"O qırmızı vərəqə məsələni həll elədi"

"O qırmızı vərəqə məsələni həll elədi"
09:52 15 Yanvar 2015
123 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində Səudiyyə Ərəbistanın “Hacer” klubu ilə keçirilən yoxlama oyunundan (3:1) sonra qol.az saytının suallarını cavablandırıb.

- Qış fasiləsində “Neftçi” ilk yoxlama oyununa çıxdı. Komandanız necə təsir bağışladı?

- Hazırlıq prosesi çox yaxşı və intensiv şəkildə gedir. Hətta bugünki oyuna çıxmamışdan öncə də məşqimiz olmuşdu. Ona görə də bu oyunda komanda fiziki cəhətdən yorğun görünürdü. Bizim üçün belə qarşılaşmalarda əsas nəticə deyil. Çalışırıq ki, bütün futbolçulara şans verək.
 
- Keçirdiyiniz yoxlama oyununda iki hücumçu ilə meydana çıxdınız. Amma əksər hallarda biz “Nefçin”ni tək forvardla meydanda görürdük...

- Əsas məqsədimiz komandada oynayan bütün hücumçuları sınaqdan keçirməkdir. Növbəti oyunlarda da çalışacağıq ki, onların hamsını yoxlayaq. Hələlik heç bir taktiki dəyişiklik yoxdur. Növbəti oyunlarda komandanın potensialını artırmaq üçün əlimizdən gələni edəcəyik. Bu təlim-məşq toplanışında müxtəlif taktikalardan istifadə edəcəyik ki, bütün mövqelərdə futbolçuların yerini yaxşı təyin edə bilək.
 
- Elnur Allahverdiyevin komandadan getməsinin əsas səbəbi nədir?

- Bruno Bertuççi getdikdən sonra komandanın sol cinah müdafiə xəttində boşluq var idi. Yerli futbolçu baxımından həmin mövqedə klubumuzda oyunçu az olduğu üçün Elnur Allahverdiyevi komandaya kömək etməsi üçün gətirmişdik. Bir çox oyunlarda bizə çox yararlı olsa da, sonradan intizamsızlığından xəbər verdi. “Xəzər Lənkəran”la oyunda qırmızı vərəqə alması isə bizim üçün artıq hər şeyi aydınlaşdırdı və komandadan göndərildi. O, artıq azad transfer hüququna malikdir və istədiyi kluba gedə bilər. Antalyaya gəlməmişdən öncə ona bildirdik ki, artıq özü üçün komanda axtara bilər.
 
- Bu gün (dünən-red.) yoxladığınız oyunçulardan etimadınızı doğruldanlar oldumu?

- Hal-hazırda daha çox gəncləri yoxlayırıq ki, onların necə təsir bağışladığını bilək. Fəhmin, Rahil və Mirkamil bu gün daha çox ümidləri doğrultdular. Onları artıq növbəti oyunlarda da meydanda görə biləcəyik. Bu təlim-məşq toplanışında da əsas məqsədimiz komandaya yeni futbolçular qazanmaqdır.
 
- “Neftçi”nin çempionatdakı oyunlarında bu futbolçuları meydanda görə biləcəyikmi?

- Çalışacağıq ki, burada olduğumuz müddətdə bütün oyunçuları sınaqdan keçirək. Növbəti yoxlama oyunlarında onlara yenə də şans verəcəyik ki, artıq sonda əsas heyəti müəyyənləşdirək. Ola bilər ki, onlardan da kimsə əsas heyətə düşsün.
 
- Mirhüseyin Seyidovdan narazılıq edirdiz oyunda.

- Bəzi epizodlarda tez-tez top itkisi ilə yadda qalırdı. Bununla bağlı ona narazılıq edirdim. Qalan oyunlarda da bu cür hadisələrlə qarşılaşa bilərik. Çünki komanda yorğundur. Buna görə də belə hallar normaldır yoldaşlıq oyunlarında. Əsas məqsədimiz komandamızı çempionatın növbəti oyunlarına yaxşı hazırlamaqdır.
 
- Komandaya baxış üçün yeni futbolçular dəvət edəcəksiz?

- Hal-hazırda bu barədə heç nə deyə bilmərəm. Hələ təzə başlamışıq hazırlığa. Amma növbəti günlərdə hansısa mövqədə problemlər özünü göstərsə, ola bilər ki, yeni oyunçular dəvət edək.

- Rauf Əliyevin oyunu necə sizi qane etdi?

- Bəli, bu gün Rauf Əliyev bir hücumçu kimi özünü göstərə bildi. O, “Xəzər Lənkəran”da az qol vurmuşdu. Biz onunla söhbət etdik ki, ilk oyunlardan yaxşı oynayıb inam yaratmalıdır.

- Rəhman Hacıyevlə anlaşa bildinizmi?

- Rəhman Hacıyev artıq bizimlə müqavilə bağlayıb. Amma onun Türkiyədən deportasiya olunması təlim-məşq toplanışımıza qoşulmasına mane oldu. Biz də qərar verdik ki, öz klubunda məşqlərini davam etdirsin. Bakıya qayıdandan sonra “Neftçi”nin düşərgəsinə qoşulacaq.

- “Adanaspor”un menecerləri və baş məşqçisi də oyunu izləyirdilər. Dediklərinə görə, “Neftçi”nin heyətində bəyəndikləri futbolçular var. Xüsusilə Samir Məsimovu çox bəyəniblər.

- Bizim qapımız hər kəsə açıqdır. Xüsusən də gənc futbolçulara yaxşı klublardan dəvət olarsa, onun yolunu kəsmərik heç vaxt. Bu məsələ ilə bağlı heç nə deyə bilmərəm. Çünki real heç nə yoxdur. Amma Samir Məsimov daha yaxşı komandalara layiqdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/319120.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR