə avtobuslar işləyəydi.

Ekspertin sözlərinə görə, Azərbaycan dünyada yeganə ölkədir ki, ictimai nəqliyyata gəlir sahəsi kimi baxılır. Amma nəqliyyat sistemi strateji obyekt kimi digər ölkələrdə vətəndaşların hərəkətinin tənzimlənməsi üçün dövlət tərəfindən irəli sürülmüş layihələrdir. Burada dövlət vətəndaşın rahat hərəkətini tənzimləməyə çalışır.

M.Rüstəmov hesab edir ki, başqa ölkələrdə nəqliyyat sahəsi daimi dotasiya ilə qidalanan sahədir. Rahatlığın təmini üçün dövlət tərəfindən dotasiyalar ayrılmalıdır.

“Sovet dövründə nəqliyyat sistemi iflic oldu və bu iş fiziki şəxslərin üstünə atıldı. O vaxtdan fiziki və hüquqi şəxslər daşımaları həyata keçirirlər və əsas məqsədləri gəlir əldə etməkdir. Sərnişin nəqliyyatda gəlirlə işləməyi qarşımıza qoymuşuq. Dövlət tərəfindən işlək, növbəli gecə marşrutlarının açılması məqbul sayılar. İnsanlar tərəfindən də dəstəklənər. Bunu özəl şirkətlərin üstünə atmaq olmaz və onlar bunu özlərinə ziyan hesab edəcək”, - ekspert əlavə etdi.

Bakı Sərnişin Nəqliyyat departamentinin rəis müavini Vüqar İbrahimov isə Milli.Az-a bildirdi ki, hazırda Bakı şəhərində gecə marşrutları yoxdu, ancaq gələcəkdə ola bilər. Bunun üçün qərarı Nəqliyyat Nazirliyi verə bilər. Rəis müavininin sözlərinə görə, hazırda Bakıda gecə marşrutlarına ehtiyac yoxdu:

“Gecə şəhərdə o qədər də çox adam olmur. Olimpiya oyunları ilə əlaqədar nəzərdə tutulub ki, gecələr marşrutların saatları uzadılsın. Yəqin ki, elə avtobuslar gecə marşrutu kimi fəaliyyət göstərəcək. Oyunlar gec qurtaranda insanların rahat mənzil başına çatması təmin olunsun. Biz də bayram vaxtı səhərə kimi işəyirik. Bu Yeni il səhərə kimi marşrutlar işləyib”.

Anar Məmmədov
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR