Zelenskinin sürpriz prezidentliyi Ukrayna və Azərbaycan üçün nələri vəd edir?

Zelenskinin sürpriz prezidentliyi Ukrayna və Azərbaycan üçün nələri vəd edir?
07:05 23 Aprel 2019
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 21-də Ukraynada keçirilmiş prezident seçkilərinin 2-ci turundan sonra bu ölkənin yeni dövlət başçısının adına aydınlıq gəlib. Ukrayna Mərkəzi Seçki Komissiyası yekun qərarını açıqlamasa da, artıq sayılan seçki bülletenlərinin və açılan protokolların hesabatı göstərir ki, seçkilərdə iştirak edən seçicilərin 70 faizindən çoxu "ZE" deyib. Belələiklə, xalqın etimadını qazanan şoumen, rejissor, prodüser, senarist, komediya aktyoru, ictimai-siyasi xadim, yəhudi əsilli Vladimir Zelenski bu ölkənin yeni prezidenti seçilib. Hətta Ukraynanın hazırki prezidenti Pyotr Poroşenko da rəqibinə zəng edərək onu qələbə münasibətilə təbrik edib.

Lakin normal siyasi təhlil qabiliyyəti olanlar bilir ki, 2 dəfə "maydan hərəkatı" yaşamış Ukraynada Zelenskinin prezidentliyi ilə burada hələ hər şeyin rəvan olacağı demək deyil. Düzdür, onun gəlişi ilə Ukraynanın inkişafında yeni mərhələnin başlandığına inanmaq olar. Amma prezident seçkilərindən sonra ölkədəki siyasi vəziyyətin daha müəmmalı və gərgin şəkil alacağını proqnozlaşdırmaq olar. Vladimir Zelenskinin qələbəsi ilə Ukraynanın Rusiya ilə münasibətlərinin qısa zamanda yaxşılacağına, xalqın ağ günə çıxacağına və Donbas məsələsinin tezliklə sülh yolu ilə həll olunacağına da ümid etmək sadəlövhlük olardı.

Zelenski qələbəsindən danışdı

 Əvvəla, seçimlərdən sonra Pyotr Poroşenko, onun tərəfdarları, milliyyətçilər, eləcə də digər əks qüvvələr Zelenskinin gənc və təcrübəsiz olduğunu əsas gətirərək bundan sonra istənilən uğursuzluğu şişirdəcək, "kloun"un verdiyi vədləri yerinə yetirə bilmədiyinə dair müxtəlif sübut və faktlar ortaya qoymağa çalışacaqlar. Zelenski isə rəqiblərini siyasi səhnədən sıxışdırmaq və istədiyi iqtisadi-siyasi islahatları həyata keçirmək üçün qətiyyətli, radikal addımlar atmalı olacaq ki, bu da konfrontasiyanı daha da gücləndirəcək.

İkincisi, nəzərə alsaq ki, payızda bu ölkədə parlament seçkiləri keçiriləcək və onu da nəzərə alsaq ki, Ukraynada hökuməti də məhz parlament formalaşdırır, o zaman yaxın yarım ildə bu ölkədə siyasi gərginliyin hansı həddə çatacağını təsəvvür etmək çətin deyil. Hətta bu gərginliyin hərc-mərclik həddinə çata biləcəyini də ehtimal etmək olar.

Üçüncüsü, üstünə qəsdən "Rusiyanın adamı" damğası vurulan Zelenski bunun belə olmadığını göstərmək üçün Rusiya ilə münasibətlərdə daha radikal mövqe tutmaq məcburiyyətində qalacaq. Ən azından yaxın 1 ildə...

Zelenskinin Azərbaycan macəraları - VİDEO - FOTO

 Dördüncüsü, bir çox ekspertlərin fikrincə, Ukrayna xalqı son seçkidə Zelenskini seçməkdənsə, daha çox Poroşenkoya "yox" deyiblər. Ona görə də "Xalqın xidmətçisi"nin baş qəhrəmanının xalqın əsl qulluqçusu olduğunu göstərməsi üçün bundan sonra da gecəsini gündüzünə qataraq çalışması, özünü hərtərəfli göstərməsi gərəkdir.

Beşincisi, qərbpərəst Poroşenkoya nifrətini gizlətməyən yumoristin Ukraynanın Qərbdəki kuratorları ilə münasibətləri nizamlaması da asan başa gəlməyəcək.

Prezident İlham Əliyev Vladimir Zelenskini təbrik edib

 Prezident olacağı təqdirdə gənc Zelenskini çox çətin və ağır günlər gözləyir. Bu çətinliyin öhdəsindən gəlmək üçün "Vova"dansa onu bu səviyyəyə gətirib çıxaran komandasının nə dərəcədə səriştəlilik nümayiş etdirməsindən daha çox şey asılı olacaq.

Zelenskinin hakimiyyəti dövründə Azərbaycan-Ukrayna əlaqələrinə gəlincə, məncə bu baxımdan narahat olmağa dəyməz. Əvvəla, V.Zelenski bundan əvvəl yumorist kimi Azərbaycanda bir neçə dəfə olub və Azərbaycana qarşı olan simpatiyasını heç zaman gizlətməyib.

Digər tərəfdən, onun yəhudi əsilli olduğunu və dünyadakı əksər yəhudilərin Azərbaycana necə müsbət yanaşdığını nəzərə alsaq, Ukraynanın yeni prezidentinin də bənzər mövqe sərgiləyəcəyi istisna deyil. Hətta ola bilər ki, onun hakimiyyəti dövründə bu əlaqələr indikindən daha çox inkişaf etsin.

Prezident İlham Əliyev Vladimir Zelenskini təbrik edib

 Qeyd edək ki, artıq Azərbaycan Prezidenti İlham Əliyev də Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskiyə məktub ünvanlayaraq onu təbrik edib, ona dost Ukrayna xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.

Məktubda həmçinin qeyd olunur: "Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir. İnanıram ki, bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimiz, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir".

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/748955.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR